- 12 Mart 14:47
E-huquq.az Mediasiya Şurasının üzvü, mediator Cabbar Həsənovun müsahibəsini təqdim edir.
- Mediasiya prosesində barışıq sazişi nədir?
- Saziş tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən yazılı razılaşmadır. Tərəflər mübahisənin özlərinə sərf edən həllinə razılaşmışlar. Mediasiya prosesi barışıqla nəticələndikdə, mediator tərəflərin iştirakı ilə onların razılaşdıqları şərtləri sadalayır. Mediatorun vəzifəsi razılaşmanı yazılı formada tərtib etmək, qəbul edilən qərarları aydın ifadə ilə, lazım gələrsə, maddələr və bəndlərlə yazmaq və tərəflərin öz imzaları ilə sənədi oxuyub təsdiq etdirməkdir. Yaxşı olar ki, tərəflər burada mediasiya prosesinin aparılmasından həm prosedur, həm psixoloji, həm də mahiyyət üzrə razı qaldıqlarını da qeyd etsinlər.
- Barışıq sazişi necə olmalıdır?
- Barışıq sazişinin qanunvericiliyə uyğun olması tələb edilsə də, mediator barışıq sazişinin qanunvericiliyə uyğunluğuna görə məsuliyyət daşımır. Bununla belə mediatorun bu funksiyası o qədər də sadə bir funksiya deyil. Mediator belə bir barışıq sazişi tərtib edərkən bir tərəfdən barışıq sazişinin işlək olmasına calışmalı, digər tərəfdən isə tərəflərə qərəzsizlik prinsipinə zidd olan tovsiyələr verməkdən cəkinməlidir.
Barışıq sazişi hazırlanarkən, onun icrası zamanı möbahisələrin yaranmasının qarşısı almaq üçün onun işlək olmasına fikir verilməlidir. Barışıq sazişinin işlək olması üçün o, detallı və icrası mümkün olmalı, həmçinin öhdəliklərin dəqiq həcmi və icra müddətləri göstərilməlidir. Barışıq sazişi detallı olmalıdır. Məsələn, tərəflərdən biri digərinə pul ödəməyi öz üzərinə götürürsə, belə öhdəliyin hansı qaydada edilməsi göstərilməlidir. Ödənişin nağd və ya nağdsız qaydada, harada edilməsi və digər detallar göstərilməlidir.
Barışıq sazişindəki öhdəliklərin icrası mümkün olmalıdır. Məsələn, tərəflərdən biri üçüncü şəxsdən asılı olan, qanunvericiliklə qadağan edilən və ya digər şəkildə icrası qeyri-mümkün öhdəliyi üzərinə götürərsə, belə barışıq sazişinin icrasında problemlər yarana bilər.
Barışıq sazişində öhdəliklərin ölçülə bilən olmasına da fikir verilməsi tövsiyə edilir. Məsələn, tərəflərin ödəməli olduqları vəsait dəqiq göstərilməlidir. Əgər belə vəsaitin üzərinə faizlər hesablanacaqsa, belə faizlər də dəqiq qeyd edilməlidir.
Barışıq sazişində həm də öhdəliklərin icrası müddəti göstərilməlidir ki, gələcəkdə bununla da bağlı mübahisə yaranmasın. Məsələn, əgər tərəflərdən biri hər hansı ödənişi etməyi və ya işi görməyi öz üzərinə götürürsə, sazişin işlək olması üçün bu, aydın göstərilməlidir.
- Sazişin icra proseduru necə tənzimlənir?
- Barışıq sazişi tərəflər və mediator tərəfindən imzalanır. barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. Əgər sazişdə ayrı hal nəzərdə tutulmayıbsa, barışıq sazişi imzalandığı gündən tərəflər üçün məcburi olur. Barışıq sazişi könüllü icra edilməlidir. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
- Saziş könüllü icra edilməzsə nə baş verir?
Cavab: Könüllü icra edilməzsə, istənilən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Əgər aşağıdakı hallar yoxdursa, məhkəmə barışıq sazişini təsdiq etməlidir:
(i) saziş qüvvədə olan qanunvericiliyə zidd deyildirsə
(ii) saziş mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmursa.
- Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
- Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair işlər üzrə icraat məhkəmədə necə aparılır?
- Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Məhkəmə ərizəyə baxarkən barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
- Barışıq sazişinin hansı detalları ictimaiyyətə və ya üçüncü şəxslərə açıqlana bilər?
- Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərindən irəli gələn hallar və ya tərəflərin razılaşdığı digər şərtlər istisna olmaqla (barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla), mediator mediasiya prosesi ərzində əldə etdiyi bütün məlumatların məxfiliyini qorumalıdır. Tərəflər mediasiya prosesi ərzində əldə olunan məlumatların mediator tərəfindən açıqlanmasına razılıq verdiyi halda, mediator belə məlumatları açıqlaya bilər.
Mediator tərəflərin mediasiya prosesi ərzində davranışı haqqında mediasiyada iştirak etməyən şəxslərə məlumat verə bilməz. Mediator Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallarda, tərəflərin mediasiya sessiyalarında iştirak edib-etməməsi və ya mediasiya nəticəsində barışıq sazişinin əldə edilib-edilməməsi barədə məlumat verə bilər.
Mediator mediasiya fəaliyyəti ilə əlaqədar qiymətləndirmə, araşdırma və ya tədqiqatda iştirak edərsə, tərəflərin anonimliyini qorumalı və məxfiliklə bağlı ağlabatan gözləntilərinə cavab verməlidir.