"Hakimlərin maddi təminatının yaxşılaşdırılması ilə bağlı daha çevik və sərbəst addımların atılması mümkün olacaq"


  • 23 İyun 2022 10:41

"Hakimlərin maddi təminatının ciddi şəkildə yaxşılaşdırılması özlüyündə çox mühüm məqam olsa da, məsələ “maaş artırılması” mahiyyətindən çox daha konseptual əhəmiyyətə malikdir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişikliklərə münasibət bildirərərkən deyib.

O qeyd edib ki, Konstitusiyanın 7-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir və qanunvericilik hakimiyyətini Milli Məclis, məhkəmə hakimiyyətini isə məhkəmələri həyata keçirir. İcra hakimiyyəti isə Azərbaycan Respublikasının Prezidentinə mənsubdur. Hakimiyyətin qolları qarşılıqlı fәaliyyәt göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Lakin "Məhkəmələr və hakimlər haqqında" Qanunda qeyd edilir ki, Ali Məhkəmənin sədrinə Milli Məclis Sədrinin aylıq vəzifə maaşı həcmində aylıq vəzifə maaşları müəyyən edilir və bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.

Deputatın sözlərinə görə, bu yanaşma düzgün hesab edilə bilməz: "Birincisi, qeyd etdiyimiz kimi, hakimiyyət qolunun təminatının digərindəki göstəricidən asılı olması konstitusiyada hakimiyyətlərin bölünməsi prinsipinə uyğun deyil. İkincisi, bu norma indiyədək hakimlərin maddi təminatı ilə bağlı çevik qərar qəbuluna ciddi maneə yaratmışdır. Bilirsiniz ki, cənab Prezidentin Məhkəmə hüquq sistemində islahatların dərinləşməsi haqqında 3 aprel 2019-cu il Fərmanına əsasən, hakimlərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə onların maddi təminatının əhəmiyyətli dərəcədə artırılması tövsiyə və tapşırıq kimi irəli sürülsə də, müvafiq 106-cı maddə qanunverici hakimiyyəti nəzərə almadan müstəqil addım atılmasına imkan yaratmırdı. Bu mənada dəyişikliklər qüvvəyə minərsə, gələcəkdə hakimlərin maddi təminatının yaxşılaşdırılması ilə bağlı daha çevik və sərbəst addımların atılması mümkün olacaq".

B.Məhərrəmov hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqından əlavə verilən iki aylıq əmək haqqı məbləğində müavinətin ləğv edilməsi ilə bağlı dəyişikliyi də şərh edib: "Birinci instansiya məhkəməsi hakimlərinə münasibətdə hesablasaq, burada hardasa illik 6 min manat civarında bir məbləğdən söhbət gedir ki, qanunvericiliyə təklif edilən dəyişikliklə müəyyən olunan artım bu müavinəti xeyli həcmdə üstələyir. Yəni, hakimin maddi təminatı yeni qaydalarla daha etibarlı, daha sabit və artıq formada həyata keçirilir".

Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada verilən pul təminatının dayandırılmasına gəlincə isə, "Müavinətin məqsədi aydındır, amma nəzərə alaq ki, artıq İcbari Tibbi Sığorta tədricən oturuşmaqdadır və hakimlərin məhz tibbi sığortanın imkanlarından faydalanması məntiqlidir. Burada da eyni məqama dönmək istəyirəm, ləğv edilən hər iki meyar istər illik müavinət, istərsə də müalicə üçün ayrılan vəsaitin illik ümumi həcmi dəyişikliklərlə təklif edilən artımdan ciddi şəkildə azdır, yəni, dəyişiklər yalnız və yalnız hakimlərin maddi təminatını əhəmiyyətli şəkildə gücləndirəcək. Bu da öz növbəsində Azərbaycanda konstitusion qaydada məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan cənab Prezidentin bu sahəyə diqqət və qayğısının bariz nümunəsidir", - deyə deputat bildirib.

O qeyd edib ki, "Məhkəmələr və hakimlər haqqında" Qanunda nəzərdə tutulan digər sosial müdafiə xarakterli tədbirlər bundan somra da paralel olaraq öz qüvvəsini qoruyur: "Yəni, qanuna müvafiq olaraq hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir, habelə, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün onlara vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı, o cümlədən, məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı verilir. Eyni zamanda ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Həmçinin qanun imperativ formada müəyyən edir ki, hakimin fəaliyyəti dövründə onun əmək haqqının məbləği aşağı salına bilməz".

Oxşar xəbərlər