- 11:48
Braziliyada prezident seçkilərinin ilk turunda heç bir namizəd 50 faizdən çox səs toplaya bilməyib. Buna görə də seçkilər ikinci tura keçib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, ilk turun nəticələrinə görə, namizədlərdən Flavio Bolsonaro 47 faiz səslə birinci, hazırkı prezident Luiz İnasio Lula da Silva isə 45,1 faiz səslə ikinci olub.
Beləliklə, iki namizəd oktyabrın 25-də keçiriləcək ikinci turda prezident postu uğrunda mübarizə aparacaq. 45 yaşlı Flavio Bolsonaro keçmiş prezident Jair Bolsonaronun oğludur. 80 yaşlı Lula da Silva isə prezident seçkilərində yeddinci dəfə namizədliyini irəli sürüb. Lula ilk turda qalib gələcəyini gözlədiyini, nəticənin onun üçün gözlənilməz olduğunu bildirib. O, ikinci tur kampaniyasına nikbin yanaşdığını deyib. Flavio Bolsonaro isə seçkinin nəticələrinin Braziliya xalqının dəyişiklik istədiyini göstərdiyini bildirib.
Prezident seçkiləri ilə yanaşı, parlament və qubernator seçkiləri də keçirilib. Jair Bolsonaronun digər övladları Karlos Bolsonaro və Jair Renan Bolsonaro, eləcə də həyat yoldaşı Mişel Bolsonaro da seçkilərdə iştirak ediblər. İkinci turun nəticəsi Braziliyanın həm daxili, həm də xarici siyasətinə təsir göstərə bilər. Flavio Bolsonaro ABŞ-la münasibətlərin gücləndirilməsini, Lula isə Çinlə əlaqələrin inkişaf etdirilməsini prioritet sayır.
Braziliyanın növbəti prezidenti oktyabrın 25-də keçiriləcək ikinci turdan sonra bəlli olacaq.
Şəbnəm Mehdizadə