- 8 Sentyabr 10:59
Son illər Azərbaycan Respublikasının məhkəmə-hüquq sistemində bir sıra əhəmiyyətli islahatlar həyata keçirilmiş və keçirilməkdədir. Bu dəyişikliklər ədalət mühakiməsinin şəffaflığını, hüquq və azadlıqların qorunmasını gücləndirmək məqsədi daşıyır. Məhkəmə orqanlarının müstəqilliyinin artırılması, elektron məhkəmə sisteminin tətbiqi, vətəndaşların müraciətlərinə daha sürətli və effektiv cavab verilməsi kimi addımlar xüsusi qeyd olunmalıdır.
Lakin bəzi sahələrdə hələ də beynəlxalq standartlara uyğun təkmilləşdirmələrə ehtiyac var. Bunlardan biri də Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsində (CPM) müstəntiqin cinayət işi başlamaq haqqında qərarından hüquq və azadlıqları pozulan şəxsin şikayət vermək imkanının olmamasıdır. Bu qayda nə hüquqi dövlət prinsipinə, nə Azərbaycan Respublikasının Konstitusiyasına, nə də Avropa İnsan Hüquqları Konvensiyasına (AİHK) uyğun gəlmir.
Bu vəziyyət bir sıra problemlər yaradır:
1. Hüquqi müdafiənin gecikməsi – Şəxs, qanunsuz cinayət işinin açılmasının qarşısını vaxtında ala bilmir, bu da onun hüquqlarının pozulması riskini artırır.
2. Konstitusiyaya ziddiyyət – Azərbaycan Konstitusiyasının 60-cı maddəsi hər bir şəxsin qanunla təmin olunan hüquq və azadlıqlarının məhkəmədə müdafiə olunmasını təmin edir. Müstəntiqin qərarından şikayət hüququnun olmaması bu prinsipə ziddir.
3. Avropa İnsan Hüquqları Konvensiyasına uyğunsuzluq – AİHK-nın 6-cı maddəsi (Ədalətli məhkəmə hüququ) və 13-cü maddəsi (Səmərəli hüquqi müdafiə vasitələri hüququ) cinayət işinin ilk mərhələsindən etibarən şəxsin öz hüquqlarını müdafiə etməsini tanıyır.
Yaxın qonşularımızdan olan Rusiyada cinayət prosesini həyata keçirən orqanın bütün prosessual hərəkətlərindən və ya qərarlarından tərəfin məhkəməyə şikayət vermək hüququ tanınır. Belə ki, Rusiya CPM-nin 125-ci maddəsinə görə «Təhqiqat orqanının, müstəntiqin, istintaq orqanı rəhbərinin cinayət işinin başlanmasından imtina edilməsi, cinayət işinə xitam verilməsi haqqında qərarlarından, habelə tədqiqatçının, təhqiqat bölməsi rəisinin, tədqiqat orqanın, müstəntiqin, istintaq orqanının və prokurorun cinayət prosesi iştirakçılarının konstitusiya ilə müəyyən olunmuş hüquq və azadlıqlarına zərər vurmağa və ya vətəndaşların ədalət mühakiməsinə çıxışına mane olmağa qadir olan qərarlarından, habelə başqa hərəkətlərindən (hərəkətsizliklərindən) cinayət tərkibi olan əməlin törədildiyi yer üzrə rayon məhkəməsinə şikayət verilə bilər. İbtidai istintaqın yeri bu Məcəllənin 152-ci maddəsinin ikinci – altıncı hissələrinə uyğun olaraq müəyyən edildikdə, göstərilən şəxslərin hərəkətlərindən (hərəkətsizliyindən) və qərarlarından şikayətlərə cinayət işi icraatında olan orqanın olduğu yer üzrə rayon məhkəməsi tərəfindən baxılır».
Cinayət işinin başlanması mərhələsi çox önəmlidir, çünki bu cinayət prosesinin ilkin mərhələsi, cinayət hadisəsinin olub-olmamasından asılı olan bir mərhələdir. Törədilməkdə olan və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda cinayət işinin başlanması üçün Cinayət-prosessual qanunvericiliyi 2 halı müəyyən edir:
1) cinayət işinin başlanması üçün əsasların kifayət qədər olmasına dair aparılan ilkin yoxlamanın nəticələrinə uyğun olaraq cinayət işinin başlanması.
2) cinayət işinin dərhal başlanması;
Hər iki halda törədilmiş, törədilməkdə olan və ya hazırlanan cinayətlərə dair cinayət işinin başlanması üçün CPM-nin 204-206-cı və ya 208-ci maddələrində nəzərdə tutulmuş məlumatlar olmalıdır. Belə məlumatlar olduqda cinayət işinin başlanması üçün iki şərt ödənilməlidir:
1) cinayət işinin başlanması üçün kifayət qədər əsaslar olmalıdır;
2) cinayət təqibini istisna edən halların olmadığını güman etməyə əsaslar olmalıdır.
Təcrübədə bəzən elə hallara rast gəlinir ki, tam, hərtərəfli, obyektiv araşdırma aparılmadan, cinayət hadisəsinin baş vermə faktı və halları sübutlara əsasən müəyyən edilmədən, o cümlədən kifayət qədər əsas və səbəb olmadan təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorlar tərəfindən cinayət işinin başlanması haqqında qərarlar qəbul edilir.
Cinayət-Prossesual Məcəlləsinin bəzi müddəaları belə bir illüziya yaradır ki, müstəntiqin cinayət işi başlama haqqında qərarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror yoxlayaraq ləğv edə bilər. Belə bir illüziyanı Cinayət-Prossesual Məcəlləsinin 84.5.8, 122.2.1-122.2.3 və 122.10 -cu maddələri yaradır. Belə ki, CPM-nin 84.5.8- ci maddəsinə görə Prokuror təhqiqatçının və ya müstəntiqin qanunsuz və əsassız qərarlarını ləğv edə bilər, CPM-nin 122.2.1. maddəsinə görə təhqiqatçının və ya müstəntiqin hərəkətindən və ya qərarından — ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora şikayət vermək olar, CPM-nin 122.2.2.-ci maddəsinə görə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətindən və ya qərarından — yuxarı prokurora şikayət vermək olar, CPM-nin 122.2.3.-cü maddəsinə görə CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun hərəkətlərindən və ya qərarlarından — məhkəmə nəzarəti funksiyasını həyata keçirən məhkəməyə şikayət vermək olar. CPM-nin 122.10.-cu maddəsinə görə cinayət prosesini həyata keçirən orqan şikayətin dəlilləri üzrə əsaslandırılmış qərar qəbul edir və bu barədə şikayətçiyə yazılı məlumat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin IV hissəsində müəyyən olunmuşdur ki, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin II bəndinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Amma bütün bu maddələrdə göstərilənlərin cinayət işini başlamaq haqqında müstəntiqin qərarına aidiyyəti yoxdur, çünki bu halda həmin maddələr deklarativ xarakter daşıyır. Sual oluna bilər ki, niyə? Axı bu maddələrdə aydın göstərilib və müəyyən olunub ki, təqdiqatçının, müstəntiqin prossesual qərarlarından ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəməyə şikayət vermək olar. Amma bu ilk baxışdan belədir. Çünki məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prossesual qərarların siyahısı CPM-nin 449.3 maddəsində qəti olaraq göstərilib və bu siyahı hər hansı formada genişləndirilə bilməz. CPM-nin 449.3 maddəsində göstərilmişdir:
449.3. Bu Məcəllənin 449.2-ci maddəsində göstərilən şəxslər aşağıdakılarla bağlı cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından məhkəməyə şikayət vermək hüququna malikdirlər:
449.3.1. cinayət haqqında ərizənin qəbul edilməsindən imtina edilməsi;
449.3.2. tutma və həbsdə saxlanılması;
449.3.3. tutulmuş, həbs edilmiş və ya barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxsin hüquqlarının pozulması;
449.3.3-1. həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi;
449.3.4. həbsdə saxlanılan şəxsə işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi;
449.3.4-1. şəxsin cinayət prosesinin iştirakçısı qismində tanınmasının rədd edilməsi;
449.3.4-2. şəxsin müdafiəsi üçün təhlükəsizlik tədbirlərinin görülməsi barədə vəsatətin və ya xahişin rədd edilməsi;
449.3.4-3. ibtidai araşdırma orqanı tərəfindən qətimkan tədbirinin seçilməsi və ya dəyişdirilməsi;
449.3.5. cinayət işinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və ya ona xitam verilməsi;
449.3.6. məhkəmənin qərarı olmadan istintaq hərəkətinin məcburi aparılması, prosessual məcburiyyət tədbirinin tətbiq edilməsi, maddi sübut olan bəzi maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi, həbs edilmiş şəxsin istintaq təcridxanasından müvəqqəti saxlama yerinə keçirilməsi və ya əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi;
449.3.7. təqsirləndirilən (şübhəli) şəxsin müdafiəçisinin cinayət prosesindən kənarlaşdırılması;
Göründüyü kimi, bu siyahıda müstəntiqin cinayət işi başlamaq haqqında qərarı yoxdur, yəni bu qərardan məhkəmə nəzarəti qaydasında şikayət vermək mümkün deyildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 avqust 2009-cu il tarixli görə məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən bu prosessual hərəkət və qərarların CPM-nin 449.3 maddəsində nəzərdə tutulmuş dairəsi qətidir və cinayət prosesini həyata keçirən orqanın digər prosessual hərəkət və qərarlarından şikayət verilməsi yol verilməzdir.
CPM-in köhnə redaksiyasında bu qərarların siyahısında həmçinin cinayət işinin başlanması barədə qərar da mövcud olmuşdur. Lakin CPM-nə dəyişikliklər edilməsi haqqında 2 iyul 2001-ci il tarixli, 172-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə qeyd olunan qərar yuxarıda göstərilən siyahıdan çıxarılmışdır. Bu isə, ən azı, CPM-in özünün bir sıra normalanna ziddir. Belə ki, yuxarıda göstərildiyi kimi, CPM-nin 449.3-cü maddəsində göstərilmiş məhdudiyyət CPM-nin 122.2.1-122.2.3-cü maddələri ilə ziddiyyət təşkil edir. Çünki bu maddələrdə hüquq və azadlıqları pozulmuş şəxsin cinayət prosesini həyata keçirən orqanın bütün prosessual hərəkətlərindən və ya qərarlarından şikayət verilə bilmək imkanı tanınsa da, CPM-nin 449.3 maddəsi belə bir imkanı yalnız siyahıda göstərilmiş hallar üzrə tanıyır.
Azərbaycan məhkəmə-hüquq sistemində son illərdə görülən müsbət dəyişikliklərə baxmayaraq, cinayət işinin açılması mərhələsində cinayət prosesini həyata keçirən orqanların şikayət verilə bilən qərar və hərəkətlərinin dairəsinin məhdudlaşdırılması ciddi çatışmazlıqdır.
Qeyd etmək vacibdir ki, CPM-nin 449.3-cü maddəsi və eləcə də yuxarıda göstərilən Azərbaycan Respublikası CPM-nin 449.2.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 5 avqust 2009-cu il tarixli qərarı ilə cinayət prosesini həyata keçirən orqanların şikayət verilə bilən qərar və hərəkətlərinin dairəsinin məhdudlaşdırılmasının özü belə Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin IV hissəsi ilə və 71-ci maddəsinin II hissəsi ilə də ziddiyyət təşkil edir. Çünki Konstitusiyanın 60-cı maddəsinin VI hissəsi hər kəsə istənilən dövlət orqanının və vəzifəli şəxsin qərarlarından və hərəkətlərindən məhkəməyə şikayət vermək hüququ verir, 71-ci maddənin 2-ci hissəsi isə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəsin məhdudlaşdırmaq hüququ olmadığını təsbir edir.
Konstitusiyanın III fəsli (24-71-ci maddələr) bütövlükdə, yəni 158 maddədən 48-i insan və vətəndaş hüquqlarına və azadlıqlarına həsr edilib. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcu hesab edilir. Həmmin maddədə daha sonra göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir.
Ona görə də hüquqi dövlət prinsipindən çıxış etsək, CPM-nin 449.3-cü maddəsində nəzərdə tutulmuş məhkəmə nəzarəti qaydasında şikayət verilə bilən prosessual hərəkət və qərarların dairəsi qəti olmamalı, orada ən azından əvvəlki redaksiyada nəzərdə tutulmuş, lakin 2 iyul 2001-ci il tarixli 172-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının qanunvericilik toplusu, 2001-ci il, № 7, maddə 455) bu siyahıdan çıxarılmış 449.3.8-cu maddəsi (449.3.8. Məcəllədə nəzərdə tutulmuş digər hallarda) bərpa olunmalıdır. Hüquq və azadlıqları pozulmuş şəxslərin hüquq və azadlıqlarını, habelə qanuni mənafelərini pozan istənilən prosessual hərəkət və qərardan məhkəməyə şikayət vermək hüquqinun təmin olunması qanunun tələbidir.
Eldar Əliyev
Vəkillər Kollegiyasının üzvü