- 12 Mart 14:47
Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş mediatorlar tərəfindən həyata keçirilir. Mediatorun fəaliyyəti “Mediasiya haqqında” Qanunla tənzimlənir. Mediator bu Qanunun 12.2-ci və 12.3-cü maddələrində nəzərdə tutulan vəzifələrin pozulmasına görə intizam məsuliyyəti daşıyır.
E-huquq.az xəbər verir ki, mediatorun intizam məsuliyyətinə cəlb edilməsi barədə məlumat mediasiya reyestrinə daxil edilir və daxil edildiyi gündən 6 ay ərzində reyestrdə saxlanılır.
Yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı aşağıdakı intizam məsuliyyəti tədbirləri tətbiq edilir:
- xəbərdarlıq;
- töhmət;
- 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması.
Mediatora qarşı intizam tədbirləri Mediasiya Şurasının qərarı ilə tətbiq edilir. Mediatora qarşı intizam tədbirləri pozuntunun baş verdiyi tarixdən 1 il müddətində tətbiq edilir. İntizam icraatının həyata keçirilməsi qaydası Mediasiya Şurası tərəfindən müəyyən olunur.
Mediator tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmamasına və ya barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət daşımır.
İntizam məsuliyyəti mediatoru bu Qanunla müəyyən olunan vəzifələri pozması nəticəsində vurduğu zərərə görə mülki, inzibati və cinayət məsuliyyətindən, həmçinin işlədiyi mediasiya təşkilatı tərəfindən tətbiq edilən intizam məsuliyyətindən azad etmir.