- 12 Mart 14:47
Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş mediatorlar tərəfindən həyata keçirilir. Bəs mediatorun hüquq və vəzifələri hansılardır?
E-huquq.az xəbər verir ki, mediatorun hüquq və vəzifələri aşağıdakılardır:
Mediatorun hüquqları:
- öz istəyi əsasında fərdi qaydada və ya mediasiya təşkilatı vasitəsilə mediasiya fəaliyyətini həyata keçirmək;
- tərəflərlə razılaşdırılmış xidmət haqqı almaq;
- mediasiya prosesində hər iki tərəflə birgə və ya ayrı-ayrılıqda görüşlər keçirmək, əməkdaşlıq etmək, onlara şifahi və yazılı tövsiyələr vermək;
- konfidensiallıq prinsipini gözləməklə ictimaiyyəti öz fəaliyyəti haqqında məlumatlandırmaq;
-. nümayəndə ilə təmsil olunan tərəflə nümayəndəni məlumatlandırmaqla birbaşa əlaqə saxlamaq;
- bu Qanunla müəyyən olunmuş digər hüquqları həyata keçirmək.
Mediatorun vəzifələri:
- bu Qanunla müəyyən olunan mediasiya prinsiplərinə riayət etmək;
- iki ildə bir dəfədən az olmayaraq təşkil olunan ixtisasartırma kurslarında iştirak edərək müvafiq sertifikat almaq;
- mediasiya zamanı tərəflərin razılığı çərçivəsində hərəkət etmək;
- mediasiya başlanana qədər tərəflərə mediasiyanın məqsədlərini, onların hüquq və vəzifələrini izah etmək;
- mediasiya bitdikdən sonra tərəflərin ona verdiyi sənədləri geri qaytarmaq;
- bu Qanunun 20.1.5-ci maddəsində nəzərdə tutulmuş qaydalara əməl etmək;
- Mediasiya Şurası tərəfindən bu Qanuna uyğun olaraq qəbul olunan qərarları icra etmək;
- bu Qanunla müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.
Mediator tərəflərə hüquqi və ya digər xidmət göstərə və ya mediasiya predmeti olan mübahisə üzrə məhkəmə və ya arbitraj (münsiflər məhkəməsi) prosesində tərəflərdən hər hansı birini təmsil edə və arbitr (münsif) qismində çıxış edə bilməz.