Müqəddəs amal uğrunda


  • 27 Sentyabr 2023 13:27

Azərbaycan xalqı demokratik dövlət quruculuğunda inamla irəliləyir. Çoxəsrlik tarixində dəfələrlə işğala məruz qalmış xalqımız vətənpərvər və mərd övladlarının mübarizəsi nəticəsində dövlətimizin varlığını qoruyub saxlamışdır. Xalqımız bu yolda neçə-neçə şəhidlər vermişdir. Bununla belə, Azərbaycan xalqı vətən yolunda canını qurban verən şəhidlərini ehtiramla yad edir.

Şəhidlərin və onların ailə üzvlərinin statusu dövlət səviyyəsində də öz həllini tapmışdır. 3 sentyabr 1993-cü ildə “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanun qəbul edildi. Bu Qanuna görə Şəhid - Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir.

Qanuna əsasən bu şəxslər şəhid hesab edilirlər:

- 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;

- 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;

- Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;

- Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;

- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;

- Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər,dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;

- Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.

Göründüyü kimi şəhid hesab edilən şəxslərin dairəsi xeyli genişdir. Ermənistanın işğalına qarşı Vətən müharibəsində həlak olan şəhidlərimiz əksəriyyət təşkil edir.

Ermənilər dəfələrlə Azərbaycan Respublikasına təcavüz edib, azərbaycanlılara qarşı soyqırım törədiblər. Təkcə XX əsrdə azərbaycanlılar 4 dəfə - 1905-1907-ci, 1818-1920-ci, 1948-1953-cü və 1988-

1993-cü illərdə erməni millətçiləri tərəfindən soyqırıma məruz qalıblar.

1991-ci ilin sonlarında SSRİ-nin dağılması ilə keçmiş sovet məkanında yeni geosiyasi şərait yarandı. Ermənistan, faktiki olaraq, Azərbaycana qarşı açıq və ədalətsiz müharibəyə başladı. Ermənistan Respublikasının hərbi birləşmələri Azərbaycan Respublikasının sərhədlərini pozub, Qarabağa daxil oldular və Dağlıq Qarabağda yerləşən erməni separatçıları-terrorçuları ilə birləşərək Azərbaycan torpaqlarının işğalına başladılar. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində 1991-1994-cü illərdə Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisi və onun ətrafındakı 7 inzibati rayonu işğal olundu. Ermənistan Respublikasının hərbi təcavüzü nəticəsində Azərbaycan Respublikasının ərazilərinin 20 faizi işğal edildi, 20 mindən çox insan qətlə yetirildi, 50 mindən artıq adam yaralandı və şikəst oldu. Bir milyondan artıq insan qaçqın və məcburi köçkün şəraitində yaşayaraq Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasətinin qurbanı oldu, fundamental insan haqlarından məhrum oldu.

2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri beynəlxalq hüquq normalarını növbəti dəfə kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən, ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutdu.

Buna cavab olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən sürətli əks-hücum əməliyyatlarına başlandı. 44 gün sürən hərbi əməliyyatlar nəticəsində Müzəffər Azərbaycan Ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə 300-dən çox yaşayış məntəqəsini, həmçinin Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad etdi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox. Mən dəfələrlə demişəm, bütün bəyanatlara rəğmən ki, bu münaqişənin - Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin hərbi həll yolları da vardır və bu gün biz bunu döyüş meydanında sübut edirik. 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Əgər bu birlik olmasaydı, milli həmrəylik olmasaydı, biz heç vaxt torpaqlarımızı işğalçılardan azad edə bilməzdik. Biz bütün dünyaya sübut etdik ki, Qarabağ əzəli Azərbaycan torpağıdır. Sübut etdik ki, əsrlər boyu Azərbaycan xalqı bu torpaqlarda yaşayıb. Sübut etdik ki, erməni əhalisi bu torpaqlara 200 il bundan əvvəl köçürülübdür, necə köçürülübdür, hansı məqsədlərlə köçürülübdür, hamısını biz dünya ictimaiyyətinə təqdim etdik, sübutlarla, faktlarla. Biz sübut etdik ki, Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir”.
Müharibə itkisiz olmur. Vətən müharibəsində bir çox Azərbaycan oğulları şəhid oldular. İftixar hissi ilə demək olar ki, 44 günlük Vətən müharibəsindən sonra şəhid sözü daha da müqəddəsləşdi və ideallaşdı.

Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsi bitdikdən sonra Vətən müharibəsinin başladığı günü “Anım Günü” kimi qeyd etmək barədə “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” 2020-ci il 2 dekabr tarixli Sərəncam imzaladı.

Həmin Sərəncamda qeyd olunur ki, “Dövlət Vətən müharibəsində iştirak etmiş Azərbaycanın mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirilir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərilir, xatirələri uca tutulur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-i Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilsin. Bu Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad etdilər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoydular. Həmçinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi sosial media səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı paylaşımda qeyd etdi ki, Azərbaycan xalqının igid oğulları Zəfər naminə, Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Onların hər biri əsl qəhrəman, rəşadət və qorxmazlıq nümunəsidir: “Bu gün mən ailələri ilə birlikdə kədərlənir, Vətən naminə canından keçməyə hazır olan oğullar tərbiyə etmiş valideynlərin qarşısında baş əyirəm. Şəhidlərimizin qanı nahaq tökülmədi - biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Bu Qələbə xalqımızın tarixinə əbədi həkk olundu! Hər birimiz bu zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına güc və səbir versin! Uca Tanrı Azərbaycanı və Azərbaycan xalqını qorusun!”. Daha sonra cənab İlham Əliyev şəhid ailələri ilə görüşündə demişdir: “Əziz bacılar, qardaşlar, nənələr, babalar, mən bir daha sizə öz dərin hörmətimi bildirmək istəyirəm. Siz Vətən üçün gözəl övladlar yetişdirmisiniz. Siz öz yaxınlarınıza arxa dayaq olmusunuz. Siz öz şəhid olmuş övladlarınızla fəxr edə bilərsiniz. Bütün Azərbaycan xalqı şəhidlərimizlə fəxr edir. Şəhidlərimiz daim bizim ürəyimizdə yaşayır və əbədi yaşayacaqdır.”

İkinci Qarabağ müharibəsinin yekunu olaraq kapitulyasiya aktı imzalandı. Bu akt erməni birləşmələrinin Qarabağdan çıxarılmasını nəzərdə tutur. Azərbaycan tərəfi dəfələrlə, Ermənistan Respublikasının 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyini və qanunsuz erməni silahlı dəstələrinin hələ də Azərbaycan ərazisindən çıxarılmadığını bəyan etmişdir.
Münaqişənin sülh yolu ilə həll edilməsinə mane olan Ermənistan qəsbkar siyasətini hələ də davam etdirməkdədir. Son günlər Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan dövlət sərhədinin Naxçıvan, Kəlbəcər, Laçın, Zəngilan və s. istiqamətlərində genişmiqyaslı təxribatlar törədirdilər. Azərbaycanın əzəli torpağı olan Xankəndinin guya Ermənistana aid olması barədə şayələr uydururlar. Ürək ağrısı ilə qeyd eilməlidir ki, son günlər erməni separatçılarının törətdikləri təxribatlar nəticəsində də şəhidlərimiz oldu. Dövlətimiz həmin separatçıları susdurmaq məqsədi ilə sentyabrın 19-da lokal xarakterli antiterror tədbirləri görmək məcburiyyətində qaldı. Ordumuz tərəfindən həyata keçirilən hərbi əməliyyatlar nəticəsində separatçılar darmadağın edildilər. Qarabağ erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq 2023-cü il sentyabrın 20-də saat 13:00-da Azərbaycanın diktə etdiyi şərtlər altında lokal xarakterli antiterror tədbirlərinin dayandırılması barədə razılıq əldə olundu. Son hadisələr də sübut etdi ki, Azərbaycan xalqında və ordusunda vətənpərvərlik hissi elə səviyyədədir ki, bu hissə ancaq və ancaq şəhidlik alternativ ola bilər.

İftixar hissi ilə qeyd edilməlidir ki şəhidlərə ehtiram milli ideologiyamızın, təfəkkürümüzün tərkib hissəsinə, dövlət siyasətinə çevrilmişdir. Dövlət səviyyəsində Vətən müharibəsi şəhidlərinin anım gününün müəyyən olunması dövlət başçısı cənab İlham Əliyevin şəhidlərə ehtiramının, şəhid ailələrinə rəğbətin təzahürüdür. Hər il sentyabr ayının 27-də şəhidlərin anılması ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunmasına, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsinə, onların mənəvi zənginləşməsinə səbəb olur.

Şəhidlərimizin uyuduqları torpaq and yerimiz, qibləgahımız, səcdəgahımız, qan yaddaşımız, can yaddaşımızdır. Şəhidi şəhid edən ölüm deyil, vətən uğrunda fədakarlıqdır. Şəhidlərimizin müqəddəs ruhları qarşısında baş əyirik.

Kamran Əsədov

Qaradağ Rayon Məhkəməsinin hakimi

Oxşar xəbərlər