"Qanunvericilikdə mirasın qəbul müddətinin əldə etmə, kəsici və ya iddia müddətinə aid olması mübahisə doğurur"


  • 30 Mart 2022 11:50

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafari Konstitusiya Məhkəməsinə müraciət edib.

E-huquq.az xəbər verir ki, hakim müraciətində Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin Mülki Məcəllənin 1246, 1248.1, 1268.2 və 367.1-ci maddələri baxımından şərh edilməsini xahiş edib.

Həmin müraciətdə qeyd olunub:

"Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla eyni zamanda digər hüquq və azadlıqların təminatı kimi çıxış edir. Yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, bu hüquq, həmçinin pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nizamlanmış hədlər çərçivəsində səmərəli bərpa etməklə ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarı).

Konstitusiya müddəalarına uyğun olaraq mülki prosessual qanunvericilikdə hər bir maraqlı şəxsin pozulmuş hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün məhkəməyə müraciət edə bilməsi təsbit olunmuşdur. Mülki Prosessual Məcəllənin 4.1. maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Qeyd olunmalıdır ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən, vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur.

Mülki Məcəllənin 1246 və 1256-cı maddələrinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəblər olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir.

Göründüyü kimi, miras açıldıqdan sonra qanun üzrə və vəsiyyət üzrə müvafiq vərəsələr vərəsəliyə çağrılır və onlar bildiyi və ya bilməli olduğu gündən qanunda nəzərdə tutulmuş müddətdə mirası qəbul və ondan imtina edə bilər. Bu maddələrdə həm səlahiyyətverici, həm də qadağanedici norma müəyyənləşdirilmiş olsa da, vərəsələr mirası 3 aylıq müddət ərzində qəbul və ondan imtina edə bilər, lakin mirasın qəbuluna mirasın açıldığı vaxtdan altı ay keçdikdən sonra yol verilmir.

Qeyd olunduğu kimi, qanunvericilik mirası qəbul və mirasdan imtina ilə bağlı vərəsəlik hüququnu reallaşdırmağı müddətlə məhdudlaşdırsa da, bu müddətin hansı müddətlərə aid olması isə açıq qalmışdır. Halbuki, mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biri olduğu üçün bu müddətin müəyyənləşdirilməsi istər mirasın qəbulu və istərsə də ondan imtina kimi bir çox məsələlərin həlli üçün zəruridir. Mülki Məcəllənin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır.

Hüquq ədəbiyyatında müxtəlif və çeşidli əsaslarla təsnifləşdirilən mülki hüquqi müddətlər təyinatlarına görə mülki hüquqları yaradan, mülki hüquqların hayata keçirən, vəzifələrinin icrası və pozulmuş hüquqların müdafiəsi müddətlərinə görə bir-birindən fərqlənir. Nəzərə alsaq ki, vərəsəlik hüququnun əsasını miras qoyanın əmlakının vərəsələrə verilməsi təşkil edir. Bu hüquqi nəticənin əldə edilməsi üçün miras əmlak vərəsələr tərəfindən qəbul edilməlidir.

Fikrimizcə, istər mirasın qəbulu və istərsə də ondan imtina ilə bağlı vərəsələrin öz hüququnun və ya qanunla qorunan mənafelərini realizə etməsi üçün nəzərdə tutulmuş 3 aylıq müddətin mülki hüquqları yaradan (əldə etmə) müddətə, mülki hüquqların həyata keçirilməsi (kəsici) müddətinə, vəzifələrinin icrası müddəti və ya mülki hüquqların müdafiəsi (iddia müddətinə) aid olması mübahisə doğurmaqla, bu cür tələblər üzrə hüquq tətbiqetmədə qeyri-müəyyənlik və çətinliklər yaradır.

Bu qeyri-müəyyənlik xüsusilə mirası qəbul müddəti ilə bağlıdır. Belə ki, mirasın qəbulu ilə bağlı müddətin iddia müddəti olmadığı tərəddüd doğurmur. Çünki MM-ə görə, iddia müddəti “hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır" (m.372.2). Yəni iddia müddətləri məhkəmə icraatı zamanı şəxsin özünün müdafiə etməsi ilə bağlı nəzərdə tutulan müddətlərdir. Mirasın qəbuluna dair müddətin kəsici müddət olaraq hesab edilməsi də qanunvericiliyin mövcud vəziyyətinə görə mümkün deyildir. Belə ki, kəsici müddətlər ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun formlaşdırdığı hüquqi mövqeyə görə kəsici müddət-şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Yəni kəsici müddətin ötürülməsi şəxsin subyektiv hüququnu aradan qaldırır. Bu nöqteyi-nəzərdən də əgər mirasın qəbulu müddəti kəsici müddət hesab olunarsa, onda sözügedən müddətin ötürülməsi şəxsin vərəsəliyi ilə bağlı subyektiv hüququnun qəti olaraq xitamına səbəb olar. Halbuki, MM-in 1248.1-ci maddəsinə görə "Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər". Yəni bu maddənin məzmunundan da açıqca görünür ki, vərəsə mirasın qəbulu müddətini ötürmüş olsa belə, o, həm məhkəmə tərəfindən, həm də mirası qəbul edən digər bütün vərəsələr tərəfindən vərəsəliyə qəbul oluna bilər.

Həmçinin, nəzərə almaq lazımdır ki, MM-in 1268.2 maddəsinə görə fəaliyyət qabiliyyəti tam olmayan şəxslərin mirasdan imtinası ancaq məhkəmənin qərarı əsasında mümkündür. MM-in 1244-cü maddəsinə görə isə, bu cür şəxslər yalnız qanuni nümayəndələri vasitəsi ilə mirası qəbul edə bilərlər. Belə olan halda qanuni nümayəndə mirasın qəbulu üçün nəzərdə tutulan 3 və ya 6 aylıq müddət ərzində qəbul üçün müraciət etməsə də, məhdud və ya tam fəaliyyət qabiliyyətsiz şəxslərin vərəsəlik hüquqları öz mövcudluğunu davam etdirər. Əks halda sözügedən şəxslərin mirasdan imtinasının ancaq məhkəmə qərarı ilə mümkün ola biləcəyini nəzərdə tutan MM-in 1268.2-ci maddəsinin tələbi açıqca pozulmuş olar.

Bu səbəbdən də məhkəmələrdə mübahisələrin həllində yaranmış fərqli yanaşma baxımından mübahisəli məqamlara aydınlıq gətirilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət etmək zərurəti yaranıb.

"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsində göstərilir ki, məhkəmələr Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsində nəzərdə tutulmuş məsələlərlə əlaqədar Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azerbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər.

İcraatında olan işlər üzrə insan hüquq və azadlıqlarınin həyata keçirilməsi məsələləri ilə bağlı məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər (Mülki Prosessual Məcəlləsinin 13.6. maddəsi).

Bu mənada da Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin, Mülki Məcəllənin 1246, 1248.1, 1268.2 və 367.1-ci maddəsi ilə əlaqəli şəkildə Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməklə öz münasibətini bildirməsi məsələyə fərqli yanaşmanın və qeyri-müəyyənliklərin aradan qaldırılmasına xidmət etmiş olar.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI bəndi, "Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiyasının 60-ci maddəsinin, Mülki Məcəllənin 1246, 1248.1, 1268.2 və 367.1-ci maddələri baxımından əlaqəli şəkildə konstitusiya icraatı qaydasında şərh edilməsini Sizdən xahiş edirəm", - deyə bildirilib.

Qeyd edək ki, müraciətə Konstitusiya Məhkəməsini Plenumunun aprelin 13-də keçiriləcək iclasında baxılması nəzərdə tutulur.

Oxşar xəbərlər