- 09:56
Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs Bəxtiyar Fərzəliyev dindirilib.
Onun sözlərinə görə digər təqsirləndirilən şəxs Mehdi Məmmədovla iş yoldaşı olub:""Ştutqard" kimyəvi təmizləmə şirkətində işləyirdim. 2019-2020-ci ildən Elvini tanıyıram. Elvinin vasitəsilə isə Mehdini tanımışam. Bu hadisəni mənə 2020-ci ildə Mehdi danışıb. Mənə dedi ki, söhbətim düşüb. Mən də dedim ki, nə köməklik olsa, de. Ancaq hadisənin bu formada olmasından xəbərim yox idi. Mən bu vaxta qədər toyuq başı da kəsməmişəm. 2023-cü ildə Mehdi ilə nahar etməyə gedirdik. Sonradan hamımız gecə saat 11-də hadisə yerinə getdik. Maşını Mehdi sürürdü. Həmin yerə çatdıq, hamımız maşından düşdük. Mehdi qabağa getdi, Elvinlə mən isə arxada idim. Sonra mərhumu gördüm. Mehdi yaxınlaşdı onla söhbət etdilər. 5 dəqiqə keçmədi ki, Mehdinin qışqırığı gəldi. Elvin onlar tərəfə qaçdı, sonra mən də onun ardınca qaçdım. Rəhmətliyi yerə yıxılanda gördüm, sonra qarnını tutaraq uzaqlaşdı. İlk dəfə idi ki, belə hadisə görürdüm deyə şoka düşdüm. Mehdinin əli qan içində idi. Mehdi mənə mərhumu əvvəldən Nərimanovda olanda göstərmişdi. Təqsirləndirilən şəxs Əzizə Seyidovanı ilk dəfədir ki, görürəm. İfadəni təzyiq altında vermişəm. Mənim üstümdə bıçaq olmayıb. Çəkiliş yerinə getdik, amma Mehdi ilə üzləşməm də olmayıb".
Məhkəmənin növbəti iclası sentyabrın 27-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin martında Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb. Belə ki, 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib. Qeyd olunan şəxslər şübhəli qismində tutularaq istintaqa cəlb olunub.
Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Orxan Rasifoğlu