"Milli birliyin əldə edilməsi üçün yeni siyasi münasibətlərin formalaşması da önəmli idi”


  • 1 Dekabr 2020 16:25

“Qələbənin əldə edilməsində milli birlik nə qədər önəmli idisə, milli birliyin əldə edilməsi üçün yeni siyasi münasibətlərin formalaşması da bir o qədər önəmli idi”.

Bu sözləri politoloq e-huquq.az-a açıqlamasında Yusif Bağırzadə Prezident Adminstrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin ölkədə aparılan siyasi islahatlar və yaranmaqda olan yeni siyasi münasibətlərlə bağlı fikirlərini şərh edərkən deyib. O bildirib ki, Prezident İlham Əliyev hələ 2018-ci ildə andiçmə mərasimində islahatların yeni dalğasını anons edib, ölkənin ictimai-siyasi-mədəni həyatının hər bir sahəsini əhatə edən çoxşaxəli islahatların yeni mərhələsi başlanıb.

"Hakimiyyətin bütün qollarında-qanunverici, icraedici və məhkəmə hakimiyyətlərində aparılan davamlı islahatlar nəticə etibarilə ölkənin ictimai-siyasi həyatının mənzərəsini müsbət mənada dəyişdirmişdir. Nazirlər Kabinetində, Milli Məclisin Aparatında, hüquq-mühafizə orqanlarında struktur və kadr dəyişiklikləri aparılmış, 2019-cu ilin noyabrında Prezident Administrasiyasının yeni strukturu təsdiqlənmiş, ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsi yaradılmışdır. Bu, ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlıq qurulması, habelə Milli Məclis ilə daha müntəzəm əlaqələrin təşkilinə verdiyi əhəmiyyətdən irəli gəlirdi.

2020-ci il parlament seçkilərində bütün siyasi qüvvələrin, siyasi partiyaların maneəsiz iştirakına şərait yaradılması sayəsində Milli Məclisin yeni tərkibdə, çoxpartiyalılığa əsaslanmaqla yenidən formalaşması islahatlara çox mühüm bir töhfədir. Nəticə etibarilə mütləq çoxluqda olan YAP üzvləri və bitərəflərlə yanaşı mandat qazanmış 8 müxalifət partiyasının üzvləri də müstəqil Azərbaycanın parlamentarizm tarixində ilk dəfə həm Milli Məclisin, həm də daimi komitələrin rəhbərliyində təmsil olunmuşlar.

Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin yaradılması və onun rəhbərliyinə Ədalət Vəliyevin gətirilməsi nəticəsində Azərbaycanın siyasi həyatı daha konstruktiv dinamikaya köklənmiş, siyasi ittihamlar, eləcə də siyasi partiyalarla hakimiyyət qolları arasındakı mənfi meyillər, demək olar ki, aradan qaldırılmışdır. Məhz bu şöbənin fəaliyyəti nəticəsində uzun müddət qeydiyyat problemləri səbəbilə fəaliyyətində problemlər olan partiyaların dövlət qeydiyyatına alınması təmin olunmuş, Qurultay keçirilməsində problemlər olan partiyalara qurultaylarını keçirmək üçün müvafiq şərait yaradılmışdır. Nəticədə siyasi partiyaların fəaliyyətinə olan süni maneələr ortadan qaldırımışdır", - deyə politoloq qeyd edib.

Y.Bağırzadənin sözlərinə görə, ölkədə yeni siyasi münasibətlərin formalaşmasındakı ən mühüm məqamlardan biri də müvafiq şöbənin, onun müdiri Ədalət Vəliyev cənablarının və eləcə də şöbə əməkdaşlarının siyasi partiyalara fərq qoymadan partiya sədrləri ilə keçirdiyi görüşlərlə bağlıdır: "Zaman məhdudiyyəti qoyulmayan görüşlərdə müstəqilliyin qorunması, milli həmrəylik, korrupsiyaya qarşı mübarizə, iqtidar-müxalifət dialoqunun inkişafı, yeni siyasi konfiqurasiyanın formalaşması, Prezidentin islahatlar kursu, çoxpartiyalı sistemin inkişaf perspektivləri, ölkənin tolerant və sülhpərvər imicinin qorunması, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüz siyasəti və digər aktual ictimai-siyasi mövzular müzakirə edilmişdir. Cənab prezidentin də qeyd etdiyi kimi indiki genişmiqyaslı islahatlar dövründə siyasi islahatların aparılması mütləqdir və bu islahatlar partiyalararası geniş dialoq olmadan həyata keçirilə bilməz. Məhz aparılan siyasi dialoqun məntiqi nəticəsidir ki, Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si, oktyabrın 10-da Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı tutduğu ədalətsiz mövqeyə dair 50 siyasi partiya, oktyabrın 12-də Ermənistanın yeni hərbi təcavüzü, dinc sakinləri, uşaqları, mülki obyektləri, beynəlxalq nəqliyyat-kommunikasiya və tranzit xətlərini hədəfə alması haqqında 50 siyasi partiya sədri daxil olmaqla 140 tanınmış ziyalı, ictimai-siyasi fəal, etnik azlıqların nümayəndələri, oktyabrın 17-də Ermənistan silahlı qüvvələrinin yaşayış məntəqələrimizi mütəmadi olaraq raket atəşinə tutması, mülki əhaliyə qarşı müharibə cinayətləri törətməsi, Gəncəyə dəhşətli hücumu haqda 50 siyasi partiya, noyabrın 25-də Fransa Senatında Dağlıq Qarabağdakı qondarma qurumun tanınması məsələsinə baxılması ilə bağlı 49 siyasi partiya beynəlxalq və regional təşkilatlara birgə bəyanat və müraciətlər ünvanlamışlar. Tam məsuliyyəti ilə demək olar ki, Azərbaycanın müstəqillik tarixində fəaliyyətdə olan siyasi partiyaların əksəriyyətinin iştirakı ilə ilk dəfə keçirilən görüşlər, qəbul edilən birgə müraciət və bəyanatlar birmənalı olaraq siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edir”.

Oxşar xəbərlər