"Bu, dövlətimizin güc və imkanlarının qanunvericilik səviyyəsində inikası hesab edilməlidir" - Deputat


  • 14 Dekabr 2023 16:57

"Cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuş Cinayət və İnzibati Xətalar Məcəllələri, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna və "Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsinə dəyişiklik edilməsi haqqında" layihə ilk növbədə hərbi-siyasi qələbəmizlə yaranmış yeni reallıqda dövlətimizin güc və imkanlarının qanunvericilik səviyyəsində inikası hesab edilməlidir".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Onun sözlərinə görə, layihə ilə ilk növbədə təklif edilir ki, ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə hüquqa zidd əməl kimi Cinayət Məcəlləsinə daxil edilsin və dövlətin konstitusiya quruluşunun əsasları və təhlükəsizliyi əleyhinə olan cinayət kimi təsnif olunsun. Bu məqsədlə Məcəlləyə təklif edilən yeni - 281-1-ci maddəyə əsasən isə, həmin əməllərin törədilməsinə görə beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrum etmədən on iki ilədək müddətə azadlıqdan məhrum etməyə qədər sanksiya nəzərdə tutulur.

"Aydındır ki, təklif edilən məzmun yalnız hüquqi məsələ deyil, həm də ciddi mənəvi-siyasi əhəmiyyətə malikdir. Əgər biz Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumağı ali konstitusion niyyət olaraq bəyan ediriksə, ana qanunumuzun 11-ci maddəsi ilə imperativ formada Azərbaycan Respublikasının ərazisinin vahid, toxunulmaz və bölünməz olduğunu müəyyənləşdiririksə, heç şübhəsiz ki, bu istiqamətdə təminedici tədbirlərin dairəsinin genişlənməsi, sərtləşdirilməsi çox vacibdir. Digər tərəfdən, bu layihə ilə cənab İlham Əliyev göstərir ki, işğal və təcavüzə son qoymuş bir dövlət olaraq, eyni zamanda ərazi bütövlüyümüz əleyhinə istənilən ideya və informasiyaya həm qanunvericilik, həm də praktik səviyyədə kifayət qədər sərt reaksiya veriləcək. Təbii ki, ərazilərimizin işğalda olduğu, sərhəd bütövlüyümüzün təmin olunmadığı, hətta 3 ay öncəyə qədər hələ də separatizmin hökm sürdüyü bir situasiyada, belə bir qanunvericilik layihəsini müzakirə etmək nəzəri sadəlövhlük olardı. Bu gün isə artıq reallıq köklü formada lehimizə dəyişib, Azərbaycan özünün ən qüdrətli dönəminə qədəm qoyub. Bu mənada, Cinayət Məcəlləsinə təklif olunan 281-1-ci maddə əslində cənab İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında qazanılan Zəfərimizdən, yaratdığımız yeni reallıqdan qaynaqlanan hüquqi aktdır. Beynəlxalq təcrübədə isə kifayət qədər analoji yanaşmalar mövcuddur. MəsələnŞ nasist Almaniyasının Hakenkreuz (svastika) simvolunun nümayişi və istifadəsi bu gün bir çox dövlətlərdə qadağandır. Bu mənada, istər beynəlxalq praktika, istərsə də son 35 ildə yaşanan proseslərə əsaslanaraq deyə bilərik ki, bu qanun layihəsi heç bir "azadlıq" fonunda etiraz doğura bilməz", - deyə deputat qeyd edib.

B.Məhərrəmov bildirib ki, qanunvericiliyə ictimai təhlükə törədən əməl kimi daxil edilməsi təklif olunan ikinci əməl, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyətinin, hərbi silah, sursat və ya hərbi texnikasının hərəkəti, yaxud dislokasiyası haqqında məlumatların müharibə vaxtı və ya döyüş şəraitində yayılmasıdır: "Bu hərəkətə görə isə subyektlərdən asılı olaraq həm cinayət, həm də inzibati məsuliyyət müəyyən olunması nəzərdə tutulur. Belə ki, ümumi qaydada bu əməlləri törədənlər, Cinayət Məcəlləsinə daxil edilməsi təklif olunan 284-2-ci maddəyə əsasən, məsuliyyətə cəlb edilərək üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Lakin əgər bu məlumatların yayılması dövlətə xəyanət, casusluq və ya dövlət sirrini yayma növündə cinayətlərin əlamətlərini ehtiva edərsə, o zaman məhz həmin maddələr tətbiq ediləcək. Adıçəkilən məlumatlar mediada, o cümlədən internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində hərbi qulluqçular və ya toplanışa çağırılmış hərbi vəzifəlilər tərəfindən yayılarsa, bu zaman cinayət yox, inzibati məsuliyyət müəyyən edilməsi və İnzibati Xətalar Məcəlləsinə daxil edilməsi təklif olunan 614-1-ci maddə ilə on gündən bir ayadək müddətə inzibati həbsin tətbiqi nəzərdə tutulur".

Deputat vurğulayıb ki, müvafiq məlumatların dövlət orqanları tərəfindən ictimaiyyətə açıqlanması hallarında bu əməllər cinayət və inzibati məsuliyyətə səbəb olmur: "Eyni zamanda qanun layihəsi ilə təklif olunur ki, aidiyyəti məlumatların yayılmaması vəzifə kimi Silahlı Qüvvələrin Daxili xidmət nizamnaməsində təsbit edilsin. Habelə həmin məlumatlar “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanuna əsasən, yayılması qadağan edilən informasiyanın dairəsinə daxil edilsin".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər