Ombudsman Ermənistanın törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı yenidən beynəlxalq təşkilatlara müraciət etdi


  • 25 Yanvar 12:31

"Aksiya iştirakçıları tərəfindən Laçın-Xankəndi yolunda humanitar yüklərin daşınması üçün heç vaxt maneə yaradılmayıb və hazırda da yaradılmır. Humanitar məqsədlər üçün açıq olan bu yolda hər iki istiqamətə onlarla avtomobil maneəsiz hərəkət edir".

E-huquq.az xəbər verir ki, bu sözlər Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın Ermənistanın Azərbaycana qarşı törətdiyi müharibə və ekoloji cinayətlərlə bağlı beynəlxalq insan hüquqları təşkilatlarına növbəti dəfə ünvanladığı müraciətdə öz əksini tapıb.

Müraciətdə Ermənistan Ombudsmanı tərəfindən bu günlərdə yayımlanmış açıqlamada qeyd edilən əsassız iddialarla bağlı bildirilib ki, Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının nümayəndələri və ətraf mühitin mühafizəsinə önəm verən ictimai fəallar tərəfindən Laçın-Xankəndi yolunda davam etdirilən dinc aksiya da məhz Ermənistan tərəfindən ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarı, talan edilməsi və nəticə etibarilə həmin fəaliyyətlərin səbəb olduğu ətraf mühitin ciddi şəkildə çirkləndirilməsinin qarşısını almaq məqsədi daşıyır:

"Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası 1999-cu il 9 noyabr tarixli Qanuna əsasən “Ətraf mühit ilə bağlı məsələlərdə məlumatın əldə edilməsi, ictimaiyyətin qərar qəbul edilməsində iştirakı və ədalət məhkəməsinin açıq keçirilməsi haqqında” 1998-ci il 25 iyun tarixli BMT Konvensiyasını ratifikasiya etmişdir. Bu aksiya da ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən bu Konvensiyanın tələblərinə uyğun şəkildə keçirilir.

2006-cı ildə BMT Baş Assambleyası tərəfindən qəbul edilmiş “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı Qətnamədə işğal altında olan Azərbaycan torpaqlarında törədilmiş yanğınların regionun ekoloji təhlükəsizliyinə təsirinin qiymətləndirilməsi məsələsi qaldırılmış, 2016-cı ildə Avropa Şurası Parlament Assambleyası tərəfindən qəbul olunmuş Azərbaycanın sərhədyanı rayonlarının sakinlərinin qəsdən sudan məhrum edilməsi ilə bağlı qətnamədə Ermənistan silahlı qüvvələrinin sözügedən regiondan dərhal çıxarılması, müstəqil mühəndis və hidroloqlar tərəfindən yerində təhqiqat aparılmasının təmin edilməsi tələb olunmuşdur. Bütün bunlar ciddi hüquq pozuntularının mövcud olduğunu təsdiqləyir. Bununla yanaşı, Ermənistan Respublikası tərəfdar çıxdığı “Ətraf mühitə istənilən hərbi və ya düşməncəsinə təsir vasitələrindən istifadənin qadağan edilməsi haqqında” 1976-cı il tarixli Konvensiya, “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında” 1989-cu il tarixli Bazel Konvensiyası, “Sənaye qəzalarının transsərhəd təsiri haqqında” 1992-ci il tarixli Konvensiya və digər beynəlxalq müqavilələr üzrə öhdəliklərinə də məqsədli şəkildə əməl etmir. Təsadüfi deyildir ki, Ermənistan “Transsərhəd suaxınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsinə dair” 1992-ci il tarixli Konvensiyanı ratifikasiya etməkdən də qərəzli şəkildə yayınır".

"Bir daha Ermənistan tərəfini aksiya barədə saxta məlumatlar tirajlamaq və beynəlxalq ictimaiyyəti çaşdırmaqla Azərbaycana qarşı yalnış fikir formalaşdırmaq məqsədi daşıyan qərəzli açıqlamalar verməkdənsə, uzun illər ərzində Azərbaycana qarşı törədilən müharibə cinayətlərini və ekoloji terroru dayandırmağa, Azərbaycana qarşı hərbi təcavüz nəticəsində itkin düşmüş 4 minə yaxın azərbaycanlının taleyinə aydınlıq gətirilməsinə, əsir və girov götürülmüş Azərbaycan vətəndaşlarının ağır işgəncələrə məruz qoyulmaqla qətlə yetirilməsi və nəşlərinin kütləvi şəkildə, qeyri-insani formada basdırılması faktlarını araşdırmağa, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizdə basdırılmış və günahsız insanların həyatlarının itirilməsi və ya əlilliklə nəticələnən ağır xəsarətlər almasına səbəb olan minaların dəqiq xəritələrini ölkəmizə təhvil verməyə dəvət edirəm", - Azərbaycan Ombudsmanının müraciətində vurğulanıb.

Qeyd edək ki, müraciət BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, “Human Rights Watch” və “Amnesty International” təşkilatlarına, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Oxşar xəbərlər