Ali Məhkəmədə “Çağrı Mərkəzi” yaradılacaq


  • 1 Dekabr 2021 15:01

Vətəndaşları məhkəmələrdən narazı salan səbəblərdən biri də telefon zənglərinə cavab verilməməsi ilə bağlıdır. Təkcə sıravi vətəndaşlar deyil, bir çox hallarda vəkillər də eyni problemdən şikayətlənirlər.

E-huquq.az-a danışan vəkil Qulam İsmayılzadə Ali Məhkəmədən telefon zənglərinə cavab verilməməsi ilə bağlı şikayətini dilə gətirib. Onun sözlərinə görə, dəfələrlə cəhd etməsinə baxmayaraq, Ali Məhkəmə zənglərini cavabsız qoyur.

"Düzdür, "Elektron məhkəmə" informasiya sistemindən müəyyən məlumatları əldə edə bilirik. Lakin bəzən elə hallar olur ki, lazımi informasiyanı almaq üçün məhkəmə ilə əlaqə yaratmalı oluruq. Təəssüf ki, bu halda çox ciddi çətinliklə qarşılaşırıq. Vəkil kimi mənə lazım olan hər hansı bir məsələ ilə bağlı Ali Məhkəmənin əlaqə nömrəsinə zəng edirəm, lakin cavab verən olmur. Bu, həm vətəndaşların, həm də vəkillərin işində çətinlik yaradır", - deyə vəkil qeyd edib.

Q.İsmayılzadə poblemin həlli üçün “Çağrı Mərkəzi”nin yaradılmasının uğurlu ola biləcəyini deyib: "Əslində bu problem bir çox məhkəmələrlə yaşanır. Bir müddət öncə Bakı Apellyasiya Məhkəməsində vətəndaşların məhkəməyə müraciət imkanlarının daha da genişləndirilməsi və operativliyin təmin edilməsi məqsədilə xüsusi “Çağrı Mərkəzi” yaradılıb. Bu yenilikdən sonra zənglərə cavab verilməməsi ilə bağlı problem həllini tapıb. Düşünürəm ki, Ali Məhkəmədə də eyni sistemin tətbiqi çox yaxşı olardı".

Məsələ ilə bağlı Ali Məhkəmədən e-huquq.az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu problem müvəqqəti xarakter daşıyır və yanvar ayından etibarən öz həllini tapacaq.

"Hazırda Ali Məhkəmədə struktur dəyişiklikləri aparılır. Yanvar ayının əvvəlində yeni struktur təsdiq olunacaq. Yeni strukturun daxilində qeyd olunan məsələlərlə məşğul olan əməkdaşlar da təyin olunacaq. Vətəndaşların müraciətləri ilə bağlı operativliyin təmin edilməsi məqsədilə “Çağrı Mərkəzi” yaradılacaq və çətinliklər aradan qalıdırılacaq", - deyə qeyd olunub.

Xəyalə Bünyatova

Oxşar xəbərlər