Yaxın zamanda azad olunmuş ərazilərdə 11 hidroloji məntəqənin quraşdırılmasına başlanılacaq - ETSN


  • 27 Noyabr 2021 10:01

Yaxın vaxtlarda azad edilmiş ərazilərdə olan 10 çay üzərində 11 hidroloji məntəqənin quraşdırılması işlərinə başlanılacaq və digər hidrometeoroloji stansiyaların bərpası növbəti illərdə həyata keçiriləcək.

E-huquq.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf mühitin və təbii sərvətlərin tənzimlənməsi şöbəsinin müdir müavini Raqub Mirzəyev deyib.

R.Mirzəyev işğal dövründə bölgədəki çayların və su hövzələrinin ekoloji terrora məruz qalıdığını deyib. Bildirib ki, bugünün özündə də transsərhəd çaylarımızın Ermənistan tərəfindən çirkləndirilməsi davam etdirilir.

"Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çayın (Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçay) ekoloji nəzarətdən kənar qalması nəticəsində uzun illər çay hövzəsinin çirklənməsi haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmayıb. Lakin ərazilərin azad olunmasından sonra həmin transsərhəd çaylar üzərində müt'madi olaraq analitik nəzarət həyata keçirilib, su və dib çöküntüsü nümunələri götürülərək üzərlərində üzvi-kimyəvi təhlillər aparılıb. Təhlillər zamanı müəyyən edilib ki, bu çaylar xüsusilə də, Oxçuçay Ermənistan ərazisində yerləşən “Qacaran mis molibden” və “Qafan mis saflaşdırma” kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də, Qafan və Qacaran şəhərlərində formalaşan məişət tullantı suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilib. Hətta çayın suyu o qədər çirklidir ki, ondan təsərrüfat məqsədləri üçün də istifadə edilməsi məqsədə müvafiq hesab edilmir" - Raqub Mirzəyev deyib.

Nazirlik rəsmisi qeyd edib ki, ərazilərin mina təhlükəsi baxımından monitorinqlərin tam başa çatdırılması mümkün olmayıb. Ərazilər minalardan və partlamamış hərbi sursatlardan təmizləndikcə, monitorinqlərin keçirilməsi və məhv edilmiş təbiət obyektlərinin qiymətləndirilməsi işləri davam etdiriləcək. O, məsələnin beynəlxalq təşkilatlar qarşısında da qaldırıldığını və dəymiş zərərin aradan qaldırılması istiqamətində işlərin davam etdirildiyini bildirib.

"Qeyd edim ki, Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulub, həmçinin ekologiya sahəsində çoxsaylı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Şərqi Zəngəzur və Qarabağ ərazisində törədilən ekoloji terror faktları ilə bağlı həmin təşkilatlar məlumatlandırılaraq, onlara çağırışlar edilib. Təəssüf hissi ilə qeyd etmək istərdim ki, 30 ilə yaxın müddətdə bütün müraciətlərimiz cavabsız qalıb və həmin ərazilərdə törədilmiş ekoloji terrorla bağlı hər hansı bir mövqe bildirilməyib.
Ekoloji terror faktlarının qiymətləndirilməsi istiqamətində səylər davam etdirilməklə yanaşı, ekoloji bərpa istiqamətində də işlərə başlanılıb. Onu da qeyd edim ki, azad edilmiş ərazilərdə meşə-bərpa işləri aparılıb, eləcə də Zəngilan, Qubadlı, Cəbrayıl, Füzuli və Ağdam rayonlarında qeyri-meşə fondunda xeyli yaşıllıq sahələri salınıb. Həmçinin yaxın vaxtlarda regionda 10 çay üzərində 11 hidroloji məntəqənin quraşdırılması işlərinə başlanılacaq və digər hidrometeoroloji stansiyaların bərpası növbəti illərdə həyata keçiriləcək. Eyni zamanda Bəsitçay Dövlət Qoruğunun fəaliyyətinin bərpası ilə əlaqədar qoruğun sərhədlərinin müəyyənləşdirilməsi, inventarizasiyası və digər istiqamətlər üzrə zəruri tədbirlər görülür. Əlbəttə məhv edilmiş təbiət obyektlərinin və bütövlükdə ekosistemin bərpası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindəndir" - deyə əlavə edib.

Onun sözlərinə görə, təbii sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulub.

"İşğaldan öncə həmin ərazilərdə meşə fondunun meşə ilə örtülü 60 min hektarı, ümumilikdə sahəsi 43 min hektar olan xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü olan 6.8 min hektarı məhv edilib, 1982-ci ildə təbiət abidəsi kimi dövlət mühafizəsinə götürülən yaşı 120 ildən 2 min ilədək olan 131 ədəd qədim ağac (şərq çinarı, dağdağan, palıd) kəsilərək aparılıb. Hətta izlərinin itirilməsi məqsədilə kəsilmiş ağacların kök hissələri belə yandırılıb. Zəngilan rayonu ərazisində olan xüsusi qiymətli Araz palıd meşəsinin 300 hektara yaxın hissəsi tamamilə məhv edilib. Bununla yanaşı həmin regionda meşə fonduna aid olmayan ərazilərdəki yaşıllıq sahələrindən çoxsaylı çoxillik müxtəlifcinsli ağaclar kəsilərək aparılıb, Cəbrayıl, Zəngilan və Qubadlı ərazilərində vaxtilə, 60-cı illərdə baramaçılığın inkişafı məqsədilə salınmış tut bağları məhv edilib" - deyə R.Mirzəyev vurğulayıb.

Qurum rəsmisi bildirib ki, işğal dövründə mineral xammal ehtiyatlarımızın istismarı ilə bağlı vəziyyət daha acınacaqlı olub: "Bu bölgədə ötən əsrin 90-cı illərinədək kəşf edilmiş, ehtiyatları hesablanmış və dövlət balansında qeydiyyata alınmış yataqlar işğal dövründə yağmalanıb. Qızıl, gümüş, mis, civə, daş kömür, müxtəlif növ tikinti materialları, yeraltı şirin sular və termal-mineral su yataqları olmaqla 52 yataq istismar olunaraq talan edilib", - o əlavə edib.

Oxşar xəbərlər