Deputat: "Tehrandakı səfirliyimizə hücum Azərbaycan-İran münasibətlərində qırılma nöqtəsi oldu"


  • 30 Yanvar 17:01

"Biz artıq dəfələrlə İranın Azərbaycana münasibətdə qeyri-obyektiv mövqeylərdən çıxış etdiyinin şahidi olmuşuq. İranın addımları həmişə Azərbaycan-İran münasibətlərində gərginlik elementləri formalaşdırıb".

Bunu e-huquq.az-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşir deyib.

O bildirib ki, İran ilk növbədə işğalçının yanında olmaqla Azərbaycana düşmən mövqeyi nümayiş etdirib.

"Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxladığı 30 il ərzində İran passiv mövqe nümayiş etdirdi. Ermənistanın işğalçı siyasətinə seyrçi qalmağın özü də təcəvüzkarın yanında olduğunu nümayiş etdirməkdir. Nə Birinci, nə də İkinci Qarabağ müharibəsi dövründə İran Azərbaycanın haqlı mövqelərini dəstəkləmədi. Əksinə, İkinci Qarabağ müharibəsi dövründə bizim öz torpaqlarımızı işğaldan azad etməyimiz İranda çox ciddi narahatlıq yaratdı. Bu da heç cürə başadüşülən deyil. Halbuki, Azərbaycan hər zaman qonşu ölkələrlə münasibətlərin inkişaf etdirilməsinin tərəfdarı olub. Azərbaycan Prezidenti regionda yeni əməkdaşlıq platforması təşəbbüsü ilə çıxış edib. Bütün bunlara rəğmən İranın Ermənistanın təhlükəsizliyinin öz təhlükəsizliyi olduğunu bəyan etməsi, biz öz torpaqlarımızı işğaldan azad etdikdən sonra Azərbaycan-İran sərhəddi yaxınlığında hərbi təlimlər keçirməsi təbii ki, bizə qarşı dost münasibətində olmadıqlarını göstərir", - deyə deputat qeyd edib.

E.Mirbəşir deyib ki, Azərbaycanın İrandakı səfirliyinə edilən hücum münasibətlərdə qırılma nöqtəsi oldu: "İran Azərbaycan səfirliyinin təhlükəsizliyini tələb olunan səviyyədə təmin etməyib. Səfirliyimizə qarşı bu cür xain terror aktının həyata keçiriləcəyi ehtimalları kifayət qədər böyük olmasına baxmayaraq, İranın təhlükəsizlik orqanları heç bir qabaqlayıcı tədbir görməyiblər. Üstəlik, səfirliyin binasının təhlükəsizliyinə cavabdeh olan polis də cinayətkarın qarşısını almaq üçün heç bir addım atmayıb. Baxmayaraq ki, o anındaca terrorçunu zərərsizləşdirə bilərdi. Bütün bunlar İranın Azərbaycana münasibətilə bağlı cəmiyyətdə əsaslı şübhələr yaradır. Hesab edirəm ki, terror aktının necə araşdırılacağı, hansı nəticələrə gəlinəcəyi bundan sonrakı münasibətlərin taleyində özünü göstərəcək".

Xəyalə Bünyatova

Oxşar xəbərlər