"Mediator kimin haqlı, kimin haqsız olduğunu aydınlaşdırmaq üçün yox, problemin həlli üçün çalışır" - İlhamə Həsənova


  • 23 Yanvar 2023 10:42

"Bəzən ailə münasibətlərində, xüsusən də cütlük uzun illər birlikdə olduqda, münasibətlərdə böhranlı anlar olur. Çox vaxt belə böhranlar yaxşı şəkildə bitmir, ailə dağılır. Ancaq bu cür çətin vəziyyətlərdən çıxış yolunu belə ifrata varmadan tapmaq olar. Kömək isə tamamilə gözlənilməz tərəfdən - mediatorlardan gələ bilər".

Bunu e-huquq.az-a açıqlamasında Mediasiya Şurasının Etika Komitəsinin sədri, Bakı 2 saylı Mediasiya Təşkilatının rəhbəri İlhamə Həsənova deyib.

O bildirib ki, son zamanlar ailə hüququ ilə məşğul olan təcrübəli hüquqşünaslar evlilik problemi ilə üzləşən müştərilərinə mediasiyaya müraciət etməyi getdikcə daha çox tövsiyə edirlər.

"Rəsmi dildə mediasiya - latınca "mediare" və ingilis dillərindən "mediation", qarşılıqlı məqbul həllə nail olmaq üçün tərəflərin könüllü razılığı əsasında mediatorun köməyi ilə mübahisələrin həlli üsuludur. Mediator mübahisə üzrə tərəflərin qərarının işlənib hazırlanmasına kömək edən neytral, bitərəf, qərəzsiz tərəflərin cəlb etdiyi müstəqil fiziki şəxsdir. Əslində, mediasiya “Nə etməli?” sualına cavab axtarışıdır. Mediasiyaya mübahisənin həllində pula, vaxta qənaət etmək və bütün mübahisənin həlli zamanı özünü emosional təhlükəsiz hiss etmək üçün müraciət edilir. Bu məqsədə ona görə nail olunur ki, mediasiya kimin haqlı, kimin günahkar olması sualına aydınlıq gətirmək yox, problemin həlli üçün konstruktiv axtarışa yönəlir. Mediasiya könüllülük, mediatorun qərəzsizliyi və neytrallığı, tərəflərin əməkdaşlığı və bərabərliyi və məxfilik prinsiplərinə əsaslanır", - deyə Komitə sədri qeyd edib.

İ.Həsənova deyib ki, insanların ailə məsələlərini məhkəmə yolu ilə həll etmələrinin bir sıra səbəbləri var: "Bu, ər-arvaddan birinin nikahın pozulmasına razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması, ər-arvad arasında əmlak mübahisələri, uşaqlarla bağlı mübahisələr, aliment öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı mübahisələr və sairdir. Belə mübahisələrin həlli adətən çox emosional olur və gizli komponentlərə malikdir. Ancaq burada problemi sülh yolu ilə həll etmək imkanı həmişə var. Vəziyyətin optimal həllini tapmağa tərəfləri istiqamətləndirmək mediatorun vəzifələrindən biridir. Mediasiyanın mübahisənin sırf texniki prosedur olan məhkəmədə həllindən əsas fərqi budur. Buna görə də ailə hüququ sahəsində mediasiya institutunun tətbiqi aktuallaşmış və çox populyarlaşmışdır. Həqiqətən, demək olar ki, hər hansı bir ailə münaqişəsində gələcək üçün yaxşı münasibətlər saxlamaqla və uşaqların, tərəflərin hüquqlarına hörmət etməklə barışıq prosedurundan istifadə etmək mümkündür".

Sonda mediator vətəndaşlara müraciət edərək mübahisələrinin həlli üçün Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etməyə çağırıb: "Bizim Mediasiya Xidmətimiz mübahisənizin həllini tapacaq. Biz "Mübahisəyə yox!", "Fikir ayrılığına yox! şüarları ilə çalışırıq. Əmin olun ki, mediatora nə desəniz, heç kim bilməyəcək, mediator sizi qınamayacaq, sizin yerinizə qərar verməyəcək. Siz prosesi istənilən mərhələdə tərk edə bilərsiniz. Mübahisəli vəziyyətin həlli tərəflərə uyğun olacaq!"

Qeyd edək ki, Bakı 2 saylı Mediasiya Təşkilatı Bakı şəhəri, Xan Şuşinski 158, ev 72 F (Şam restoranının yanı) ünvanında yerləşir.

E-mail adresi: mediasiya02@gmail.com

Əlaqə telefonları: 994124496208; +994124499111; +994705114990; +994506114990

Xəyalə Bünyatova

Oxşar xəbərlər