ABŞ Britaniyadakı bazadan bombardmançı təyyarələrini geri çəkib


  • 11:33

ABŞ Böyük Britaniyanın "RAF Fairford" aviabazasında yerləşən B-1 Lancer bombardmançı təyyarələrini ölkəyə geri qaytarıb.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, qərarın aviabazaya qarşı yeni təhlükə ilə bağlı olduğu bildirilir. ABŞ rəsmilərinin sözlərinə görə, təyyarələrin Avropadakı başqa bazaya deyil, birbaşa ABŞ-yə qaytarılması qeyri-adi addımdır.

Təhlükə ilə bağlı araşdırma sentyabrın 27-də aviabaza yaxınlığında beş Britaniya vətəndaşının saxlanılmasından sonra başlayıb. Onlar terrorçuluq və partlayıcı maddə saxlama şübhəsi ilə tutulublar. Saxlanılan şəxslərin avtomobillərində partlayıcı maddə aşkarlanmadığından sonradan girov müqabilində sərbəst buraxılıblar.

Araşdırma çərçivəsində daha bir şəxs - 25 yaşlı Britaniya və İran vətəndaşı da saxlanılıb.

Böyük Britaniya hökuməti hadisənin arxasında İranın dayandığını göstərən sübutların olduğunu açıqlayıb. ABŞ dövlət katibi Marko Rubio da xarici dövlətin hadisədə iştirak etdiyini bildirib və İranın ABŞ maraqlarına qarşı təhdidlərini xatırladıb.

İran isə ittihamları rədd edib və hadisə ilə heç bir əlaqəsinin olmadığını bildirib. Tehran etiraz olaraq Böyük Britaniyanın İrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

ABŞ-ın B-1 bombardmançılarını geri çəkməsinin bölgədəki təhlükəsizlik vəziyyəti ilə bağlı narahatlıqların artdığını göstərdiyi bildirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər