Vəkillik fəaliyyəti müstəqil hüquqi təsisatdır


  • 28 Dekabr 2023 09:51

Azərbaycanda vəkilliyin müstəqil təsisat kimi formalaşmasının bilavasitə Ulu Öndərin adı ilə bağlı olması danılmaz faktdır. Hələ SSRİ dövründə məhz Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR-nin 1978-ci il Konstitusiyasında vəkilliklə bağlı müddəalar öz əksini tapmışdı. Bununla da vəkilliyə konstitusion status verilmişdi.

Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan SSR-nin 1980-ci il 13 noyabr tarixli Qanunu ilə “Azərbaycan SSR vəkilliyi haqqında Əsasnamə” təsdiq edilmişdi. Həmin dövrdə Konstitusion status daşıyan Vəkillər Kollegiyası məhz bu Əsasnamə əsasında fəaliyyət göstərib. Beləliklə, Azərbaycan vəkilliyinin institutsionallaşmasına start verilib.

Bu gün məhkəmə-hüquq islahatları Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu islahatların bir hissəsi olan məhkəmə-hüquq sisteminin təkmilləşdirilməsində beynəlxalq səviyyədə ən mütərəqqi və nümunəvi örnək olan ölkəmizin yeni hakim korpusunun formalaşmasında Vəkillər Kollegiyası da iştirak edir. Azərbaycan Vəkilliyi Məhkəmə-Hüquq Şurası və Hakimlərin Seçki Komitəsində təmsil olunur.

Azərbaycan post-sovet məkanında vəkillik institutuna müstəqillik verən ilk dövlətlərdən biridir. Bu da məhz Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində baş vermişdi. Ölkəmizdə vəkillik institutunun inkişafı və nüfuzunun artırılması istiqamətində bir sıra normativ-hüquqi aktlar, çoxsaylı sərəncamlar və digər sənədlər qəbul olunmuşdu ki, bu da Ulu Öndərin layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin adı ilə birbaşa bağlıdır.

Azərbaycan "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Konvensiyanı ratifikasiya edən dövlət olaraq ədalət mühakiməsi hüququnu təmin etmək öhdəliyi daşıyır. Bu öhdəlik Konvensiyanın 6-cı maddəsində müəyyən edilmiş standartlar çərçivəsində icra olunur. Bu standartlara ədalətə çatımlılıq, qanunla təsis edilmiş müstəqil və qərəzsiz məhkəmə, habelə prosessual ədalətlilik, aşkarlıq və müdafiə hüquqları kimi spesfik təminatlar daxildir. Vəkillərin peşə fəaliyyəti də məhz bu maddənin təminatı altına düşür.

İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyası Avropa Şurasının üzvü olub, bu Konvensiyanı imzalayan hökumətlər, 1948-ci il dekabrın 10-da BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan Hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq, Bəyannamənin məqsədinin, bəyan etdiyi hüquqların hamılıqla həyata keçirilməsini təmin edir. Avropa Şurasının məqsədinin onun üzvləri arasında daha böyük birliyə nail olmaqdan ibarət olduğunu insan hüquqlarının, azadlıqlarının dəstəklənməsi və gələcəkdə reallaşdırılması olduğunu hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinə əsasən müdafiə fəaliyyəti, dolayısı ilə vəkillik məhkəmə hakimiyyətinə aid sistemdir. Vəkillik fəaliyyətinin tənzimləyən təməl yerli qanunvericilik aktları “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi, Mülki-Prosessual Məcəllə, İnzibati-Prosessual Məcəllə və “Vəkillərin etik davranış qaydaları haqqında” Əsasnamədir. Belə ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun vəkillərin hüquqi statusunu və özünüidarənin əsaslarını müəyyən edir.

Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarının davamı olan və vəkilliyin yeni inkişaf mərhələsinə təkan verən 2018-ci il fevralın 22-də qəbul olunmuş "Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin verdiyi Sərəncamdır. Sərəncamın preambulasında güclü və nüfuzlu vəkillik təsisatının böyük əhəmiyyətinin olması xüsusi vurğulanmalıdır.Sərəncamın icrası məqsədilə vəkilliyə qəbul mütəmadi həyata keçirilir.Bunun nəticəsində vəkillərin sayı 3 dəfə artaraq 2400-ə çatıb, ölkə üzrə vəkil bürolarının sayı 3 dəfədən çox artaraq 130-u ötüb.

Ulu Öndər Heydər Əliyev tərəfindən “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanunun imzalandığı gün – 1999-cu il 28 dekabr Azərbaycanda vəkilliyimizin tarixinə qızıl hərflərlə həkk olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə dekabrın 28-i “Vəkil günü” peşə bayramı təsis olunub.

Azərbaycanda vəkillik peşəsi tam müstəqildir. 1999-cu ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun qəbul edilmişdi və həmin qanuna görə vəkillik müstəqil peşə kimi tanınmışdır. Yeri gəlmişkən, bu il 100 illiyini qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin böyüklüyü, müdrikliyi, uzaqgörənliyi ondan ibarət oldu ki, xalqımızın dahi şəxsiyyəti eyni zamanda, ölkədə müstəqil vəkillik institutunun banisi oldu. Bir sıra postsovet ölkələrində isə hələ də vəkillik institutu Ədliyyə Nazirliyindən tabeli vəziyyətdədir. Qazaxıstanda, Özbəkistanda, Belarusda bu peşə tam müstəqil deyil. Rusiyada vəkillərin vəsiqəsini Ədliyyə Nazirliyi verir. Hüquqi yardıma çatımlılıq həm beynəlxalq, həm də yerli səviyyədə əsas insan hüquqlarından biridir. Bu olmadıqda heç vaxt ədalət mühakiməsinin yüksək standartlarından danışmaq olmaz. Məlum olduğu kimi, vəkillər insanların hüquqlarını müdafiə edirlər. Bu zaman ehtiyacı olan hər kəsə yüksək keyfiyyətli peşəkar hüquqi yardım göstərməlidirlər. Əslində hüquqi yardıma çatımlılıq təmin edilən cəmiyyətlərdə ədalət mühakiməsi də keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur. Bu baxımdan son illər ərzində Azərbaycanda vəkillik sahəsində aparılan islahatların əsas hədəfi təbii ki, vətəndaş məmnunluğunun artırılması ilə bağlıdır. Azərbaycan vəkilləri hər bir vətəndaşımıza maddi, dini, siyasi mənsubiyyətindən asılı olmayaraq hüquqi yardım göstərməyə hazırdırlar. Ölkədə son illər ərzində aparılan islahatlar vəkillik fəaliyyətinin gücləndirilməsinə çox böyük dəstək göstərib. Çünki vəkillik peşəsi dövlətimizin diqqətində olan vacib sahələrdən biridir.

Ölkədə vəkilliyin nüfuzu, onun gücləndirilməsi, modernləşdirilməsi və vəkillik fəaliyyətinin təminatı bizim üçün ən vacib məsələlərdən biridir.

Bu gün ölkədə 2431 vəkil fəaliyyət göstərir. Son illər ərzində görülmüş tədbirlər, mütəmadi olaraq keçirilən imtahanlar və gənc hüquqşünaslar arasında aparılan işlər nəticəsində 2018-ci ilin əvvəlindən ölkədə vəkil sayı 2,6 dəfə artıb. Xatırladaq ki, 2004-2018-ci illər ərzində ölkədə cəmi 5 dəfə imtahan keçirilib. Ancaq son 6 ildə 12 dəfə yazılı test imtahanı keçirilib. Yalnız 2023-cü ildə 600 nəfərdən çox namizəd test imtahanlarında iştirak edib. Onlardan 206 nəfəri uğurlu nəticələrə nail olub. 2018-ci ilin əvvəlində vəkillərin yalnız 14 faizini xanımlar təşkil edirdi, 86 faiz vəkil isə kişilərdən ibarət idi. Ardıcıl, məqsədyönlü atılan addımlar nəticəsində bu statistika bu gün xeyli dəyişib. Bu sahədə gənc xanım hüquqşünaslar arasında görüşlər, müzakirələr, diskussiyalar, treninqlər aparılıb. Həmçinin Vəkillər Kollegiyasında Qadın Vəkillər Alyansı yaradılıb. Hazırda qadın vəkillərin sayı xeyli artıb və ümumi vəkillər sırasında 400-dən çox qadın vəkil var. Bu müsbət dinamika getdikcə davam etməkdədir. Hesab edirəm ki, xanım hüquqşünasların potensialından gələcək vəkillik üçün geniş istifadə olunmalıdır.

Əgər insan müstəqil düşünə bilirsə, prinsipialdırsa, iradəlidirsə, qətiyyətlidirsə, onda cinsindən asılı olmayaraq birmənalı olaraq yaxşı vəkil olacaq. Bu gün bizim xanımlarımız bu keyfiyyətlərə kifayət qədər malikdirlər. Bir faktı misal çəkim ki, bütün Türk dünyasının ilk xanım vəkili azərbaycanlı, Şuşa şəhərində doğulmuş Əhməd bəy Ağaoğlunun qızı Sürəyya Ağaoğlu olub.

Qeyd edək ki, vətəndaşlar 2023-cü ilin iyul ayına kimi yalnız cinayət işləri və mülki işlər üzrə kassasiya instansiyasında dövlət hesabına ödənişsiz hüquqi yardımdan istifadə edirdilər. Mülki və apellyasiya işləri üzrə birinci instansiyada isə belə bir imkan yox idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə Mülki Prosessual Məcəlləyə dəyişikliklər edildi. Nəticə etibarilə, mülki işlər üzrə də çox geniş kateqoriya aztəminatlı və imtiyazlı şəxslərə də dövlət hesabına hüquqi yardımın göstərilməsi qanunla müəyyən olundu.

Son illər ərzində saysız-hesabsız ödənişsiz hüquqi yardım aksiyaları keçirilir. Vəkillik ölkədə az peşələrdəndir ki, vətəndaşlara ödənişsiz hüquqi yardım da göstərir. 2022-2023-cü illər ərzində 5 000-ə yaxın vətəndaşa tamamilə ödənişsiz hüquqi yardım göstərilib.

Mütərəqqi addımlardan biri odur ki, bu ilin sentyabrında vəkillərin özlərinin peşə hüquqlarının pozulmasına qarşı “Vəkillərin peşə hüquqlarının müdafiəsi komitəsi” yaradılıb. Əslində vəkillərin hüquqlarının müdafiəsi əsas hüquqlarından biridir. 2022-ci ilin dekabrında keçirilən konfransda Vəkillər Kollegiyasının əsas funksiyalarından biri kimi vəkillərin hüquqlarının müdafiəsi müddəası daxil edildi.

Yeri gəlmişkən, vəkil korpusunun formalaşmasında hakimlər də iştirak edir. Ölkəmizdə bu sahədə də son illər ciddi islahatlar aparılır. Ali Məhkəmənin sədri İnam Kərimovun təşəbbüsü ilə Femida Dialoq Platforması fəaliyyət göstərir. Bu çərçivədə ilk görüş vəkillərlə keçirildi. Bu da onu göstərir ki, Ali Məhkəmənin rəhbərliyi vəkillərin fəaliyyətinə çox böyük önəm verir.

Onu da xüsusi vurğulayaq ki, Azərbaycan beynəlxalq arenada mühüm ölkələrdən biridir. Hazırda fəaliyyətimizdə beynəlxalq əməkdaşlıq önəmli yer tutur. Demək olar ki, bütün beynəlxalq vəkil təşkilatlarının üzvüyük. Bir çox beynəlxalq təşkilata üzv olmaqla hər kəsə sübut etdik ki, ölkəmizdə müstəqil vəkillik peşəsi və Kollegiyası mövcuddur. Bu gün biz vəkillər xaricdəki Azərbaycan vətəndaşlarının da problemlərinin həllinə töhfə verir,eyni zamanda ölkəmizin haqlı mövqeyini də beynəlxalq səviyyədə təşkilatların diqqətinə çatdırırıq.

Şaiq Mirzəyev

Vəkillər Kollegiyasının üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru

Oxşar xəbərlər