Tələbələr üçün kirayə mənzil tapmaq çətinləşdi - ƏN UCUZ MƏNZİL NEÇƏYƏDİR?


  • 16:30

Yeni tədris ilinin başlaması ilə Azərbaycanın müxtəlif rayonlarından Bakıya gələn tələbələr üçün əsas problemlərdən biri də yaşayış yeri tapmaqdır. Universitetlərdə dərslərin başlaması ilə kirayə mənzil bazarında hərəkətlilik artıb. Xüsusilə tələbələrin üstünlük verdiyi ərazilərdə münasib qiymətə mənzil tapmaq çətinləşib.

E-huquq.az xəbər verir ki, rayonlardan paytaxta gələn tələbələr həm yüksək kirayə qiymətləri, həm də ev sahiblərinin tələbə kirayəçilərə münasibəti ilə bağlı problemlərlə üzləşirlər. Bəzi tələbələr universitetə yaxın ərazidə mənzil tapmaq üçün daha yüksək kirayə ödəməli, digərləri isə daha uzaq ərazilərə üz tutmalı olurlar.

Bəs yeni tədris ili ərəfəsində Bakıda tələbələr üçün kirayə mənzil tapmaq nə dərəcədə çətindir? Hazırda tələbələrin daha çox axtardığı mənzillərin aylıq kirayə qiymətləri nə qədərdir və qiymətlər ötən illə müqayisədə necə dəyişib?

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov mövzu ilə bağlı e-huquq.az-ın suallarını cavablandırıb.

Ekspert bildirib ki, hər il yeni tədris ili ilə əlaqədar avqustun ikinci yarısından sentyabrın sonunadək kirayə mənzil bazarında ciddi çətinliklər yaranır: "Daha çox ekonom mənzillərə, yəni dəyəri 500-600 manat olan mənzillərə üstünlük verilir. Buna görə də belə mənzillərin tapılmasında ciddi problemlər yaşanır. Metronun 28 May və Nizami stansiyalarının ayrılması isə bu ildən vəziyyəti daha da çətinləşdirib".

E.Azadovun sözlərinə görə, bu dövrdə kirayə qiymətlərində artım müşahidə olunur: "Adətən bu ərəfədə qiymətlər 20-25 faizədək bahalaşır. Şəhərin daxilində kirayə ev tapmaq ciddi problemə çevrilir. Ev sahibləri oğlanlara ümumiyyətlə kirayə ev vermək istəmir. Oğlanlar kirayə ev axtaranda ev sahibləri qiyməti qəsdən qaldırırlar. Hamı çalışır ki, minimum qiymətə ev tapsın. Lakin Bakıda hazırda 400 manatdan ucuz kirayə ev tapmaq mümkün deyil. Qiymətlər 400 manatdan başlayır və 600-700 manatadək dəyişir. Mənzillərin satış qiyməti hər il təxminən 10-12 faiz, kirayə qiymətləri isə 5-10 faiz arasında yüksəlir. Kubinka və digər köhnə yaşayış ərazilərində mənzillər sökülür. Onların sökülməsi nəticəsində bazarda ilbəil təkliflər də azalır. Nəticədə kirayə bazarında qiymətlər qalxır. Urbanizasiya prosesi də qiymətlərə təsir edir. Kəndlərdən Bakıya böyük axın var. Bütün bunlar təklifin azalmasına, qiymətlərin isə artmasına səbəb olur".

Ekspert ev sahiblərinin mənzilləri daha yüksək qiymətə kirayə verməkdə maraqlı olduğunu, əksər hallarda isə müqaviləsiz kirayəyə üstünlük verdiklərini deyib: "Müqavilə olmayanda istənilən vaxt kirayəçini evdən çıxara, qiyməti artıra bilirsən".

E.Azadovun sözlərinə görə, tələbələr əsasən təhsil müəssisələrinin yerləşdiyi ərazilərə üstünlük verirlər. Bununla yanaşı, son dövrlərdə metro stansiyalarına, metro çıxışlarına və nəqliyyat dəhlizlərinə yaxın mənzillərə də tələbat artıb.

Mənzillərin otaq sayına görə qiymətlərinə gəlincə, o bildirib ki, hazırda bir və ikiotaqlı mənzillərin kirayə qiymətləri arasında ciddi fərq yoxdur. Minimum qiymət 400 manatdan başlayır. Üçotaqlı mənzillərin kirayəsi isə 550 manatdan başlayır.

"Ekonom kateqoriyaya aid, köhnə binalarda yerləşən, təmiri zəif və şəraiti aşağı olan mənzillərin qiyməti daha münasibdir. Şəhər mərkəzində isə köhnə tikililərdə mənzillərin kirayəsi 600-700 manat civarındadır. Yeni tikililərdə qiymətlər isə daha yüksəkdir", - deyə ekspert qeyd edib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər