Mediasiya haqqında nələri bilməliyik?


  • 29 Sentyabr 2021 10:52

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər.

Mediasiya institutu yeni yaradıldığından vətəndaşların bir çoxu mediasiya prosesi ilə bağlı kifayət qədər məlumatlı deyil və onları düşündürən bir çox suallar var.

E-huquq.az xəbər verir ki, Vəkillərin İntizam Komissiyasının sədr müavini, 20 saylı Vəkil Bürosunun müdiri, təlimçi-mediator, vəkil İlhamə Həsənova mediasiya ilə bağlı ən çox verilən sualları cavablandırıb:

Mediasiya nədir?

- Mediasiya(latın sözü olan Mediare – vasitəçilik) - mübahisələrin neytral və qərəzsiz üçüncü tərəfin-mediatorun köməkliyi ilə məhkəmədəkənar həlli metodudur. Mediasiya mübahisələrin ən yumşaq alternativ həlli metodudur. Mediasiya prosesi zamanı münaqişə tərəfləri sərbəst olaraq onları qarşılıqlı şəkildə qane edən qərar verirlər.Medator mübahisəi həll etmir, qərar vermir,tərəflərin mübahisəni həll etməsinə,qərar qəbul etməsinə kömək edir.

Mediasiya münaqişənin həll etməyə necə kömək edir?

- Mediasiya prosesi qeyri-formal şəraitdə keçirilir və problemə müxtəlif tərəflərdən baxmağa , mübahisə tərəflərinin həqiqi maraqlarını müəyyən etməyə kömək edir. Nəticə etibarilə tərəflər mübahisə ilə bağlı könüllü qarşılıqlı razılaşma əldə edirlər. Bu razılaşmanın könüllü və hər iki tərəfəfin marağına uyğun olması onun icrasını da asanlaşdırır.

Mediatorun öhdəliyi nədən ibarətdir?

- Neytral oolmaq,tərəflərə mübahisə ilə hər bir tərəfin maraqlarına uyğun qərar əldə etməyə kömək etmək,heç bir tərəfi qınamamaq, mediasiyanın nəticəsində maraqlı olmamaq ,təhlükəsiz mühit yaratmaqlla mediasiyanı aparmaq və nəzarət etmək,konfidensiallığı qorumaq.

Kim mediator ola bilər?

- Qanunvericliyə uyğun olaraq mediator kimi fəaliyyət göstərməkdən ötrü sertifikata malik olan və mediatorların reyestrində qeydə alınmış,tərəflərin seşdiyi və ya ilkin məcburi mediasiya prosesində mediasiya təşkilatının təyin etdiyi fiziki şəxs mediator olur.

Hansı hallarda mediasiya prosesinə müraciət oluna bilər?

- Mediasiya prosesi münaqişə tərəfləri arasında yaxşı münasibətlərin yaradılması və qorunub saxlanması məqsədilə istənilən mübahisə üzrə tətbiq edilə bilər.Bunun üçün tərəflər qarşılıqlı razılaşma ilə istədikləri mediatoru seçib ona müraciət edə bilərlər. Mediatorlar barədə məlumatlar mediatorların rəsmi reyestrində yerləşdirilmişdir. Qanunvericiliyimizə uyğun olaraq ailə,əmək və kommersiya mübahisələrində ilkin mediasiya nəzərdə tutulmuşdur. Bu o deməkdir ki,mübahisə tərəflərinin məhkəməyə müraciət etməzdən əvvəl ,mediasiyaya müraciət etməsi məcburidir. Əks halda mübahisə üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraaata qəbul edilməyəckdir.

İlkin mediasiya prosesinə necə başlayaq?

- Bunun üçün iddia qaldıran tərəf digər tərəfə və ya tərəflərə mediasiya prosesinin tətbiqi ilə bağlı təklif göndərir,10 gün gözləyir,təkilifə cavab gəlməsə və ya rədd cavabı gəlsə mediasiya prosesinin keçirilməsi və mediator təyin edilməsi üçün ərazi üzrə mediasiya təşkilatına( hazırda Mediasiya Şurasına) müraciət edir. Təklif və mediasiya üçün müraciətin nümunələri mediasiya.org saytında yerləşdirilmişdir. Vətəndaş qeydiyyat üçün aşağıdakı sənədləri Şuraya göndərməlidir.

1. Təklifİin 1 nüsxəsi;
2. Poçtdan təklifin gondərildiyini təsdiq edən qəbz (mediasiya təklifi edilən şəxs müraciət etdikdə bu sənədə ehtiyac qalmır);
3. Ərizə (ərizə formasını mediasiya.org saytından əldə edə bilərsiniz)
Sənədləri poçt (Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi 21 AZ1007) və ya elektron poçt (muraciet@mediasiya.org) vasitəsi ilə göndərə bilərsiniz

mediasiya.org saytında “ Mediasiya reyestri” adlə bölmədə mediatorların reyestrini,”qanunvericilik” bölməsində isə sənəd nümunələrini , “ vətəndaş müraciəti” bölməsində mediasiyaya müraciət qaydasını tapa bilərsiniz.

Mediasiya prosesinin müddəti nə qədər olur?

- Mediasiya prosesinin ümumi müddəti 30 gündən artıq olmayaraq davam edə bilər. Mübahisənin mürəkkəbliyi nəzərə alınaraq tərəflərin razılaşması ilə mediasiya prosesinin müddəti daha 30 gün müddətinə qədər uzadıla bilər. Mediasiya prosesinin keçirilməsinin konkret müddəti ümumi müddət nəzərə alınmaqla “mediasiya prosesinin tətbiqi barədə müqavilə” ilə müəyyən olunur.

Mediasiya prosesində kimlər iştirak edir?

- Mediasiya prosesində prosesə cəlb olunmuş tərəflər, mediator və ya bir neçə mediator( əgər tərəflər bu barədə razılğa gəliblərsə),tərəflərin nümayəndələri iştirak edə bilər. Tərəflərin razılaşması ilə mediasiya prosesində vəkillərin, tərcüməçilərin, müvafiq sahədə ekspert və mütəxəssislərin köməyindən istifadə edə bilər.

Mediasiya prosesi necə keçir?

- Tərəflər mediatorla birlikdə müəyyən olunmuş yerdə görüşürlər. Mediator tərəflərə mediasiya prosesinin qaydaları və proses iştirakçılarının hüquq və vəzifələri barədə məlumat verir. Öz qərəzsizliyini.neytrallığını təsdiq edir. Sonra hər bir tərəf mübahisəni təsvir edir,mövqeyini bildirir,mübahisənin həlli üçün təklif verir. Bundan sonra mediator tərəflərin marağını aydınlaşdırr, tərəflərin birgə,qarşılıqlı razılaşma ilə hər bir tərəf üçün sərfəli qərar qəbul etməsinə kömək edir. Mediatorin təklifi və tərəflərin razılğı ilə tərəflərlə ayrı ayrılıqda fərdi sesiyalar da keçirilə bilər. Sonda mediator tərəflərə barışıq sazişinin tərtib edilməsində kömək edə bilər.

Mediasiya prosesi məhkəmə araşdırmasından nə ilə fərqlənir?

- Mediasiya prosesi hər iki tərəfin istəyi ilə başlayır,məhkəmə araşdırması isə bir tərəfin iddia qaldırması ilə ,digər tərəfin və ya tərəflərun iradəsinə uyğun olmasa da başlayır. Məhkəmə hakimiyyət səlahiyyətinə malikdir, mediator isə yalnız tərəflərə onlar üçün sərfəli olan qərarın qəbulunda kömək edir. Mediasiya prosesində tərəflər əməkdaşlıq edir,məhkəmədə isə məcburetmə sistemi işə düşür. Məhkəmə prosesi prosesual qaydada bitir,məhkəmənin qəbul etdiyi qərarla bir tərəf udur,digər tərəf uduzur, mediasiyada isə uduzan tərəf olmur,qərarı tərəflər qəbul edir, saziş əldə edilirsə bu, bütün tərəfləri qane edir,tərəflər istədikləri vaxt mediasiya prosesini sonlandıra,tərk edə bilirlər.

Əgər tərəflərdən biri mediasiyada əldə edilmiş barışıq sazişi üzrə öhdəliklərini icra etmirsə nə baş verir?

- Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur.

Medisayianın xərci nə qədər olur və necə müəyyən olunur?

- Mediasiya prosesinə dair xərclərə mediatora və ya mediasiya təşkilatına ödənilən haqq, o cümlədən mübahisə mediasiya vasitəsilə müsbət həll olunduqda mediatora və ya mediasiya təşkilatına ödənilən mükafat, mediasiyanın keçirilməsi ilə əlaqədar mediatorun və ya mediasiya təşkilatının çəkdiyi xərclər, o cümlədən mübahisənin baxıldığı yerə getmək üçün yol, yaşayış və yemək xərcləri daxildir. Mediator və ya mediasiya təşkilatı mediasiyanı ödənişli əsaslarla həyata keçirir. Mediator və ya mediasiya təşkilatı öz razılığı ilə mediasiyanı ödənişsiz əsaslarla da həyata keçirə bilər.
Mediatora və ya mediasiya təşkilatına ödənilən haqqın məbləği mediasiya sessiyası başlanana qədər tərəflərlə mediator və ya mediasiya təşkilatı arasında bu bağlanan müqavilədə müəyyən olunur.

Bəs ilkin mediasiya sesiyasının keçirilməsi üçün haqqın məbləğn nə qədərdir və bunu kim ödəyir?

- İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli 308 nömrəli qərarı ilə aşağıdakı qaydada müəyyən edilmişdir:

İlkin mediasiya sessiyasının təşkil edilməsi ilə bağlı mediator və ya mediasiya təşkilatının çəkdiyi poçt, kargüzarlıq və digər cari xərclərin məbləği təsdiqedici sənədlər əsasında 10 manatdan çox olmayaraq müəyyən edilir.

Bəs ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxs nə etməlidir?

- Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə uyğun olaraq ilkin mediasiya sessiyası zamanı mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxsin mediasiya xərcləri dövlət büdcəsində bu məqsədlər üçün Mediasiya Şurasına nəzərdə tutulmuş vəsaitlər hesabına ödənilir. Bunu üçün mediasiya xərclərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan fiziki şəxs həmin xərcləri ödəmək üçün vəsaitinin olmamasını təsdiqləyən sənədİ ( fiziki şəxsin müraciəti əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir) mediatora və ya mediasiya təşkilatına təqdim etməlidir.

Oxşar xəbərlər