Strasburq Vəkillər Kollegiyasının azərbaycanlı üzvü: "Fransızlar üçün bu, müsəlman-xristian davasıdır"


  • 27 Noyabr 2020 11:53

"Senatın hazırki vəziyyətdə belə qətnamə qəbul etməsinin bir neçə səbəbi var. Bunlardan birincisi əlbəttə ki, erməni əsilli fransızların Fransa dövlətinin və senatorların üzərinə çox böyük təzyiq etməsidir. Fransa müharibə vaxtında demək olar ki, səsini çıxarmadı. Ermənilər Fransa dövlətindən onlara heç bir kömək etmədiklərinə görə çox narazı oldular, prezidentə və bütün dövlət qurumlarına bununla bağlı öz iradlarını bildirdilər. Digər səbəb ondadır ki, münaqişənin həlli Minsk Qrupundan kənarda oldu. Həmsədrlərdən biri olan Fransa bu münaqişənin həllində heç bir rol oynaya bilmədi. Bunun üçün Fransanın demək olar ki, diplomatik sahədə rolu itdi".

Bunu e-huquq.az-a açıqlamasında Fransada fəaliyyət göstərən Kəpəz Nəşriyyat Evinin həmtəsisçisi, Strasburq Vəkillər Kollegiyasının üzvü Dilbadi Qasımov Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respubliası”nın tanınması ilə bağlı qətnaməsini şərh edərkən deyib.

O qeyd edib ki, senatın qətnaməni qəbul etməsinin digər səbəbi isə Türkiyə ilə Fransa arasında hazırda çox gərgin diplomatik vəziyyətin və aralarında gedən soyuq müharibənin mövcudluğudur: Türkiyənin Suriyada, Liviyada və başqa ərazilərdə fəaliyyəti Fransanı çox narahat edir və onun diplomatik arenada nüfuzunun güclənməsinin qarşısını almağa çalışır. Qafqazda da artıq Türkiyənin aktiv olması və sözünün keçməsi Fransada birmənalı qarşılanmadı. Bu həm də Türkiyəyə qarşı atılan bir addım idi. Dinləmələr zamanı senatorlar ən çox Türkiyənin adını çəkib onu tənqid etdilər, nəinki Azərbaycanı. Balaca Şərq ölkəsi olaraq, Azərbaycanın öz gücünə hər hansı bir konfilikti həll etməsi, avropalıların köməyinə ehtiyyacı olmadan bu işi görməsi sözsüz ki, Fransaya xoş gəlmədi. Ona görə düşünürəm ki, bu sanksiya Azərbaycanı “cəzalandırmaq” istəyindən irəli gəlir. Bizim üçün bu münaqişənin dini aspektliyi yoxdur. Amma fransızlar üçün bu, müsəlman-xristian davasıdır və dinləmələr vaxtı da demək olar ki, senatorlar bu amildən çox danışdılar. Xristian amili müzakirələrdə çox geniş yer tutdu və hiss olunur ki, ermənilərin məhz xristian olması aspekti öz təsirini çox göstərdi".

D. Qasımov qeyd edib ki, Fransa Senatının qəbul etdiyi qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur: "Amma məsələ burasındadır ki, bu bir presedentdir və ilkdir. Həm də bu siyasi baxımdan çox önəmlidir və gələcəkdə ermənilərin çox işinə yarayacaq, hətta Fransa daxilində hər hasnısa bir addım atmaq istədikləri zaman bu sənədi əsas götürəcəklər. Bu, demək olar ki, Azərbaycanın maraqlarına qarşı çox vacib bir sənəddir. Narahatedici digər məqam ondadır ki, dinləmələr zamanı söz alan bütün senatorlar Azərbaycan və Türkiyənin ünvanına çox neqativ və ittihamedici sözlər səsləndirdilər. Azərbaycanı aqressor dövlət kimi tanıdıb və ermənilərin tarix boyu bizim tərəfimizdən qırğınlara, diskriminasiyalara məruz qaldıqlarını təqdim etdilər. Bu sənədin özündən çox dinləmələr zamanı Azərbaycanın ünvanına səsləndirilən təhqiramiz sözlər xoşagəlməz idi".

Onun sözlərinə görə, prinsipcə sənəd hökumətin xarici siyasətinə təsir etmir, amma senata və ya başqa orqanların hökumətə təzyiq etməsi üçün əsas verir: "Sabah hər hansı bir qrup senator yaxud deputat və digər orqanların üzvləri hökumətə hər hansısa çağırış edəcəkləri vaxt bu sənədi əsas götürəcəklər, bunu hüquqi gücü olan bir sənəd kimi təqdim edəcəklər. Əlbəttə ki, bu, gələcəkdə erməni diasporunun atacağı addımlara çox böyük rahatlıq yaradır və imkanlar verir".

Oxşar xəbərlər