Azər Cəfərov: "Hakimlərin sayının kifayət qədər olmaması məhkəməyə müraciət hüququnu məhdudlaşdırır"


  • 7 Dekabr 2022 12:21

"Avropa Şurası Nazirlər Komitəsinin tövsiyələrində, İnsan Haqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında ədalət mühakiməsinə asan çıxışın insanın ayrılmaz hüququ olduğu göstərilir".

E-huquq.az xəbər verir ki, bunu ədliyyə nazirinin müavini Azər Cəfərov “İnsan hüquqlarının əsas təminatları" mövzusunda konfransda çıxış edərkən deyib.

O bildirib ki, məhkəməyə əlçatanlığın təmin olunması məhkəmə quruluşundan, məhkəmələrin, hakimlərin sayından, məhkəmələrin ixtisaslaşmasından, məhkəmə icraatı prosedurlarından, onların şəffaflığından və s. bu kimi amillərdən çox asılıdır.

"Bu məsələlərlə bağlı dövlət başçısının çoxsaylı fərman və sərəncamları olub. Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsinə yönəlmiş 2019-cu il aprel Fərmanı kifayət qədər əhatəli olmaqla insan hüquqlarının müdafiəsi sahəsində qeyd olunanlar da daxil olmaqla bütün əsas prioritetləri müəyyən edir. Məhkəməyə asan müraciət ixtisaslaşmış ve regional məhkəmələrin quruluşundan çox asılıdır. Bu cür məhkəmələri insanlara, hüquqi şəxslərə yaxınlaşdırmaq üçün son 15 il ərzində xeyli işlər görülüb və bu gün ölkə ərazisində 30 belə məhkəmə fəaliyyət göstərir ki, bu da bütün məhkəmələrin dörddə birini təşkil edir", - deyə nazir müavini qeyd edib.

A.Cəfərov deyib ki, hakimlərin sayınının kifayət qədər olmaması onların iş yükünü artırır, işlərə ağlabatan müddətdə və əsassız ləngitmələrə yol vermədən baxılması kimi vacib aspektlerin pozulmasına gətirib çıxarır, ən əsası isə məhkəməyə müraciət hüququnu məhdudlaşdırır: "Dövlət başçısının ayrı-ayrı vaxtlarda qəbul etdiyi fərmanlarla nəzərdən keçirdiyimiz dövr ərzində hakimlərin ştat sayı 2,5 dəfədən çox artırılıb. Ehtiyac yarandıqca dövlətimiz tərəfindən onların sayının artırılacağı sual doğurmur. Bu məsələdə çətinlik yetərincə sayda hazırlıqlı hakimliyə namizədlərin olmamasındadır".

Oxşar xəbərlər