- 17:55
Ərazi anlayışı dövlətin mövcud olmasının mühüm komponentlərindəndir. Suveren hakimiyyət yalnız dövlətin müəyyən olunmuş coğrafi sərhədləri daxilində reallaşdırıla bilər və bu hakimiyyət həmin ərazidə yaşayan əhaliyə şamil olunur. Beynəlxalq hüquqa görə hər bir dövlət sərhədləri daxilində tam və bölünməz ərazi bütövlüyünə malikdir. Bu prinsip həm də dövlət hakimiyyətinin vahid və müstəqil xarakterini ifadə edir.
Azərbaycan Respublikası da əsrlər öncə babalarımızın kök saldığı qədim ərazisinə malikdir və xalqımızın dövlətçilik ənənələri əsrlər boyu qorunub saxlanmışdır. Tarixi baxımdan, Azərbaycan Xalq Cümhuriyyəti 1918-ci il mayın 28-də yaranaraq Şərqin ilk demokratik və dünyəvi dövlətlərindən biri olmuşdur. Bu dövlət yalnız 23 ay fəaliyyət göstərsə də, milli kimliyin və dövlətçilik ənənələrinin formalaşmasında əhəmiyyətli rol oynamışdır. Sovet hakimiyyəti dövründə xalqımız uzun illər müstəmləkəçilik şəraitində yaşasa da, öz tarixi və dövlətçilik irsini unutmamışdır. 1991-ci il oktyabrın 18-də Azərbaycan müstəqilliyini bərpa edərək Xalq Cümhuriyyətinin siyasi və hüquqi varisi olduğunu bəyan etmiş və həmin dövrün dövlət rəmzlərini yenidən qəbul etmişdir.
1991-1993-cü illərdə yaranmış siyasi böhran, ermənilərin hərbi təcavüzünün genişlənməsi müstəqilliyimizi, ərazilərimizin təhlükəsizliyini risk altına qoymuşdur. Müasir dövlət quruculuğumuzun banisi Heydər Əliyevin 1993-cü ilin iyunun 15-də ölkəyə gəlməsi ilə ölkədə siyasi sabitlik bərpa olunmağa başladı. Dövlətimizin idarəçilik sisteminin, iqtisadi, siyasi və hüquqi əsaslarının qurulması, milli ordunun yaradılması, beynəlxalq aləmdə Azərbaycanın tanınması, xarici dövlətlərlə əlaqələrin inkişafı məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin də müəllifi olduğu mütərəqqi Konstitusiyamız 1995-ci ilin noyabrın 12-də referendum yolu ilə qəbul edilmişdir. Azərbaycanda müasir mənada konstitusionalizmin əsasını qoymuş və ölkədə hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə xidmət etmişdir.
Azərbaycan Respublikasının Konstitusiyasında ərazi bütövlüyü prinsipinə xüsusi diqqət yetirilmiş, bununla bağlı qeyd olunur ki, Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir. Azərbaycan Respublikası bütün Azərbaycan Respublikası vətəndaşlarının ümumi və bölünməz vətənidir. Öz ərazisindən zorla məhrum edilə bilməz. Habelə, ərazi bütövlüyünün aid olduğu sərhədlər daxilində başqa dövlətin hakimiyyətinin tətbiqi yol verilməzdir; belə halların baş verməsi həm ərazi bütövlüyünə, həm də dövlət suverenliyinə ziddir.
Ərazi bütövlüyü dövlət sərhədlərinin qorunub saxlanılmasına və bölünməzliyinə aiddir. O, beynəlxalq hüququn fundamental prinsiplərindən biridir və dövlət suverenliyi anlayışı ilə sıx bağlıdır. Suverenlik dövlət öz ərazisi üzərində tam və qeyri-məhdud səlahiyyətə malikdir. Ərazi bütövlüyü suverenlik prinsipinin tələbidir, çünki dövlətin öz ərazisinə nəzarət etməsi və qoruması vacibdir. Dövlət öz ərazi bütövlüyünü qorumaq və xarici müdaxiləyə müqavimət göstərmək üçün məsuliyyət daşıyır. Bu başlanğıc müddəalar üçün real təhdid separatizmdir. Separatizm dövlətlər daxilində ərazilərin parçalayır, ərazi bütövlüyünü pozan fəaliyyətlər təşkil edir və beynəlxalq hüquq belə hərəkatları dəstəkləməyi qadağan edir. Dövlətin başqa bir dövlətin ərazisini ilhaq etməsi, bir dövlətin başqa dövlətin ərazisinə hücumu və onu özününküləşdirməsi ərazi bütövlüyünü pozur. Bir dövlətin öz ərazi bütövlüyünü qorumaq uğrunda mübarizəsi zamanı bir dövlətin həmin ölkə daxilində separatçı hərəkata dəstək verməsi onun ərazi bütövlüyünə qarşı müdaxilədir.
Separatist erməni silahlı qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın ərazisinin təxminən 20 faizi işğal edilmiş və bu, həmin torpaqlarda dövlətimizin suveren hüquqlarının həyata keçirilməsinə mane olmuşdur. Azərbaycan bir çox beynəlxalq sənədlərin ratifikasiyası zamanı qeyd-şərtlə, yəni işğal altında olan ərazilərdə qüvvəsi istisna olmaqla müddəalar qəbul edilmişdir. “Ərazi bütövlüyünün bərpası” ideyası milli dövlətçilik konsepsiyasının əsas istiqamətlərindən birinə çevrilmiş və bütün sahələrdə prioritet mövqe qazanmışdır. Çünki, ərazilərimiz erməni işğalçı siyasəti nəticəsində zəbt edilmiş, yüz minlərlə soydaşımız məcburi köçkün vəziyyətinə düşmüş, on minlərlə insan həyatını itirmişdir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılması tələb edilsə də, uzun illər bu qərarlar icrasız qalmışdır. Bu vəziyyət həm beynəlxalq hüququn norma və prinsiplərinə zidd olmuş, həm də regionda davamlı təhlükəsizliyə ciddi təhdid yaratmışdır.
Tarixi təcrübə göstərir ki, müəyyən ərazilər uğrunda qəbilələr, tayfalar, xalqlar, millətlər, siyasi qurumlar arasında münaqişələr, döyüşlər, müharibələr olmuşdur. Hazırda müasir dünyada ərazi bütövlüyü anlayışına qarşı törədilən təhlükə daha çox ərazi separatçılığı qismində təzahür edir. Bu separatçı qüvvələr öz müqəddəratını həll etmə prinsipi adı ilə niyyətlərini pərdələyirlər. Əsil hədəf isə ərazi və orada olan resurslardır. Azərbaycan Respublikası separatçı erməni qəsbkarlarının 30 ilə bərabər işğalı buna bariz nümunədir. Onlar tarixi Azərbaycan torpaqlarına göz dikmiş aktiv müdaxilələr etməklə ərazi bütövlüyümüzü pozaraq, vandalizm törədərək tarixi abidələrimizi dağıtmış, “özlərinin hesab etdikləri” ərazmimizdə heç bir quruculuq işi aparmadan, ancaq təbii resursları mənimsəmişlər.
Beynəlxalq hüquqda öz müqəddəratını təyinetmə prinsipi həmin dövlətdən ayrılmağa səbəb olmur. Azlıqlar üçün öz müqəddəratını təyinetmə hüququ irqi, etnik və ya dini azlıqların konstitusion hüquqlarının pozulduğu hallarda müzakirə edilir. Azlıqların azad, mülki və siyasi iştirak üçün bir neçə variantı var. Lakin onlar mövcud olsa belə, bu hüququn əhatə dairəsi daxili olaraq qalır və ümumiyyətlə, muxtar dövlətin formalaşmasına gətirib çıxarır. Öz müqəddəratını təyinetmə hüququ ərazi bütövlüyü prinsipi ilə ziddiyyət təşkil etməməli və güc tətbiq etmək və ya hərbi müdaxilə hüququ verməməlidir.
Silahlı hücum, güc tətbiqi və güclə hədələməmək öhdəliyinin pozulması beynəlxalq hüququn pozulması formalarından biri hesab olunur. Silahlı hücum faktının ilkin müəyyən edilməsi hüququ zərər çəkmiş dövlətə məxsusdur. Hər hansı bir dövlət özünə qarşı silahlı hücum baş verdiyini hesab etdikdə, BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən, fərdi və ya kollektiv özünümüdafiə hüququndan istifadə edə bilər.
Azərbaycan dövləti beynəlxalq hüquqla tanınmış təbii (inherent right) özünümüdafiə hüququna (BMT Nİzamnaməsinin 51-ci maddəsinə əsasən) malikdir və bu hüququ həyata keçirməklə, işğal olunmuş torpaqlarını azad etmək səlahiyyətinə sahibdir. Bu hüquqdan yalnız Azərbaycan deyil, beynəlxalq təcrübədə də istifadə edilmişdir. Məsələn, 1990-cı illərin əvvəllərində Küveytin İraq tərəfindən işğalına cavab olaraq BMT Təhlükəsizlik Şurası 660 saylı, daha sonra 678 saylı qətnamə qəbul etmişdir. İraq 660 saylı qətnaməyə əsasən Küveytin işğalının dayandırılmasından ötrü İraqa 1991-ci il yanvarın 15-ə qədər vaxt verilmişdir. İraq buna məhəl qoymadığı üçün Təhlükəsizlik Şurasının 678 saylı qərarına əsasən bölgə üzərində ortaq maraqları olan 38 ölkə ABŞ liderliyində BMT vasitəsilə İraqa qarşı koalisiya təşkil etmiş, 1991-ci ilin əvvəlində həyata keçirilən hərbi əməliyyatlardan sonra İraq qoşunlarının Küveytdən çıxarılmışdır. Həmin həyata keçirilən əməliyyatlar həmin dövlətin ərazi bütövlüyünün bərpası və özünümüdafiə hüququnun reallaşmasının nümunəsi kimi qəbul edilmişdir.
Azərbaycan Respublikasının Vətən müharibəsini hüquqi cəhətdən əsaslandıran beynəlxalq hüquqi aktların siyahısı və müvafiq müddəaları aşağıdakılardır: BMT Nizamnaməsinin hücuma məruz qalmış Üzv Dövlətin ayrılmaz fərdi və kollektiv özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsi və digər əlaqədar müddəaları; müharibəni dövlətdaxili siyasətin aləti kimi istisna edən 1928-ci il tarixli Kellog-Brian Paktı; “Təcavüzün anlayışı” haqqında BMT Baş Məclisinin 1974-cü il tarixli, 3314 (XXIX) saylı qətnaməsi; “Dövlətlərarası dostluq münasibətlərini və əməkdaşlığı tənzimləyən beynəlxalq hüququn prinsipləri haqqında bəyənnamə”, “Beynəlxalq miqyasda hüquq pozuntusu təşkil edən aktlara görə dövlətlərin məsuliyyəti” haqqında BMT Baş Məclisinin Qətnaməsi; BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsilə bağlı 822, 853, 874 və 884 saylı qətnamələri və s.
Erməni qəsbkarlarının təxribatına cavab olaraq başlanan 2020-ci ilin sentyabrın 27-dən başlanılan 44 günlük müharibə, həmçinin 2023-cü il sentyabrın 19–20-də həyata keçirilən antiterror əməliyyatı uzun müddətli siyasi və hərbi arenada mübarizənin qalibiyyətlə yekunudur. Nəticədə Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmişdir. Bu proses Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsinin işğal edilmiş bütün ərazilərdə bərqərar olmasına imkan vermişdir. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli, 294 nömrəli Sərəncamına əsasən, sentyabrın ayının 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu günü bayram kimi qeyd etmək qələbənin nəticəsi kimi xalqımızın haqqıdır.
Beləliklə, Azərbaycan təcrübəsi göstərdi ki, beynəlxalq hüququn əsas prinsipləri – xüsusilə ərazi bütövlüyü və özünümüdafiə hüququ real siyasi və hüquqi təcrübədə tətbiq olunan fundamental dəyərlərdir. Bu gün qarşıda duran əsas vəzifə azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri aparmaq, hüquq institutlarını möhkəmləndirmək, regional əməkdaşlıq və beynəlxalq hüquqa hörmət əsasında davamlı sülhü təmin etməkdir. Qeyd etdiklərimizə əsasən, Azərbaycan nümunəsində ərazi bütövlüyü həm milli kimliyin, həm də beynəlxalq sülh və təhlükəsizliyin təməl prinsipi kimi tətbiq edilmişdir..
Pərvanə Məmmədova
Şəki Rayon Məhkəməsinin hakimi