"“Rəqəmsal sübut” anlayışının Cinayət-Prosessual Məcəlləsində əks olunmasına zərurət var"


  • 3 Fevral 2023 09:58

Kompüter texnikası, şəbəkə texnologiyaları və elektron qaydada təqdim olunan rəqəmsal informasiya müasir həyatın ayrılmaz hissəsi olmaqla yanaşı, bu texnologiyaların inkişafı cəmiyyətə və dövlətə bir çox sahələrdə fayda vermiş, insanların gündəlik həyatını və iş prosesini asanlaşdırmışdır. Bütün dünyada hökm sürən COVID-19 pandemiyası videokonfrans sistemlərin həm ayrı-ayrı şəxslər, həm də bütövlükdə cəmiyyət və dövlət üçün əvəzsiz olduğunu bir daha sübut etdi.

Rəqəmsallaşdırma cəmiyyətin və dövlətin həyat fəaliyyətinin digər sahələrini əhatə etdiyi kimi, istintaq və məhkəmə praktikasında da rəqəmsal texnologiyalardan geniş istifadəyə zərurət yaranmışdır. Təsadüfi deyil ki, məhz bu zərurətdən irəli gələrək Cinayət-Prosessual Məcəlləsində məhkəmə və hüquq-mühafizə orqanlarının iş fəaliyyətini asanlaşdıran, vətəndaşların dövlət orqanlarına əlçatımlığını artıran, dövlətin maddi resurslarının qənaət edilməsinə səbəb olan bir sıra mütərəqqi dəyişikliklər edilmiş, o cümlədən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq edilməsi, fasiləsiz audio və videoyazılışla məhkəmə prosesslərinin aparılması, prosessual sənədlərin elektron qaydada tərtib edilməsi və dövriyyəsi, cinayət prosesinin iştirakçılarının hüquqlarının təmin edilməsi məqsədi ilə pandemiya dövründə belə məhkəmə icraatının tezliyinin təmin edilməsinə xidmət edən videokonfrans əlaqə sisteminin geniş tətbiqi bu proseslərin aşkar təzahürüdür.

Lakin kompüter texnikasının inkişafı, həmçinin bu sahədə törədilən cinayətlərin də artmasına, cinayətkarlar tərəfindən kompüter texnologiyalarından aktiv istifadə edilməsinə səbəb olmaqla, cinayətlərin törədilmə üsullarını daha mürəkkəb etmiş, onların əməliyyat-axtarış və istintaq orqanları tərəfindən açılmasını çətinləşdirmişdir.

Müasir kompüter texnologiyarının imkanlarından yararlanaraq törədilən cinayətlərin dairəsi olduqca genişdir. Bura iqtisadi sahədə törədilən cinayətlər, kiber cinayətlər, terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi və s. aid etmək olar.

Bu növ cinayətlərin açılmasında və təqsirkarların cinayət əməllərinin sübuta yetirilməsində audio və video yazıların, internet yazışmalarının, mobil rabitə danışıqlarının, sosial şəbəkələrdə və digər internet resurslarında olan məlumatların müəyyən edilməsi, götürülməsi və sübut kimi tanınaraq məhkəməyə təqdim edilməsi, iş üzrə konfidensiallığın qorunması və qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən həmin sübutların məhv edilməsi xüsusi əhəmiyyət daşıyır.

Göstərilən elektron məlumatların cinayət təqibi üzrə icraatda fiksə edilməsi üçün bir sıra ölkələrin prosessual normalarında ayrıca sübut növü kimi “rəqəmsal” və ya “elektron” sübutlar anlayışı tətbiq edilmişdir.

“Rəqəmsal sübut” (digital evidence) dedikdə ikili say sistemində əldə edilən, saxlanılan və ötürülən, sübut kimi istifadə edilə bilən məlumatlar başa düşülür.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində 5 sübut növü nəzərdə tutulmuşdur. Bunlar şübhəli, təqsirləndirilən, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlərdir.

Qeyd edilən sübut növlərindən fərqli olaraq rəqəmsal sübuta fiziki toxunmaq və onu fiziki əldə etmək mümkün olmadığından, onun götürülməsi və sübut növü kimi fiksə edilərək saxlanılması texniki cihazlar və xüsusi kompüter proqramlarının, eləcə də xüsusi biliklərin tətbiqini tələb edir.

Həmçinin burada əsas diqqət rəqəmsal sübutun əldə edilməsi, saxlanılması, göndərilməsi və gələcəkdə mümkünlüyü və mötəbərliyi şübhə altına qoyulmayan sübut növü kimi istifadə edilməsinə yönəlməlidir. Misal üçün, götürmə istintaq hərəkəti apararkən müstəntiq hər hansı bir fiziki toxunula biləcək əşya və sənədləri götürməklə ona baxış keçirir və qablaşdırmaqla iş üzrə maddi sübut kimi tanıyır. Sonradan qanuni qüvvəyə minmiş məhkəmə hökmünə əsasən həmin əşya və ya sənəd məhv edilməklə ondan təkrar istifadə edilməsinin və ya iş üzrə konfidensial məlumatların yayılmasının qarşısı alınır.

Lakin iş üzrə əhəmiyyət kəsb edən audio, video yazının, elektron poçt və sosial şəbəkə yazışmalarının, bank və ya sair rəqəmsal məlumatın götürülməsi və onun maddi sübut kimi tanınması zərurəti yarandıqda adətən sübut əhəmiyyəti kəsb edən məlumatın özü deyil, onun daşıyıcısı (sərt disk, kompakt disk, fləş kart və sair) maddi sübut kimi tanınır. Hansı ki, sonradan həmin sübutun dəyişdirilməsi, saxtalaşdırılması, silinməsi və ya yayılmasının, nəticədə məlumatların mötəbərliyinin şübhə altına alınmasının qarşısını almır və iş üzrə yekun qərar qəbul edildikdə rəqəmsal sübutun özünün deyil, onun daşıyıcısının məhv edilməsi barədə qərar qəbul edilməklə, sonradan bu növ sübutun yayılması, ondan təkrar istifadə edilməsinin qarşısını almamaqla, rəqəmsal sübut barədə düzgün hüquqi qiymət verilməməsinə səbəb olur.

Rəqamsal sübut anlayışının tətbiq edilməsi bu növ sübutların götürülməsi və istifadə edilməsini asanlaşdırması ilə yanaşı, barəsində götürmə aparılan fiziki və hüquqi şəxslərin mülkiyyət və digər hüquqlarının pozulmasının qarşısının alınmasına səbəb olur.

Misal üçün, iqtisadi sahədə və ya korrupsiya cinayətlərinin istintaqı zamanı hər hansı bir bank və ya dövlət müəssisəsində olan onlarla kompüterdən və ya ümumi serverdən dərhal məlumatların götürülməsi və sonradan uzun sürən ekspertiza tədqiqatına təqdim edilməsi zərurəti yarandıqda, hazırki cinayət-prosessual qanunvericiliyin tələbinə əsasən bütün kompüterlər və ya ən azından onların sərt diskləri, o cümlədən ümumi istifadədə olan server götürülməli və ekspertiza tədqiqatına təqdim edilməlidir.

Bu da öz növbəsində təqsirinin olması hələ ehtimal edilən fiziki və ya hüquqi şəxslərin biznes fəaliyyətinin iflic olunmasına, dövlət müəssisəsinin işinin dayanmasına səbəb olmaqla bir çox neqativ fəsadların yaranmasına zəmin yaradır.

Bundan əlavə, hər hansı bir sosial şəbəkədə və ya digər internet resurslarda olan məlumatların, həmçinin müasir dövrdə geniş istifadə edilən “bulud texnologiyaları” vasitəsi ilə (cloud storage) saxlanılan məlumatlar bir neçə coğrafi məkanda olan serverlərdə saxlanılmaqla 3-cü şəxs tərəfindən müştərilərə istifadəyə verilir.

Bu da cinayət təqibini aparan şəxs tərəfindən kompüter sistemlərini, onların hissələrini, yaxud daşıyıcılarının götürülməsini və maddi sübut kimi tanımaqla iş materiallarına əlavə etməsini mümkünsüz edir.

Qeyd etmək olar ki, ABŞ, Cənubi Koreya Respublikası və digər kompüter texnologiyalarının inkşaf etməklə rəqəmsal sübutların tanındığı ölkələrdə fiziki və məntiqi köçürmə üsullardan istifadə edilməklə faylların götürülməsi, sonradan onlara “hash” alqoritmləri verilməklə sübut kimi tanınmasından istifadə edilir.

Belə ki, fiziki köçürmə üsulu ilə (physical image) kompüterin və ya smartfonun bütöv yaddaşı bir fayl şəkilində və ya məntiqi köçürmə üsulu ilə (logical image) ayrı-ayrı fayllar və programlar ayrıca daşıyıcıya köçürülür, həmin faylın dəyişilməsi mümkün olmayan “hash” alqoritmi, yəni rəqəm və hərf simvollarından ibarət kodu (misal: 026f8e459c8f89ef75fa7a78265a0025) 3 nüsxədə çıxarılır. Bir nüsxəsi barəsində rəqəmsal məlumatlar götürülən şəxsə verilir, digər nüsxəsi götürən şəxs tərəfindən iş materiallarına əlavə edilir, üçüncü nüsxəsi isə məlumat köçürülən daşıyıcının üzərində qeyd olunur. Misal üçün, Cənubi Koreya Respublikasında “MD5(128bit)”, ABŞ-da “SHA1(160bit)”, “SHA2(224, 256, 384 və ya 512 bit)” “hash” alqoritmlərinin birindən və ya bir neçəsindən istifadə edilir. Ən sadə “hash” alqoritmi olan “MD5” 32 simvoldan ibarət koda malikdir və götürülmüş faylda “1 bit” informasiyanın sonradan dəyişdirilməsi bütün “hash” simvollarının dəyişdirilməsinə səbəb olmaqla onun təkrarlanma ehtimalı 1/34 mlrd. nisbətdədir.

Beləliklə, barəsində götürülmə aparılan şəxsin kompüteri və ya smartfonu götürülmədən onun gündəlik iş fəaliyyətinə zərər yetirilmir, yalnız fiziki və ya məntiqi köçürmə üsulu ilə götürülmüş fayl, yəni rəqəmsal sübut ekspertiza tədqiqatına göndərilir və iş materiallarında “hash” alqoritminin kodu vasitəsi ilə həmin fayl sübut kimi tanınmaqla icraat materiallarında sonradan dəyişdirilməsi mümkün olmayan “hash” alqoritmi qeyd olunur.

Qeyd edilənlər kompüter məlumatlarının itki və modifikasiya riskinə məruz qaldığını güman etməyə kifayət qədər əsaslar olduqda cinayət təqibini aparan şəxs tərəfindən həmin məlumatlar saxlanılan fiziki və hüquqi şəxsin bu məlumatların mühafizəsini təşkil etməsinin tapşırmasını lüzumsuz edir.

Rəqəmsal sübutların əldə edilməsi ilə bağlı digər bir məsələ, fiziki və hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin qorunması məqsədi ilə bu məlumatların əldə edilməsi üçün məhkəmə qərarının alınmasının zəruri olmasıdır. Belə ki, digər sübut növlərindən fərqli olaraq rəqəmsal sübut və onun saxlanıldığı cihazlar (mobil telefon, kompyuter, xarici yaddaş kartı və s.) fiziki və hüquqi şəxslər üçün daha əhəmiyyətli və konfidensial məlumatların daşıyıcısı rolundan çıxış edirlər.

Misal üçün, Amerika Birləşmiş Ştatlarında elektron sübutların tətbiqində əsas çətinliklər bu sübutların mümkünlüyü ilə bağlıdır. Bir çox ştalarda elektron məlumatların götürülməsi və tədqiqi üçün məhkəmə orderinin olması tələb olunur. Geniş müzakirələrə səbəb olmuş Şrederin işində müstəntiqlər tərəfindən digər cinayətlə bağlı araşdırma aparılan zaman kompüterə baxış keçirilərkən uşaq pornoqrafiyasına aid şəkillər aşkar edilmişdir. Lakin həmin cinayət maddəsi ilə Şrederə ittiham verilməsi üçün məhz bu məsələ ilə bağlı əvvəlcədən məhkəmə orderinin alınması tələb olunmuşdur. (State v. Schroeder, 613 NW 2d 911 - Wis: Court of Appeals 2000.)

Ümumiyyətlə ABŞ-ın məhkəmə praktikasında rəqəmsal sübutlardan geniş istifadə edilir. Hələ keçən əsrin 80-ci illərindən məhkəmə proseslərində elektron poçt, bank köçürmələrinə dair məlumatların, rəqəmsal fotoşəkillərin, mətn fayllar, internet brauzerinin tarixi və s. elektron məlumatlardan sübut növü kimi istifadə etməyə icazə verilmişdir. Bu zaman rəqəmsal sübutların istifadəsinə dair bir neçə əsas qayda müəyyən edilmişdir. Xüsusən proses iştirakçılarından tələb olunurdu ki, onlar "kompüter avadanlığının və proqramların etibarlılığını", “ilkin məlumatların daxil edildiyi üsulları”, “daxil edilən məlumatların dəqiqliyini təmin edən tədbirlər”, eləcə də “məlumatların saxlanılma üsulları və onların itirilməsinin qarşısının alınmasına yönəlmiş tədbirləri məhkəməyə nümayiş etdirsinlər.

Rəqəmsal sübutların tətbiqi məsələsinə Avropa İttifaqına daxil olan ölkələrdə də diqqətlə yanaşılır. 2018-ci ilin dekabrında Avropa İttifaqının (Aİ) ən yüksək qanunvericilik institutlarından biri olan Avropa İttifaqı Şurası, səs çoxluğu ilə Avropa Komissiyası tərəfindən təklif edilmiş cinayət işləri üzrə elektron sübutların əldə edilməsi və saxlanılmasının təmin edilməsinə dair Avropa sorğularının Reqlamentinə və müvafiq Direktivə dair proyektləri təsdiqləmişdir. 2020-ci ilin sonunda isə Avropa Parlamentinin mülki azadlıqlar, ədalət mühakiməsi və daxili işlər üzrə Komitəsi (LİBE) tərəfindən Reqlamentin və Direktivin yekun mətni qəbul edilmişdir. Həmin qaydalar Avropa İttifaqına daxil olan ölkələr arasında cinayət işləri üzrə hüquqi yardımın tezləşdirilməsinə, terrorizm və kiber cinayətlər üzrə xüsusi əhəmiyyət kəsb edən elektron (rəqəmsal) sübutların əldə edilməsi mexanizmlərinin asanlaşdırılmasına yönəlmişdir.

Bundan başqa, 2019-cu ildə Beynəlxalq Cinayət Polisi İdarəsi (İnterpol) tərəfindən rəqəmsal sübutlara həsr olunmuş ilk onlayn təlim keçirilmişdir. Təlimdə rəqəmsal sübutların əldə edilməsi zamanı yaranan əsas çətinliklər, o cümlədən xarici mənbələrdən bu növ sübutların əldə edilməsi, saxlanılması və istifadə edilməsi qaydaları müzakirə edilmiş, həmçinin üzv dövlətlərin qanunverici və hüquq-mühafizə orqanlarına müvafiq tövsiyyələr verilmişdir.

Qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikasının ratifikasiya etdiyi “Kibercinayətkarlıq haqqında” 23 noyabr 2001-ci il tarixli Budapeşt Konvensiyasında cinayət işləri üzrə sübutların elektron formada toplanması və tərəflərə verilməsi qaydaları müəyyən edilmişdir.

Fikrimizcə, gələcəkdə “Rəqəmsal sübut” anlayışının ayrıca sübut növü kimi Cinayət-Prosessual Məcəlləsində müəyyən edilməsi, bu növ sübutların toplanılması, götürülməsi, onlardan səmərəli istifadə edilməsi və rəqəmsal sübutlarla bağlı düzgün hüquqi qiymət verilməsinə zəmin yaratmış olar.

Fəhmin Hümbətov

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi

Oxşar xəbərlər