"MİDA-nın budəfəki güzəştli mənzil satışının şəffaf olacağına inanıram"


  • 12 Avqust 2022 15:43

Xəbər verdiyimiz kimi, Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsi üzrə 815 güzəştli mənzili satışa çıxarır. Bundan əvvəl baş tutan güzəştli mənzil satışı zamanı mənzillərin bir neçə saniyə ərzində satılması böyük müzakirələr səbəb olmuşdu. Daha sonra Dövlət Təhlükəsizliyi Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayaraq “Güzəştli mənzil” sistemi vasitəsilə 30.03.2022-ci il tarixdə keçirilmiş mənzil seçimi mərhələsinin nəticələrinin ləğv edildiyini açıqlamışdı. Mənzillərin güzəştli şəkildə seçilməsinin həyata keçirildiyi “Güzəştli mənzil” sistemi üzrə mənzillərin seçimi prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Agentliyin Dövlət Təhlükəsizliyi Xidmətinə müraciəti əsasında aparılan araşdırmalar nəticəsində bir neçə nəfərin müəyyən edilərək saxlanıldığı bildirilmişdi. Baş verən hadisə növbəti satış zamanı da bu cür kənar müdaxilələrə yol verilə biləcəyi barədə cəmiyyətdə fikirlər yaradıb. Bir çoxları prosesin şəffaf şəkildə keçirilməsinə inamını itirdiklərini bildirirlər.

Məsələ ilə bağlı e-huquq.az-a danışan Milli Məclisin deputatı Cavid Osmanov budəfəki güzəştli mənzil satışının şəffaf şəkildə həyata keçiriləcəyinə inandığını deyib.

"Sonuncu dəfə keçirilən satışda sistemə kənar müdaxilələr oldu və mənzillər bir neçə saniyə ərzində satıldı. Seçim prosesinə kənar şəxslərin qanunsuz müdaxiləsi halları ilə bağlı Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırmalar aparıldı və şübhəli şəxslər müəyyən edilərək saxlanıldı. İndi həmin şəxslər qanun qarşısında cavab verirlər. Artıq növbəti satış barədə elan verilib və yaxın zamanda proses baş tutmalıdır. Növbəti satış prosesinin şəffaf şəkildə keçiriləcəyinə inanıram. Burada artıq hər hansı bir inamsızlıqdan söhbət gedə bilməz. İnanıram ki, ötən dəfəki kiberhücumlardan sonra MİDA-nın saytında texnoloji baxımdan təkmilləşdirmə aparılıb və ciddi nəzarət təşkil olunub. Eyni zamanda onu da xüsusi qeyd etmək istəyirəm ki, son zamanlar kiberhücumların sayı son çoxalır. Bizim də müxtəlif dövlət orqanlarının, həmçinin digər qurumların saytlarına kiberhücumlar edilir. Bununla bağlı müvafiq dövlət qurumları da məlumat vermişdi. Hesab edirəm ki, MİDA da bu hücumların qarşısını almaq üçün kifayət qədər ciddi addımlar atacaq", - deyə deputat bildirib.

Qeyd edək ki, Bakı şəhəri, Yasamal rayonu, Xarici dairəvi yolu “6” ünvanında yerləşən Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsinin 4 saylı binası üzrə 64, 5 saylı binası üzrə 53, 6 saylı binası üzrə 44, 9 saylı binası üzrə 44, 10 saylı binası üzrə 64, 11 saylı binası üzrə 54, 12 saylı binası üzrə 44, 14 saylı binası üzrə 21, 17 saylı binası üzrə 44, 18 saylı binası üzrə 44, 19 saylı binası üzrə 41, 20 saylı binası üzrə 8, 21 saylı binası üzrə 44, 22 saylı binası üzrə 39, 23 saylı binası üzrə 39, 24 saylı binası üzrə 24, 25 saylı binası üzrə 72 və 26 saylı binası üzrə 72 mənzil satışa çıxarılıb. Bildirilib ki, mənzillərin satışı 15 sentyabr 2022-ci il tarixində saat 11:00-da başlayacaq və 22 sentyabr 2022-ci il tarixi saat 11:00-a qədər davam edəcək.

Rəşid Qarayev

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu