Mediasiya prosesinin tətbiqi barədə müqavilədə nələr qeyd olunmalıdır?


  • 22 Sentyabr 2021 17:23

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflər arasında bağlanan “mediasiya prosesinin tətbiqi barədə müqavilə” əsasında həyata keçirilir.

E-huquq.az-ın məlumatına görə, mediasiya prosesinin tətbiqi barədə müqavilədə aşağıdakılar göstərilir:

- müqavilənin tarixi, vaxtı və tərtib olunduğu yer;

- tərəflərin adları və rekvizitləri;

- mübahisənin predmeti;

- tərəflərin seçdiyi mediator (mediatorlar) və ya mediasiya təşkilatı haqqında məlumatlar;

- mediasiya prosesi ilə əlaqədar xərclərin ödənilməsi şərtləri və qaydası;

- əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət;

- mediasiya prosesinin keçirilmə müddəti;

- mediasiya prosesinin keçirilmə qaydası;

- Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər.

Tərəflərin qarşılıqlı razılaşması ilə “mediasiya prosesinin tətbiqi barədə müqavilə”yə əlavə və dəyişikliklər edilə bilər.

“Mediasiya prosesinin tətbiqi barədə müqavilə” təmsilçi vasitəsilə bağlanıla, ona əlavə və dəyişikliklər edilə bilər. Təmsilçiyə verilən etibarnamədə bu Qanunun 22.1-ci və 22.2-ci maddələrində göstərilən səlahiyyətlər xüsusi olaraq göstərilməlidir.

Oxşar xəbərlər