Prezident Medianın İnkişafı Agentliyinin Nizamnaməsini təsdiqlədi


  • 12 Yanvar 19:17

Prezident İlham Əliyevin 12 yanvar 2021-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Nizamnaməsi təsdiq edilib.

E-huquq.az-ın məlumatına görə, nizamnaməyə əsasən, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (bundan sonra – Agentlik) medianın inkişafının dəstəklənməsi, media sahəsində mütəxəssislər hazırlanması və onların əlavə təhsilinin təşkili, audiovizual, çap, onlayn media subyektlərinin və informasiya agentliklərinin (bundan sonra – media subyektləri), habelə jurnalistlərin və digər media işçilərinin fəaliyyətinin, eləcə də media sahəsində yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması istiqamətində (bundan sonra – müvafiq sahə) fəaliyyət göstərən publik hüquqi şəxsdir.

Agentlik ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Agentlik bu Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.

Agentliyin müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampları və blankları, loqotipi (emblemi) var.

Agentliyin rəsmi adı tam halda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi, qısaldılmış halda MEDİA-dır.

Agentliyin idarəetmə orqanları Müşahidə Şurası və İcraçı direktordur. Agentliyin Müşahidə Şurası (bundan sonra – Şura) Agentliyə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir.

Şura Azərbaycan Respublikası Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr və 6 (altı) üzvdən ibarətdir. Şura ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərir.

Şura qərar qəbul etməkdə müstəqildir.

Şuranın sədri ildə azı bir dəfə Şuranın iclasını çağırır və iclaslara sədrlik edir.

İcraçı direktor Agentliyin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir. İcraçı direktor Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. İcraçı direktorun onun təqdimatı əsasında Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən iki müavini var.

Agentliyin nizamnamə fondunun məbləği 285 405 (iki yüz səksən beş min dörd yüz beş) manatdır.

Agentliyin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikasının Prezidenti, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada Agentliyin idarəetmə orqanları həyata keçirirlər.

Agentliyin fəaliyyətinə dair illik hesabat Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir.

Agentliyin ləğvini və yenidən təşkilini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.

Oxşar xəbərlər