ABŞ BCM-nə qarşı sərt sanksiyalar elan etməyə hazırlaşır


  • 13:32

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə hazırlaşır.

E-huquq.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.

Məqalədə qeyd olunur ki, yeni məhdudiyyətlərin həm Haaqada yerləşən məhkəməyə, həm də onunla əməkdaşlıq edən təşkilatlara qarşı yönəldiləcəyi gözlənilir.

Təklif olunan tədbirlərə əsasən, Beynəlxalq Cinayət Məhkəməsinə məhsul və xidmətlər təqdim edən heç bir təchizatçı və onunla əməkdaşlıq edən şirkət Vaşinqtonun sanksiya siyahısına düşmək riski olmadan məhkəmə ilə iş apara bilməyəcək.

“The Times” yazır ki, məhkəmənin tərəfdarları bu addımların Beynəlxalq Cinayət Məhkəməsinin fəaliyyətinin dayandırılmasına və ya ləğvinə səbəb ola biləcəyindən narahatdırlar. Avropalı diplomat qəzetə açıqlamasında ABŞ-ın planlaşdırılan addımlarını hərbi cinayətkarların mühakimə olunmasını dəstəkləyən hər kəs üçün pis xəbər adlandırıb.

ABŞ administrasiyası daha əvvəl də Beynəlxalq Cinayət Məhkəməsinə qarşı bir neçə dəfə sanksiya tətbiq edib. ABŞ Prezidenti Donald Tramp 6 fevral 2025-ci ildə məhkəmənin rəsmilərinə qarşı məhdudiyyətlərin tətbiqini nəzərdə tutan sərəncam imzalayıb.

ABŞ hökuməti Beynəlxalq Cinayət Məhkəməsini Vaşinqton və onun müttəfiqlərinə, o cümlədən İsrailə qarşı qanunsuz hərəkətlərdə ittiham edib.

Oxşar xəbərlər