Ceyhun Bayramov və İshaq Dar enerji əməkdaşlığının genişləndirilməsini müzakirə ediblər - YENİLƏNİB


  • 21:36

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.

E-huquq.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.

"Tərəflər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini və qardaşlıq əlaqələrini vurğulayıblar", - XİN-in məlumatında bildirilib.

Həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.

***

21:21

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmmdə İshaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirilən açıq debatları çərçivəsində enerji və mayeləşdirilmiş təbii qaz sektorunda əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

E-huquq.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

"Müdafiə sahəsində tarixi əlaqələr və Pakistanın Baş naziri Şahbaz Şərif ilə Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi nəticəsində yaranmış yüksək dinamika xüsusi qeyd olunub. Həmçinin güzəştli ticarət və tranzit ticarəti sazişləri çərçivəsinin optimallaşdırılması hesabına iqtisadi əməkdaşlığın genişləndirilməsi, eləcə də enerji və mayeləşdirilmiş təbii qaz sektorunda qarşılıqlı fəaliyyətin artırılması barədə razılıq əldə olunub", - məlumatda bildirilib.

Tərəflər həmçinin BMT Nizamnaməsinə, dövlətlərin suverenliyi və ərazi bütövlüyünə sadiqliklərini təsdiqləyib, Qlobal Cənub ölkələrinin ədalətli beynəlxalq nizamın formalaşdırılmasında rolunun vacibliyini vurğulayıblar.

Oxşar xəbərlər