WUF13: Dayanıqlı şəhərlər üçün şəhər xidmətlərinin həlledici rolu


  • 10:35

XXI əsr getdikcə daha çox şəhərlər əsri kimi qəbul edilir. Şəhərlər bəşəriyyətin üstünlük təşkil edən yaşayış məkanına çevrilərək əhalini, iqtisadi fəaliyyəti, innovasiyaları, infrastrukturu, mədəniyyəti və siyasi təsiri özündə cəmləşdirir. Birləşmiş Millətlər Təşkilatının (BMT) məlumatına görə, hazırda dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır və yaxın onilliklərdə bu göstəricinin daha da artacağı gözlənilir.

Şəhərlər həm ölçü, həm də mürəkkəblik baxımından genişləndikcə əsas məsələ artıq yalnız şəhər mühitinin yaradılması deyil, onun uzunmüddətli, dayanıqlı, yaşayış üçün əlverişli və səmərəli fəaliyyətinin təmin edilməsidir.

Məhz bu kontekstdə BMT urbanizasiya və onun nəticələrinin müzakirəsi üçün qlobal platforma kimi Ümumdünya Şəhərsalma Forumunu (World Urban Forum – WUF) təsis etmişdir. Zaman keçdikcə WUF çərçivəsində aparılan müzakirələr şəhərlərin böyüməsi və inteqrasiyası mövzusundan daha çox dayanıqlılıq, iqlim dəyişikliklərinə uyğunlaşma, infrastrukturun davamlılığı və şəhər idarəçiliyi kimi praktiki məsələlərə yönəlmişdir.

Ümumdünya Şəhərsalma Forumu 2001-ci ildə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təsis edilmişdir. Forumun yaradılması urbanizasiyanın müasir dövrün ən mühüm qlobal transformasiyalarından birinə çevrilməsi ilə bağlı beynəlxalq ictimaiyyətin artan anlayışını əks etdirirdi. Forumun ilk sessiyası 2002-ci ildə Nayrobi şəhərində keçirilmişdir.

Forum qanunverici orqan kimi deyil, hökumətlər, bələdiyyələr, şəhərsalma mütəxəssisləri, alimlər, mühəndislər, özəl sektor nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları və beynəlxalq institutlar arasında dialoq platforması kimi nəzərdə tutulmuşdur.

Onun əsas məqsədi bilik mübadiləsi aparmaq, şəhərlərin qarşılaşdığı problemləri müəyyən etmək, dayanıqlı şəhər inkişafını təşviq etmək və əvvəlcə UN-Habitat, sonradan isə 2016-cı ildə Kitoda qəbul edilmiş Yeni Şəhər Gündəliyinin həyata keçirilməsinə dəstək vermək olmuşdur.

İllər ərzində keçirilən forumlar şəhər prioritetlərinin qlobal səviyyədə necə dəyişdiyini əks etdirmişdir. İlk forumlarda əsas diqqət şəhərlərin böyüməsi, mənzil çatışmazlığı, yoxsulluğun azaldılması, gecəqonduların yenilənməsi və sosial inteqrasiyaya yönəlmişdisə, sonrakı forumlarda iqlim dəyişiklikləri, infrastrukturun dayanıqlılığı, “ağıllı şəhər” texnologiyaları, mobillik sistemləri və inteqrə olunmuş şəhər idarəçiliyi daha çox müzakirə olunmağa başlanmışdır.

Bəzi forumlar beynəlxalq şəhər siyasətinin formalaşmasına xüsusi təsir göstərmişdir:

WUF7 – Medellin (2014): şəhər bərabərliyi, inteqrə olunmuş ictimai nəqliyyat və inklüziv ictimai məkanlar;

WUF9 – Kuala-Lumpur (2018): dayanıqlı şəhər xidmətləri və uzunmüddətli maliyyələşdirmə mexanizmləri;

WUF10 – Əbu-Dabi (2020): “ağıllı şəhərlər”, rəqəmsal idarəetmə və texnologiya əsaslı şəhər idarəçiliyi;

WUF11 – Katovitse (2022): iqlim dəyişikliklərinə uyğunlaşma, dayanıqlılıq və köhnələn infrastrukturun transformasiyası.

Bu forumlar şəhərlərin yalnız genişlənən məkanlar deyil, davamlı idarəetmə, uyğunlaşma və texniki xidmət tələb edən mürəkkəb sistemlər kimi qəbul edilməsinə səbəb olmuşdur.

WUF gündəliyinin inkişafında mühüm mərhələ 2016-cı ildə BMT tərəfindən Yeni Şəhər Gündəliyinin qəbul edilməsi olmuşdur. Bu sənəd dayanıqlı, inklüziv, davamlı və ekoloji məsuliyyətli şəhər inkişafını təşviq edir və kompakt şəhərlərə, ictimai nəqliyyata, əlçatan mənzil siyasətinə, yaşıl infrastruktura, iqlim dayanıqlılığına və vətəndaş iştirakına xüsusi önəm verir.

Forum hüquqi baxımdan məcburi beynəlxalq sənədlər qəbul etməsə də, onun təsiri böyükdür. WUF qlobal şəhər siyasətinin istiqamətlərini formalaşdırır, milli inkişaf strategiyalarına təsir göstərir, beynəlxalq maliyyələşdirmə prioritetlərini müəyyənləşdirir və şəhərlər arasında əməkdaşlığı təşviq edir.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13)

2026-cı ildə Bakıda keçirilmiş WUF13 şəhərlərin dayanıqlılığı və yaşayış qabiliyyəti ilə bağlı qlobal müzakirələrin mühüm davamı olmuşdur.

Forum "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri" şüarı altında keçirilmişdir.

Mövzunun seçilməsi bir sıra qlobal problemlər - əlçatan mənzil böhranı, şəhər əhalisinin sürətli artımı, iqlim dəyişikliklərinin yaratdığı fəlakətlər, köhnələn şəhər infrastrukturu, miqrasiya təzyiqləri, şəhərlərdə sosial bərabərsizliklə bağlı artan narahatlıqları əks etdirirdi.

Forumda hökumətlər, bələdiyyələr, beynəlxalq təşkilatlar, elmi-tədqiqat institutları, urbanistika mütəxəssisləri və vətəndaş cəmiyyəti nümayəndələri iştirak etmişdir.

Müzakirələr mənzil siyasəti, dayanıqlı infrastruktur, ağıllı şəhər texnologiyaları, iqlim dəyişikliklərinə uyğunlaşma, şəhər mobilliyi, ekoloji davamlılıq, münaqişədən sonrakı şəhər bərpası kimi mövzuları əhatə etmişdir:

Forumun əsas nəticələrindən biri “Bakı Fəaliyyətə Çağırış” sənədinin qəbul edilməsi olmuşdur.

Bu sənəd hüquqi məcburiyyət yaratmasa da, dayanıqlı şəhər inkişafı və şəhərlərin davamlılığının gücləndirilməsi istiqamətində geniş beynəlxalq konsensusu əks etdirir.

Sənəddə aşağıdakı prioritetlər müəyyən edilmişdir:

- Mənzilin sosial sabitlik və insan rifahının əsas elementi kimi tanınması;
- İqlimə davamlı şəhər infrastrukturunun inkişafı;
- Kompleks şəhər planlaşdırılması və idarəçiliyinin təşviqi;
- Hökumətlər, bələdiyyələr, icmalar və özəl sektor arasında əməkdaşlığın gücləndirilməsi;
- Dayanıqlı maliyyələşdirmə və uzunmüddətli şəhər investisiyalarının təşviqi.

176 ölkədən 57 min nəfərin qatıldığı Forum iştirakçı sayına görə rekord göstərici ilə yadda qaldı və qlobal miqyasda böyük maraq doğurduğunu nümayiş etdirdi. WUF13 Azərbaycanın beynəlxalq əməkdaşlığa önəm verən, innovasiyaları təşviq edən və dayanıqlı inkişaf məqsədlərini prioritet hesab edən ölkə kimi mövqeyini ön plana çıxardı. Belə nüfuzlu tədbirin Bakıda təşkili Azərbaycanın dünya miqyasında artan nüfuzunu və beynəlxalq tərəfdaşlar üçün etibarlı ölkə olduğunu bir daha ortaya qoydu. Tədbir ölkənin beynəlxalq imicinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, iqtisadi və peşəkar əməkdaşlıq baxımından da yeni perspektivlər açdı.

Şəhərlərin texniki xidməti dayanıqlı inkişafın əsası kimi

WUF13 yalnız nəzəri müzakirə platforması deyil, həm də texniki xidmətin və adaptiv şəhər idarəçiliyinin əhəmiyyətini nümayiş etdirən praktik nümunə olmuşdur.

Şəhərlərin texniki xidməti çox vaxt şəhərsalma və yeni tikinti layihələri ilə müqayisədə lazımi diqqət görmür. Siyasi və ictimai diqqət adətən yeni binalara, magistral yollara, körpülərə və iri infrastruktur layihələrinə yönəlir, çünki onlar daha görünən olur və inkişafın simvolu kimi qəbul edilir. Lakin şəhərlərin uzunmüddətli dayanıqlılığı daha çox mövcud sistemlərin düzgün saxlanılması və idarə edilməsindən asılıdır.

Texniki xidmət tikinti qədər görünən olmasa da, şəhərin təhlükəsizliyini, funksionallığını, dayanıqlığını və yaşamaq üçün əlverişliliyini müəyyən edən əsas amillərdən biridir. Yollar, drenaj sistemləri, ictimai nəqliyyat, yaşayış binaları, kommunal xidmətlər, parklar və rəqəmsal infrastruktur daim qulluq, monitorinq, təmir və modernizasiya tələb edir. Müvafiq texniki xidmət olmadıqda, hətta yaxşı planlaşdırılmış şəhərlər belə qısa müddətdə tənəzzülə uğraya, iqtisadi itkilərlə üzləşə, ətraf mühitə mənfi təsir göstərə və əhalinin həyat keyfiyyətini aşağı sala bilər.

Texniki xidmət dedikdə şəhər infrastrukturunun və xidmətlərinin funksionallığını, təhlükəsizliyini, səmərəliliyini və dayanıqlığını qorumaq üçün həyata keçirilən davamlı texniki, təşkilati, maliyyə və əməliyyat tədbirlərinin məcmusu nəzərdə tutulur. Dayanıqlı texniki xidmət olmadan dayanıqlı şəhər mümkün deyil.

Şəhər təsərrüfatının texniki xidmətinin əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Şəhərlər yollar və körpülər, drenaj və kanalizasiya sistemləri, su təchizatı şəbəkələri, elektrik enerjisi sistemləri, ictimai nəqliyyat, tullantıların idarə olunması obyektləri, parklar və ictimai məkanlar, rəqəmsal kommunikasiya sistemləri, eləcə də yaşayış binaları kimi mühüm infrastruktur sistemlərinin fəaliyyəti üzərində qurulmuşdur.

Bu sistemlərin lazımi qaydada saxlanılmaması ciddi nəticələrə səbəb ola bilər ki, bunlara daşqınlar, nəqliyyat sistemlərində fasilələr, konstruktiv zədələnmələr, ictimai səhiyyə problemləri, ətraf mühitin çirklənməsi və iqtisadi itkilər daxildir.

Məsələn, lazımi qaydada təmizlənməyən drenaj sistemləri güclü yağışlar zamanı tutulur və şəhər daşqınlarına səbəb olur. Köhnəlmiş yollar nəqliyyat xərclərini artırır və qəza riskini yüksəldir. Aşınmış kommunal sistemlərdə su sızmaları, enerji itkiləri və elektrik kəsintiləri baş verir.

Məhz buna görə profilaktik texniki xidmət sistemlərin sıradan çıxmasından sonra aparılan təcili təmirdən həm daha səmərəli, həm də daha ucuz hesab olunur.

İqlim dəyişiklikləri və şəhərlərin dayanıqlılığı

İqlim dəyişiklikləri şəhər siyasətində texniki xidmətin rolunu daha da artırmışdır. Bu gün dünyanın bir çox şəhərləri daha güclü fırtınalar, intensiv yağıntılar, istilik dalğaları, quraqlıqlar, dəniz səviyyəsinin dəyişməsi və infrastrukturun sürətlənmiş köhnəlməsi kimi müxtəlif risklərlə üzləşirlər.

Şəhərlərin dayanıqlılığı yalnız infrastrukturun layihələndirilməsindən deyil, həm də həmin sistemlərin daim yoxlanılması, təmiri, yenilənməsi və dəyişən şəraitə uyğunlaşdırılmasından asılıdır.

Müasir şəhərlərdə dayanıqlı texniki xidmət drenaj sistemlərinin müntəzəm təmizlənməsini, həssas infrastrukturun möhkəmləndirilməsini, konstruksiyaların texniki vəziyyətinin monitorinqini, daşqınlardan müdafiə sistemlərinin modernləşdirilməsini, yaşıl ərazilərin qorunmasını və iqlimə uyğun texnologiyaların tətbiqini əhatə edir. Bu tədbirlər olmadan şəhər infrastrukturu tədricən ətraf mühitin təsirlərinə qarşı müqavimət qabiliyyətini itirir.

İqtisadi dayanıqlılıq

Texniki xidmət iqtisadi baxımdan da mühüm əhəmiyyət daşıyır. Təcrübə göstərir ki, texniki xidmətin gecikdirilməsi son nəticədə daha böyük maliyyə itkilərinə səbəb olur.

Şəhərlər texniki xidmətə lazımi diqqət yetirmədikdə infrastruktur daha sürətlə köhnəlir, fövqəladə hallar artır, investisiya cəlbediciliyi azalır, əhalinin narazılığı yüksəlir və bələdiyyə büdcələrinə əlavə yük düşür. Əksinə, sistemli aktiv idarəçiliyi infrastrukturun istismar müddətini uzadır, əməliyyat səmərəliliyini artırır, xərcləri azaldır və əvvəlki investisiyaları qoruyur.

Müasir şəhər idarəçiliyində getdikcə daha çox “həyat dövrü xərclərinin təhlili” (Life-Cycle Cost Analysis) tətbiq edilir. Bu yanaşma yalnız tikinti xərclərini deyil, həm də istismar, texniki xidmət, modernizasiya və gələcək əvəzlənmə xərclərini nəzərə alır.

Bəhs etdiyim mövzu ilə bağlı ilk baxışda kiçik, lakin əslində mühüm əhəmiyyət daşıyan bir məsələyə də diqqət yetirmək istərdim. Söhbət Bakı şəhərində yeraltı piyada keçidlərində quraşdırılmış eskalator və liftlərin fəaliyyətindən gedir. Bu yaxınlarda həmin eskalator və liftlərin təmir edilərək yenidən istismara verilməsi barədə qərar qəbul edilmişdir. Bu, şübhəsiz ki, müsbət və təqdirəlayiq addımdır. Etiraf etmək lazımdır ki, uzun illər ərzində işlək vəziyyətdə olan eskalator və liftlərin sayı bir əlin barmaqları ilə sayılacaq qədər az olmuşdur. Halbuki bu liftlər yaşlı insanların, əlilliyi olan şəxslərin, valideynlərin və ümumilikdə şəhər sakinlərinin rahat hərəkəti üçün mühüm əhəmiyyət daşıyır. Ümid etmək istərdik ki, bu təşəbbüs yalnız birdəfəlik kampaniya xarakteri daşımayacaq və eskalator və liftlərin texniki baxışı, təmiri və istismarı gələcəkdə sistemli və davamlı əsaslarla həyata keçiriləcəkdir. Çünki şəhərin dayanıqlılığı yalnız yeni obyektlərin tikilməsi ilə deyil, həm də mövcud infrastrukturun gündəlik və peşəkar şəkildə qorunması ilə təmin olunur.

Bakıda keçirilən BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bir daha göstərdi ki, müasir şəhərlərin gələcəyi yalnız inkişaf layihələrindən deyil, həm də həmin inkişafın uzunmüddətli saxlanılması və düzgün idarə olunmasından asılıdır. Şəhər xidmətləri və texniki istismar isə bu prosesin görünməyən, lakin ən vacib sütunlarından biridir.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü

Hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər