Ali Məhkəmə Mülki Məcəllənin mübahisəli maddəsini müzakirəyə çıxarır


  • 1 İyul 2020 10:44

Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanında qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə ötən dövr ərzində müvafiq tədbirlər həyata keçirilmiş, o cümlədən qanunvericilikdə məhkəmə icraatının həyata keçirilməsi qaydalarının daha da təkmilləşdirilməsinə yönəlmiş geniş həcmli əlavə və dəyişikliklər edilib.

Qeyd edilən tədbirlər çərçivəsində məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və normativ hüquqi aktların tətbiqi ilə bağlı hüquqi mövqeyinin proqnozlaşdırılan olmasını təmin etmək məqsədilə Ali Məhkəmənin vahid məhkəmə təcrübəsi formalaşdırmaq vəzifəsinin icra olunması mexanizmləri təsbit olunub.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2020-ci il martın 1-dən qüvvəyə minmiş 418-1-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmənin məhkəmə tərkibi işə kassasiya qaydasında baxarkən Ali Məhkəmənin digər məhkəmə tərkibinin əvvəllər qəbul etdiyi qərarda müəyyən edilmiş hüquqi mövqedən fərqli yanaşmanın tətbiq edilməsini zəruri hesab etdikdə, həmin mübahisəli hüquqi məsələyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi məqsədilə Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarına daxil olan bütün hakimlərdən ibarət tərkibdə baxılır.

E-huquq.az-ın məlumatına görə, hazırda Ali Məhkəmənin icraatında olan mülki iş “iddiaçının övladları ilə birlikdə mərhum əri tərəfindən sağlığında bağışlanılmış əmlaka münasibətdə bağışlanmadığı halda onlara çata biləcək məcburi pay həcmində mülkiyyət və istifadə hüquqlarının tanınmasına” dair tələblə bağlıdır. Tələbin hüquqi əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsi təşkil edir.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinə əsasən miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

İşə kassasiya qaydasında baxılarkən Ali Məhkəmənin ayrı-ayrı məhkəmə tərkibləri arasında mübahisəli məsələyə münasibətdə fərqli hüquqi yanaşmaların mövcud olduğu müəyyən olunub.

Ali Məhkəmənin əvvəlki məhkəmə tərkibinin iş üzrə qərarındakı hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Mülki Məcəllənin 1193-cü və 1200-cü maddələrinin tələblərinə əsasən qanunverici məcburi pay əldə etmək hüququ olan şəxslərin qanunla qorunan mənafeləri baxımından mülkiyyətçinin sağlığında əmlak üzərində bağışlama, və ya vəsiyyət üzrə sərəncam hüquqlarından istifadə etməsindən asılı olmayaraq eyni hüquqi nəticəni nəzərdə tutmuşdur. Apelyasiya instansiyası məhkəməsi isə Mülki Məcəllənin 1200-cü maddəsi üzrə tələbin təmin edilməsi imkanını yalnız mirasın və daha sonra vəsiyyətnamənin mövcudluğu ilə şətləndirdirməklə Mülki Məcəllənin 1200-cü maddəsini düzgün təfsir etməyib.

Həmin məsələyə dair fərqli hüquqi yanaşma isə ondan ibarətdir ki, miras əmlaka məcburi pay hüququ miras qoyan tərəfindən bütün miras əmlak və ya onun bir hissəsi barəsində yalnız vəsiyyətnamənin qoyulduğu halda yarandığından, mübahisəli əmlak miras qoyanın sağlığında bağışlama yolu özgəninkiləşdirilibsə və bundan başqa hər hansı əmlak miras qoyulmayıbsa, və ya qoyulsa da vəsiyyət üzrə vərəsəlik açılmayıbsa məcburi pay əldə etmə hüququ olan vərəsələrin Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən bağışlanılmış əmlakla bağlı hər hansı hüququ təmin edilə bilməz.

Göründüyü kimi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1200-cü maddəsinin tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi zərurəti yaranıb.

Qeyd edilənlər nəzərə alınaraq, mübahisəli hüquqi məsələyə dair hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 418-1-ci maddəsində nəzərdə tutulmuş hüquqi mexanizmdən istifadə olunmasına qərar verilib.

Bununla əlaqədar olaraq Ali Məhkəmə müzakirəyə çıxarılmış mübahisəli hüquqi məsələni ictimaiyyətin diqqətinə çatdıraraq maraqlı şəxsləri və təşkilatları 2020-ci ilin iyulun 31-dək yazılı formada əsaslandırılmış hüquqi rəylərini (amicus curiae rəyi) Ali Məhkəməyə təqdim etməklə müzakirələrdə iştiraka dəvət edir.

Rəylər yazılı qaydada Ali Məhkəmənin Mülki Kollegiyasının ünvanına və ya elektron poçt vasitəsilə ( mulkikollegiya@supremecourt.gov.az) göndərilməlidir.

Oxşar xəbərlər