"Mülki Məcəlləyə təklif edilən dəyişiklik daha məntiqli hüquqi mövqe formalaşdırmağa xidmət edəcək"


  • 19 May 2023 16:47

"Bildiyiniz kimi, Mülki Məcəlləyə şəxsin məhkəmə qaydasında ölmüş elan edilməsi proseduru ilə bağlı əlavə təklif olunur. Dəyişiklik şəxsin ölmüş elan edilməsi ilə bağlı qanunvericilik təcrübəsində daha vahid və daha məntiqli hüquqi mövqe formalaşdırmasına xidmət edəcək".

Bunu e-huquq.az-a açıqlamasında deputat, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O qeyd edib ki, fiziki şəxsin ölmüş elan edilməsi Mülki Məcəllənin 41-ci maddəsində təsbit olunub və bütün hallarda yalnız məhkəmə qaydasında realizə olunur: "Normaya əsasən, bu institut üç halda tətbiq olunur: Birincisi, şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa; İkincisi, şəxs o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa; Üçüncüsü, hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra".

Deputat bildirib ki, Məcəllə "hərbi əməliyyat"larla, "ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisəni" anlayış olaraq fərqləndirir: "Bu fərqləndirmə eyni zamanda prosessual müstəvidə də davam edir və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmədə müddət azı iki il, ikinci halda isə azı altı ay müddət müəyyən edilib. Lakin reallıqdır ki, hərbi əməliyyatlar özü də bir qayda olaraq ölüm təhlükəsi törədən haldır və bu mənada müddətin bütün hallarda iki il qədər müəyyən olunması ədalətli deyil. Mülki Məcəllənin 41.2-ci maddəsinə təklif olunan əlavə də məhz qeyd olunan istiqamətdə sual yaradan məqamı aradan qaldırmağa hesablanıb. Belə ki, dəyişikliyə əsasən, nəzərdə tutulur ki, "məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər".

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər