Zaur Əliyev: “Peşəkar hüquqşünas kadrların hazırlanması üçün kifayət qədər potensialımız var” – MÜSAHİBƏ


  • 20 Sentyabr 2022 11:10

Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı, hüquq üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyevin e-huquq.az-a müsahibəsi....

- Zaur müəllim, ilk növbədə sizi Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə dekan seçilməyiniz münasibətilə təbrik edirik. Öncə fakültənin fəaliyyəti, burada təhsil alan tələbələr barədə məlumat verməyinizi xahiş edirik.

- Təşəkkür edirəm. Hüquq fakültəsi demək olar ki, Bakı Dövlət Universiteti ilə yaşıddır. Biz gələn il fakültənin 95 illiyini qeyd edəcəyik. Fakültə 1928-ci ildə yaradılıb. Əslində universitet yaradılanda Hüquq fakültəsinin də təsis edilməsi nəzərdə tutulurdu. Ancaq o vaxt milli kadrların çatışmazlığı, eyni zamanda maddi-texniki bazanın olmaması səbəbindən fakültəni yaratmaq mümkün olmadı. Hüquq fakültəsinin böyük ənənələri, zəngin tarixi var. Eyni zamanda fakültə bu illər ərzində çoxsaylı milli kadrlar hazırlayıb. Deyə bilərəm ki, Hüquq fakültəsi Bakı Dövlət Universitetinin ən böyük fakültələrindən biridir. Bizdə kontingent sayı 2 min nəfərə yaxındır. Bura tələbələr, magistrantlar, doktorantlar da daxildir. Bir məqamı da qeyd etmək lazımdır ki, bu gün fakültədə 25-ə yaxın hüquq üzrə elmlər doktoru, professor, 100-ə yaxın hüquq üzrə fəlsəfə doktoru, dosent fəaliyyət göstərir. Yəni, peşəkar hüquqşünas kadrların hazırlanması üçün kifayət qədər potensialımız, möhkəm bazamız var. Ümumiyyətlə, Hüquq fakültəsinin inkişaf tarixinə nəzər salsaq, bunu bir neçə mərhələyə bölmək olar. Ən mühüm mərhələ əlbəttə ki, ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbər təyin olunduğu dövrdən başlayır. Bilirsiniz ki, o vaxta qədər Hüquq fakültəsinə yalnız yüksək vəzifəli şəxslərin övladları daxil ola bilirdilər. Ancaq ulu öndərimiz 1969-cu ildə respublikaya rəhbər təyin olunandan sonra bu bürokratik əngəli aradan qaldırdı və Hüquq fakültəsini xalqın ixtiyarına verdi. Bu, o zaman çox böyük inqilabi addım idi. Yəni, sadə ailələrdən olan uşaqlar da artıq Hüquq fakültəsinə daxil olmağa başladılar. Ulu öndərimiz o vaxt milli kadrlarımızın hazırlanması ilə həm də müstəqilliyimizin təməlini qoyurdu. Ona qədər hüquq üzrə kadrlar əsasən rus, ukraynalı və digər millətlərdən idi. Ancaq ulu öndərimizin göstərişi ilə azərbaycanlı tələbələr ittifaqın müxtəlif ölkələrində hüquq təhsili almağa göndərildi. Onlar sonra vətənə döndülər və bizim milli kadrlarımız formalaşmağa başladı. Bundan başqa o vaxt beynəlxalq hüquq üzrə iki mərkəz vardı – biri Moskvada, digəri isə Kiyevdə. Ulu öndərimizin təşəbbüsü ilə bir mərkəz də - Beynəlxalq Hüquq Məktəbi Bakıda yaradıldı və beynəlxalq hüquqşünas kadrların hazırlanılmasına başlanıldı. Bu gün də o kadrlar müxtəlif ölkələrdə yüksək vəzifədədirlər. Növbəti inkişaf mərhələsinə nəzər salsaq, bu yenə də ulu öndərimizin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonrakı dövrə aiddir. Artıq ulu öndərimizin əsas diqqət yetirdiyi sahələrdən biri yenə də təhsil sahəsi oldu, bir sıra aktlar, dövlət proqramları qəbul olundu. Ana qanunumuz olan Konstitusiya qəbul olundu və burada da təhsil hüququ öz əksini tapdı. Ulu öndərimizin layiqli davamçısı, cənab Prezident İlham Əliyev tərəfindən bütün sahələrə olduğu kimi, təhsilə də yüksək diqqət və qayğı göstərilir. Cənab Prezidentin uzaqgörən, müdrik siyasəti nəticəsində elmlə təhsilin vəhdəti olan bir qurum – Elm və Təhsil Nazirliyi yaradıldı. Çünki təhsilin əsasında məhz elm dayanır. Bu baxımdan cənab Prezidentin bu fərmanı çox təqdirəlayiqdir və bizim qarşımızda bir çox vəzifələr qoyur. Bir növ təhsil sahəsində yeni islahatların mərhələsini təşkil edir. Eyni zamanda cənab Prezidentlə yanaşı, Azərbaycanda təhsilin əsas himayədarı Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadır. Məhz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən təhsillə bağlı çox böyük layihələr həyata keçirilir. Hətta ucqar kəndlərdə belə Fond tərəfindən müasir məktəb binaları inşa edilir. Mehriban xanımın təhsil sahəsinə çox böyük diqqəti var. Bizim də əsas vəzifəmiz ondan ibarətdir ki, cənab Prezidentin təhsil, hüquq sahəsində həyata keçirdiyi islahatlarla uzlaşaq. Yəni, cənab Prezidentin qarşıya qoyduğu vəzifələrə, məqsədlərə çatmaq üçün biz də öz əlimizdən gələni etməliyik.

- Fakültədə təhsil alan tələbələr daha çox hüququn hansı sahəsinə maraq göstərir?

- Əvvəl tələbələr daha çox cinayət hüququ, cinayət prosessual hüquqa üstünlük verirdilər. Bilirsiniz ki, hüquq da inkişaf edir, bir yerdə dayanmır. Yeni ixtisaslar yaranır, yeni istiqamətlər müəyyənləşir. Buna görə deyə bilərəm ki, son dövrlər insan hüquqları hüququna, vergi hüququna, kommersiya hüququna, inzibati hüquqa, əqli mülkiyyət hüququna maraq artıb. Yəni, görürük ki, tələbələrin bu sahələrə böyük marağı var.

- Zaur müəllim, Hüquq fakültəsində yeni ixtisasların yaradılması nəzərdə tutulurmu?

- Mən bir qədər fakültənin strukturu haqqında da məlumat verim, sonra bu məsələyə toxunacağam. Hazırda bizdə 12 kafedra, 1 hüquq klinikası, 1 kriminalistika laboratoriyası və 2 mərkəz fəaliyyət göstərir. Bunlardan biri Dəniz və Enerji Hüququ Mərkəzidir ki, ABŞ-ın nüfuzlu Tüleyn Universiteti ilə əməkdaşlıq çərçivəsində, Müqayisəli Hüquqi Araşdırmalar Mərkəzi isə Almaniyanın Halle-Vittenberq Universiteti ilə əməkdaşlıq çərçivəsində yaradılıb. Eyni zamanda bizdə magistratura üzrə 20 ixtisaslaşma mövcuddur. 2022-ci ildə yeni yaradılan ixtisaslaşmalar isə vergi hüququ və ekologiya hüququdur. Ekologiya hüququ ixtisasında 2 yer Azərbaycan bölməsi, vergi hüququ ixtisasında isə 10 yer olmaqla, 5 Azərbaycan, 5 yer isə ingilis bölməsi üçün nəzərdə tutulub. Hüquq fakültəsində dərslər 3 dildə - Azərbaycan, ingilis və rus dillərində keçirilir. Eyni zamanda biz gələcəkdə mədəniyyət hüququ üzrə ixtisaslaşmanın yaradılmasını da nəzərdə tuturuq. Çünki bizim mədəni, tarixi, dini abidələrimiz torpaqlarımız işğal altında olan dövrdə ermənilər tərəfindən dağıdılıb. Ona görə də bu ixtisasın yaradılması mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, Əqli Mülkiyyət Agentliyinin idarə heyətinin sədri, professor Kamran İmanovun təşəbbüsü və dəstəyi ilə yeni Əqli mülkiyyət hüququ kafedrası yaradılıb. Əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə biz Fransanın Lyon 2 Universiteti ilə əməkdaşlıq edirik. Dərslərin bir hissəsi Agentlikdə keçirilir. Bizim Fransanın Lyon 2 Universiteti, Qazaxıstanın Əl-Fərabi adına Milli Universiteti, Litvanın Vilnüs Universiteti və Almaniyanın Halle Vittenberq Universiteti ilə ikili diplom proqramlarımız mövcuddur. Deməli, əqli mülkiyyət hüququ ixtisaslaşması üzrə magistraturaya qəbul olmağa maraq göstərən tələbə bizə 3-cü kursun sonunda müraciət edir və biz onu fransız dili kursuna cəlb edirik. Həmin tələbə Bakı Dövlət Universitetinin maliyyəsi hesabına 1 il müddətinə fransız dilini öyrənir. Əgər həmin ixtisaslaşma üzrə magistraturaya qəbul olursa, magistraturada təhsil aldığı müddətdə intensiv fransız dili kursu keçir. Kursu bitirəndən sonra fransız dilini mükəmməl bilir. Bu magistrantlar məzun olanda həm Bakı Dövlət Universitetinin diplomunu, həm də Fransanın Lyon 2 Universitetinin diplomunu alacaqlar.

- Həmin tələbələrə gələcəkdə Fransada təhsillərini davam etdirmək imkanı yaradılırmı?

- Əlbəttə. Onlar istəsələr, doktorantura pilləsi üzrə Fransada təhsil ala bilərlər. Yəni bu, onların istəyindən asılıdır. Necə ki, Fransanın vətəndaşı diplom alır, bu proqram üzrə təhsil alan bizim tələbələr də bu diploma sahib olmaq imkanı qazanır.

- Azərbaycanda tibbi hüquq sahəsinin inkişafının vacibliyi haqqında fikirlər səsləndirilir. Sizin buna münasibətiniz necədir?

- Bizdə magistraturada tibbi hüquq ixtisaslaşması var və bu sahədə kadr hazırlayırıq. Bu həm yeni, həm də vacib sahədir. Bilirsiniz ki, bir çox yeni sahələr var, məsələn, gen mühəndisliyi inkişaf edir, eyni zamanda indi beynəlxalq ictimaiyyəti narahat edən məsələlərdən biri də klonlaşdırma məsələsidir. Bəzi ölkələrdə insanların klonlaşdırılması sahəsində təcrübələr aparıldı. Bunlar hamısı hüquqla əlaqəlidir. Bu gün tibb alimləri qarşısında dayanan ən mühüm vəzifələrdən biri insanın mükəmməl gen xəritəsinin hazırlanması, sağalmaz xəstəliklərin əlacını tapmaqdır. Burada tibblə hüququn vəhdəti yaranır. Çünki insan üzərində ekspertiza aparmaq birbaşa hüquqa təsir edir, son nəticədə insan ləyaqətinə toxunur. Bizim Konstitusiyada da göstərilib ki, insan ləyaqəti toxunulmazdır, qorunur.

- Zaur müəllim, Hüquq fakültəsinin tələbələri beynəlxalq tədbirlərdə, yarışlarda iştirak edirlərmi? Ümumiyyətlə, dekan kimi onların hazırlıq səviyyəsindən razısınızmı?

- Əminliklə deyə bilərəm ki, tələbələrimiz çox qabaqcıl tələbələrdir. Bunu misallarla da göstərə bilərəm. Əqli mülkiyyət hüququ üzrə Tunisdə beynəlxalq olimpiada keçirildi. Orada əqli mülkiyyət hüququ üzrə təhsil alan magistrantımız Ümumdünya Əqli Mülkiyyət Təşkilatının qızıl medalına layiq görüldü. Bu, çox böyük uğurdur. Eyni zamanda tələbələrimiz bu yaxınlarda Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təşkil olunan beynəlxalq məhkəmə yarışmasında 1-ci yerə layiq görüldülər, sertifikatla təltif olundular. Orada 1-ci yeri tutmaq üçün ingilis dilini mükəmməl səviyyədə bilmək lazımdır. Çünki bu, beynəlxalq məhkəmə yarışmasıdır və iştirakçılardan ingilis dilində akademik fikir yürütmək tələb olunurdu. Ümumiyyətlə, bizdə müvəffəqiyyət göstəricisi 90 faizdən çoxdur. Məsələn 1-ci kurs üzrə müvəffəqiyyət göstəricisi 93 faiz, 2-ci kurs üzrə 92 faiz, 3-cü kurs üzrə 94 faizdir. Eyni zamanda 600-dən çox bal toplayaraq ali məktəblərə qəbul olmuş tələbələrin müvəffəqiyyət göstərici 97 faizdir. Universitet üzrə ən çox Prezident təqaüdçüsü bizim fakültədədir. Ən yüksək ümumi müvəffəqiyyət göstəricisi bakalavr üzrə Elvin Kərimli 98,81 faiz, magistratura üzrə Sara Ağamalıyeva 99,85 faizdir. Sara xanım İsveçin dövlət təqaüd proqramının qalibi olub və hazırda təhsilini Stokholm universitetində davam etdirir. Mən bu xəbəri eşidəndə çox təsirləndim, çünki bu, ölkəmiz adına çox böyük uğurdur. Təsəvvür edin, ora dünyanın 400-dən çox universitetindən 8 min tələbə müraciət etmişdi, ancaq onların arasından bizim tələbəmiz seçildi. Mən onunla söhbət elədim, dedim, ümid edirəm ki, sən təhsilini başa vurandan sonra ölkəmizə qayıdacaqsan və Vətənimizə, dövlətimizə ləyaqətlə xidmət edəcəksən. Mən may ayında dekan seçildikdən sonra ilk işim tələbələrlə görüşmək oldu. Hər kursun tələbələri ilə ayrı-ayrılıqda görüşdüm və onlara dedim ki, bizim yolumuz ulu öndərimiz Heydər Əliyevin müəyyən etdiyi yoldur, cənab Prezidentin, Mehriban xanımın işıqlı yolu ilə irəliləyirik. Tələbələrə bildirdim ki, siz gənclərin üzərinə böyük məsuliyyət düşür. Bu fakültəni bitirənlər peşəkar hüquqşünas olmalıdırlar. Çünki bizim peşəkar hüquqşünaslara ehtiyacımız var. Demişəm ki, əsas məqsədimiz şəffaflıq və obyektivlikdir. Müəllimin əsas missiyası nədən ibarətdir? Tələbəyə keyfiyyətli bilik ötürmək. Çünki biz məsuliyyət daşıyırıq. Elə tələbə var ki, müəllimin ötürdüyü biliyi tam qəbul edir, eləsi var qismən, eləsi də var ki, qəbul etmək istəmir. Tələbələr bilməlidirlər ki, onların gələcək taleyi öz əllərindədir və universitetdə həll olunur. Mən də istəyirəm ki, bizim məzunlar həm də beynəlxalq məhkəmə orqanlarında, BMT-nin Beynəlxalq Məhkəməsində, Beynəlxalq Cinayət Məhkəməsində, Avropa İnsan Hüquqları Məhkəməsində çalışsınlar. Ancaq harada olmaqlarından asılı olmayaraq, azərbaycanlı olduqlarını gərək unutmasınlar, Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutsunlar. Beynəlxalq səviyyədə də bizim tələbələr öz sözlərini deyirlər. Tələbələrimiz Philip C. Jessup Beynəlxalq Məhkəmə Müsabiqəsində iştirak edib və uğur qazanıblar.

Bakalavr səviyyəsi üzrə 143 tələbə Yekun Dövlət Attestasiya Komissiyası qarşısında buraxılış işlərini müdafiə etdi. Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev şəxsən özü komissiyaya rəhbərlik edərək müdafiəni keçirdi və tələbələrin hazırlıq səviyyəsindən razı qaldı.

- Bildiyimizə görə, İkinci Qarabağ müharibəsinin iştirakçıları arasında Hüquq fakültəsinin də xeyli sayda yetirməsi olub...

- 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi və biz qələbə qazandıq. Vətən müharibəsində fakültəmiz də şəhid verdi. Hüquq fakültəsinin məzunu Ceyhun Şalıyev torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Döyüşlərdə göstərdiyi şücaətə görə ölkə başçısı tərəfindən medallarla təltif olundu. O, çox nümunəvi tələbələrdən idi. Bundan başqa, fakültəmizin 50-dək məzunu Vətən müharibəsində iştirak edib. Onların arasında qiyabi təhsil alan tələbəmiz də var idi. Biz təkcə savadlı, bilikli tələbələr deyil, eyni zamanda vətənpərvər gənclər yetişdiririk. Hesab edirəm ki, bu, çox mühüm amildir. Tələbələrlə görüşlərimdə də hər zaman deyirəm ki, siz gənclər cənab Prezidentin ətrafında sıx birləşməlisiniz. Necə ki, 44 günlük Vətən müharibəsində biz xalq olaraq yumruq kimi birləşdik və xalqdan güc alan Ali Baş Komandanın rəhbərliyi ilə qələbə qazandıq, bundan sonra da hər birimiz, o cümlədən də gənclər Prezidentin ətrafında sıx birləşməlidir ki, yeni-yeni qələbələr qazanaq, yeni-yeni zirvələri fəth edək.

- Bu gün Hüquq fakültəsində tədrisin daha da təkmilləşdirilməsi üçün hansı işlər görülməlidir?

- Hesab edirəm ki, artıq tədris prosesində daha müasir metodlar tətbiq olunmalı, tələbələrin biliklərinin qiymətləndirilməsi meyarları dəyişməlidir. Fikrimcə, bu prosesdə kazuslardan daha çox istifadə edilməlidir. Mühazirələr interaktiv qaydada keçməlidir. Ənənəvi metodlar artıq yavaş-yavaş sıradan çıxır. Əvvəllər müəllim 90 dəqiqə ərzində müharizə deyirdi, tələbələr də yalnız dinləyirdi. İndi bunu bir qədər dəyişmək lazımdır. Tələbələrə konkret işlər vermək lazımdır. Onlar üçün məhkəmə simulyasiyaları təşkil etmək lazımdır. Hesab edirəm ki, bilikləri bu cür formalaşdırmaq lazımdır. Nəzəriyyə ilə təcrübənin vəhdəti olmalıdır. Nəzəriyyə, əlbəttə ki, çox vacibdir, tələbələr nəzəri biliklərlə silahlanmalıdır. Bundan sonra praktikaya keçmək lazımdır. Məsələn, müəyyən fənlər üzrə tələbəyə müqaviləni təqdim etmək və orada olan çatışmazlıqları soruşmaq lazımdır. Məsələn, “Müqavilədə nələr öz əksini tapmalıdır”, “Müqavilədə hansı müddəlar olmalıdır” kimi standart suallar verməkdənsə, müqaviləni tələbəyə verib, onunla tanış olmasına və oradakı nöqsanları, çatışmazlıqları qeyd etməsini tapşırmaq lazımdır. Yəni əzbərçilik metodundan imtina etmək lazımdır. Biz əzbərçilikdən uzaqlaşmalıyıq. Əlbəttə, tələbə bütün qanunları, məcəllələri əzbərləyə bilməz. Amma hüquqşünas bilməlidir ki, konkret halda hansı normativ-hüquqi akta müraciət etməlidir. Biz bu məsələlərə diqqət yetirməliyik. Hüquqi düşüncənin, hüquqi təfəkkürün düzgün formalaşması çox önəmli məsələdir. Hüquq fakültəsinin missiyalarından biri də bundan ibarət olmalıdır.

- Əvvəllər Hüquq fakültəsinin tələbələri arasında daha çox hüquq-mühafizə orqanları, prokurorluqda çalışmaq istəyi üstünlük təşkil edirdi. İndi bu sahədə vəziyyət necədir?

- Bəli, hüquq-mühafizə orqanlarına, prokurorluq orqanlarına, məhkəmə sisteminə maraq var. Deyə bilərəm ki, prokurorluq orqanlarına imtahan verənlərin əksəriyyəti bizim fakültənin məzunlarıdır. Ancaq son dövrdə müşahidə edirik ki, vəkillik sahəsinə maraq artıb. Məsələn, Vəkillər Kollegiyası və Gənclər Fondu tərəfindən “Vəkil olmaq istəyirəm” adlı yay məktəbi təşkil olundu və orada 90 faiz bizim tələbələr idi. Eyni zamanda məzunlarımız özəl sektorda, beynəlxalq qurumlarda da hüquqşünas kimi çalışmaq istəyirlər. Yəni, burada konkret bir istiqamət göstərmək olmaz.

- Zaur müəllim, qonşu ölkələrlə müqayisədə Azərbaycanda hüquqşünasların sayının azlığı müşahidə olunur. Sizcə, bunun səbəbi nədir?

- Bəli, bu fikirlə razıyam ki, hüquqşünas kadrların çatışmazlığı hiss olunur. Məsələn, bizdə vəkil sayı da çox deyil. Son dövrlərdə çox böyük irəliləyişlər oldu, Vəkillər Kollegiyası tərəfindən böyük işlər görülür. Maraq böyükdür, ancaq buna baxmayaraq yenə də vəkillərin sayını qaneedici hesab etmək olmaz. Eyni zamanda hakimlərə də bunu aid etmək olar. Ümid edirik ki, gələcəkdə bu problem öz həllini tapacaq.

- Ölkəmizdə və beynəlxalq səviyyədə tanınmış hüquqşünasların, alimlərin tələbələrlə görüşü təşkil olunurmu?

- Mənim dekan kimi fəaliyyətə başladığım gündən indiyə kimi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hakimi, hüquq üzrə elmlər doktoru, professor Lətif Hüseynov iki dəfə bizim fakültədə olub. Lətif Hüseynov həm də uzun illər bizim fakültənin müəllimi olub, dekan müavini vəzifəsində də çalışıb. Bizim planlarımız var ki, tanınmış şəxsləri, alimləri fakültəyə dəvət edək, onlarla tələbələrin görüşünü təşkil edək. Hesab edirəm ki, bu, tələbələr üçün olduqca faydalı olacaqdır.

- Hazırda cəmiyyətdə hüquqi maarifləndirməni, hüquqi yardıma əlçatanlıq səviyyəsini necə qiymətləndirirsiniz?

- Hüquqi maarifləndirmə sahəsində müəyyən boşluqlar var. Açığı, bu sahədə vəziyyəti qənaətbəxş adlandırmaq olmaz. Məsələn, mətbuatda, KİV-də hüquqla bağlı maarifləndirici yazılara az-az rast gəlirik. Eyni zamanda hesab edirəm ki, televiziyalarda, internet portallarında hüquqla bağlı xüsusi verilişlər, rubrikalar olmalıdır. Bir faktı deyim ki, məhz ulu öndərin göstərişi ilə 1970-ci ildə universitetdə Hüquq məsləhətxanası yaradıldı və burada insanlara ödənişsiz hüquqi məsləhətlər verilirdi. İndi də bizdə Hüquq klinikası var və bu klinikanın əsas istiqamətlərindən biri də hüquqi yardımın göstərilməsidir. Azərbaycanda bütövlükdə hüquqi maarifləndirmə daha da gücləndirilməlidir. Əhalinin müxtəlif təbəqələri arasında bu işlər görülməlidir, çünki bu gün buna ehtiyac var.

- Zaur müəllim, Hüquq fakültəsində neqativ hallara qarşı mübarizə aparılırmı? Bəzən tələbələr imtahanın nəticəsinin obyektiv qiymətləndirilməsində çətinliklə qarşılaşırlar...

- Mən tələbələrlə və müəllimlərlə ilk görüşümdə dedim ki, biz Hüquq fakültəsini su kimi şəffaf etməliyik. Tələbələrə demişəm ki, neqativ hallara qarşı mübarizədə siz də mənə kömək etməlisiniz. Yəni, belə hal baş verərsə, biz dərhal bunun qarşısını almalıyıq. Bu barədə müəllimlərə, kafedra müdirlərinə də bildirmişəm ki, şəffaflığı birlikdə təmin etməliyik. Burada çalışan hər kəs şəffaf olmalıdır. Ümumiyyətlə, var gücümlə çalışacağam ki, neqativ hallara yol verənlər cəzalandırılsın. Dediyim kimi, burada 2 min nəfərə yaxın kontingent var və onların hamısına bir-bir nəzarət etmək qeyri-mümkündür. Ona görə tələbələrə də demişəm ki, arzuolunmaz halla qarşılaşanda bunu desinlər, gizlətməsinlər. Ümumiyyətlə, Hüquq fakültəsində təmiz, vicdanlı, peşəkar müəllimlər çoxdur və biz addım-addım bu işləri görməliyik. Hüquq fakültəsinin əsas missiyası dərin biliklərə, geniş dünyagörüşünə, analitik düşüncə tərzinə, innovativ tədqiqat vərdişlərinə yiyələnmiş, milli-mənəvi və əxlaqi dəyərləri yüksək olan, dövlətçiliyə sadiq, vətənpərvər, hüquqi dövlət quruculuğuna və hüquqi islahatlara töhfə verə biləcək mütəxəssislərin hazırlanmasından və hüquq elminin inkişafını təmin etməkdən ibarətdir. Bir məqamı da qeyd etmək istəyirəm ki, dövlət başçısı tərəfindən məhkəmə-hüquq sahəsində həyata keçirilən siyasətlə uzlaşmaqdan ötrü Hüquq fakültəsində ciddi islahatların həyata keçirilməsinə kəskin ehtiyac vardır. İnanıram ki, bu işin öhdəsindən layiqincə gələcəyik.

Oxşar xəbərlər

  • 23 Aprel 13:04
Sabahın hava proqnozu