- 11:12
Ümumi yanaşma
1940-ci ildə Türkiyədə dövrünün tanınmış vəkili Ali Heydər Özkəntin (1887-1961) müəllifi olduğu “Vəkilin kitabı” (“Avukatın kitabı”) adlı kitab nəşr olundu və müəllifin vəkilliklə bağlı mövqeləri zamanı üçün gözlənilməz və bir az da mübahisəli bir vəziyyət yaratdı. Vətən, millət, dövlət ruhundan çıxış edən müəllif sözügedən kitabında ilk dəfə olaraq bir türk vəkilinin necə olmasından, necə görünməsindən və necə davranış sərgiləməsindən ətraflı bəhs edirdi. Ali Heydər Özkənt kitabında yaxından tanış olduğu Avropa dövlətlərinin (Fransa, Böyük Britaniya, Rusiya, İtaliya) və Amerika Birləşmiş Ştatlarının vəkillik hüququ barədə ətraflı və müqayisəli məlumat verməsinə baxmayaraq bəzi Avropa nümayəndələri “Vəkilin kitabı”nı hüquq deyil, millətçilik və kişilik ruhunda yazılmış bir əsər kimi qiymətləndirirdilər. Buna baxmayaraq türk millətinə və dövlətinə qarşı yürüdülmüş çirkin siyasətə qarşı mübarizə ruhu ilə yazılmış kitab bu gün istər vəkillik təcrübəsində, istərsə də nəzəriyyəsində istinad olunan başlıca mənbələrdən biri hesab edilir.
“Vəkilin kitabı”nda müəllif bir çox məsələlərə, o cümlədən vəkilin xüsusi geyiminə (cübbəsinə, Türkiyə vəkilin xüsusi geyimini “cübbə” adlandırırlar, əslində Türkiyə “Vəkillik Qanunu”nun 49-cu maddəsində işlənilən “cübbə” sözü “xüsusi geyim” kimi nəzərdə tutulmuşdur) də toxunur və öz dəyərli fikirlərini açıq şəkildə ifadə edir. “...ən yüksək məqam vəkillikdir, ən dəyərli geyim isə cübbədir” deyən müəllif daha sonra cübbəni “ədalətə riayət etmək və etdirmək simvolu” kimi qələmə verir. Ali Heydər Özkəntin yaradıcılığını yüksək qiymətləndirən vəkil Mehmet Haşim Mısır (1948-2019) müəllifi olduğu “Vəkillik intizam hüququ” (“Avukatlıq disiplin hukuku”) kitabında vəkilin xüsusi geyimindən bəhs edərkən hüquq aləmində silinməz iz buraxan bir hadisəni xatırlatmışdır. Hadisəyə görə Fransada yeni “Vəkillik Qanunu”nun qəbulu ilə bağlı parlamentdə müzakirə aparılarkən qanunda nəzərdə tutulan vəkilin xüsusi geyiminə görə mübahisə yaranmış və bir qrup parlament üzvü xüsusi geyimə ehtiyac olmadığını, bu müddəanın “Vəkillik Qanunu”ndan çıxarılmasının zəruriliyini irəli sürmüşdülər. Həmin dövrlərdə məhkəmə iclasına gecikməmək üçün Paris Ədliyyə Sarayının dəhlizində xüsusi geyimlə qaçmaqda olan vəkil Paris Vəkil Bürosunun başçısı vəkil Carpertiers ilə qarşılaşır. Vəkil dərhal dayanır və hörmət əlaməti olaraq həfif şəkildə əyilərək peşə ustasına salam verir. Bəyaz saçları ilə həmkarının təlaşlı, dağınıq bir vəziyyətdə dəhlizdə qaçmasını görən Paris Vəkil Bürosunun başçısı həmkarına belə bir xəbərdarlıq edir: “Öncə əyilmə, üzərindəki şərəfli geyim sənin heç bir vəzifə və şəxs önündə əyilməməni tələb edir. Sonra qaçma, bu geyim ilə yüz illərin şərəf və ləyaqətini daşıyırsan, bu geyim ilə başını dik tutmalı və təntənəli gəzməlisən".
Bu hadisədən 430 il öncə, hadisənin baş verdiyi ərazidə 1540-cı ildə Fransa kralı I Fransisk (1494-1547) tərəfindən qəbul edilən bir fərmanda deyilirdi: “...vəkillər xüsusi paltar, uzun geyim, yuvarlaq baş örtüyü geymədikcə, üzləri təmiz olmadıqca, üstləri və ayaqqabıları təmiz görünməyincə hakimin qarşısına çıxmaqları qadağan edilir.” Məhz kralın rəsmi olaraq ənənəsini qoyduğu “vəkilin xüsusi geyimi” Fransa parlamentində müzakirə edilsə də yekun olaraq qanunda öz əksini tapmışdı.
Vəkilin xüsusi geyimi ilə bağlı bu gün dünya ölkələrinin əksəriyyətində (Türkiyə, Böyük Britaniya, Braziliya, Kanada, Almaniya, Portuqaliya, Polşa və s.) hüquqi təcrübə mövcuddur və bu ölkələrin vəkilləri iştirak etdikləri məhkəmə iclaslarında xüsusi geyimlə çıxış edirlər.
Zəruri yanaşma
Unutmaq lazım deyil ki, vəkil özünü vəkil kimi təqdim etmədən öncə, onun əynindəki xüsusi geyim hələ kənardan onun hansı peşəyə mənsub olduğunu diqqətə çatdırır, çünki bu xüsusi geyim formasından istifadə yalnız vəkillik peşəsinin mənsubları üçün nəzərdə tutulmuşdur. Odur ki, vəkil üçün ilkin görünüş çox önəmlidir, çünki vəkilin şüuruna, onun peşəkarlığına qiymət verilmədən öncə onun görüntüsü diqqət mərkəzində və fikir predmetində olur. İlk baxışdan görüntü artıq vəkil barəsində müəyyən fikirin formalaşmasına gətirib çıxardır ki, burada geyim, geyimin görünüşü xüsusi əhəmiyyətə malikdir. Təbii ki, vəkilin şüurunun gücü, peşəkarlığı onun geyimindən asılı deyildir, lakin geyimi onun peşəkarlığına dəlalət edən bir əlamət kimi sayılmaqdadır.
Vəkilin xüsusi geyimi eyni zamanda vəkilliyin, onu daşıyan vəkilin şərəfinə çevrilməkdədir. Bir insan öz şərəfinə nə qədər əhəmiyyətli yanaşırsa, bir vəkil də öz xüsusi geyiminə o qədər diqqətli və məsuliyyətli yanaşmalıdır. Odur ki, vəkil nəinki xüsusi geyiminə hörmət etməli, hətta onu qorumalıdır, öz dəyərli, xüsusi bir əmlakı kimi. Bir əşyanı dəyərli edən ona göstərilən etimaddır, diqqət və qayğıdır. Etimad, diqqət və qayğı nə qədər yüksək səviyyədə olarsa həmin əşyanın da dəyəri yüksəlməkdə davam edər, yüksəldikcə həm öz dəyərini nümayiş etdirər, həm də sahibinin necə bir dəyərə malik olduğunu göstərər. Vəkilin xüsusi geyimi vəziyyətinə, görkəminə və istifadəsinə görə vəkil və vəkillik barəsində kənardan mənfi fikir formalaşdırmamalıdır. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəzən məhkəmə dəhlizlərində məhkəmə iclasına gecikməmək üçün tələsən (hətta qaçan), bəzən məhkəmə binasının önündə, yaxud dəhlizlərdə tələsik xüsusi geyimi geyinən, bəzən də xüsusi geyimə qulluğu diqqətdən kənar saxlayan vəkillərlə rastlaşırıq. Bu barədə Ali Heydər Özkəntin müəllifi olduğu “Vəkilin kitabı”ndan xüsusi olaraq seçilmiş ifadələri elan etməkdə fayda bilirəm: “...məhkəmədə soyuq-isti bəhanəsilə, cübbənin palto və ya istənməyərək daşınılan bir yük kimi qolda daşınması və yaxud çiyinə atılması doğru deyildir. Cübbənin təmiz saxlanılması, kirləndikcə, yağlandıqca, orası-burası sökülüb deşildikcə yenisi düzəldilməsi kimi bir vəziyyətdə kiçik; fəqət peşə bağlılığına, ədalət simvoluna sayğı və təmizliyə sevgiyi göstərməsi etibarıyla böyük olan incəliklərə etinasızlıq etməmək peşə vəzifələrindəndir.”
Qeyd olunan arzuolunmaz halların baş verməməsi üçün vəkil yetərincə diqqətli olmalı, bilərəkdən, yaxud bilməyərəkdən buna şərait yaratmamlıdır. Vəkilə məhkəmə iclasında xüsusi geyimsiz iştirak etməsi, yaxud xüsusi geyimi kənarda deyil, məhkəmə iclasında geyinməsi ilə bağlı irad bildirə bilər, lakin peşəkar vəkil bunu diqqətdə saxlamalı, iradın meydana gəlməsinə şərait yaratmamalıdır. Çünki kimsə yüz illərin sınağından çıxmış və öz nüfuzunu qorumaqda davam edən vəkillik peşəsinin daşıyıcısına onun yaratdığı şəraitdən kənar irad formalı münasibət bildirə bilməz.
Məhkəmə dəhlizlərində bəzən sellafon torbada gəzdirilən, zərurət olduqda harda olmasından asılı olmayaraq o torbada əzilmiş vəziyyətdə çıxardılan və birbaşa əyinə geyilən xüsusi geyim sahibi olan vəkillərin də mövcudluğu danılmazdır. Nə yazıq ki, belə vəkillərə söz deməkdə çətinlik çəkirik, çünki vicdanlı vəkilin peşə simvoluna - özünə aid xüsusi geyiminə belə davranması inandırıcı deyildir. Vəkillik peşəsini həyata keçirən şəxsin vicdanlı olması məsələsinə gəlincə, unutmaq olmaz ki, hər bir vəkil, öncəliklə bir insandır və hər bir insanın vicdanlı olması yaxşı mənada tövsiyə və təqdirəlayiq bir haldır. Eyni zamanda hər bir insanın vicdanlı olmaması halında onun digər insanlar tərəfindən qəbul edilməsində mövcud çətinlik eyni zamanda başa düşülən olmalıdır və fərdi baxımından şəxsin vicdanlı olması onun subyektiv bir hüququdur və bu hüquqa kənar təsirin mövcudluğu qəbul edilən deyil. Lakin vəkil bir insanla yanaşı bir peşə daşıyıcısıdır və bu peşə daşıyıcısının üzərinə hüquqi baxımdan vicdanlı olmaq kimi bir nəzarət mexanizmi qoyulub və artıq vicdanlı olub-olmamaq kimi vəkilin bir seçimi yoxdur, o, peşəsinə münasibətdə birmənalı şəkildə vicdanlı olmalıdır. Bu yerdə Əbül Fərəcin münasibətinə toxunaraq qeyd etməyi zəruri hesab edirəm ki, vicdanlı şəxs özünü həmişə layəqətli aparan şəxsdir, o heç vaxt əzab çəkməz.
Təklifi yanaşma
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində vəkilliyin rəmzləri sırasında (Azərbaycan Respublikasının Dövlət bayrağı, Dövlət gerbi və vəkilliyin rəsmi emblemi) vəkilin xüsusi geyim forması nəzərdə tutulmayıb. Hesab edirəm ki, vəkilin xüsusi geyimi də vəkilliyin rəmzi sayılmalı və bu barədə müvafiq əlavə və dəyişiklik sözügedən normativ hüquqi aktda öz əksini tapmalıdır. Bundan əlavə, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə görə Azərbaycan Respublikasının vəkilləri məhkəmə iclaslarında xüsusi geyimdə iştirak edirlər. Hesab edirəm ki, vəkillər peşə fəaliyyətini həyata keçirərkən nəinki məhkəmə iclaslarında eləcə də digər orqanlarda, ümumiyyətlə peşə fəaliyyətini həyata keçirən zaman xüsusi geyimdə olmaları zəruri sayılmalı və bu hal gələcəkdə normativ hüquqi akt səviyyəsində müəyyən olunmalıdır.
Həmçinin Vəkillər Kollegiyasının orqanlarında (Vəkillər Kollegiyasının Rəyasət Heyətinin, Vəkillərin İntizam Komissiyasının və Vəkillərin İxtisas Komissiyasının vəkil olan üzvləri) üzv olan vəkillər də üzv olduqları orqanın iclaslarında xüsusi geyimdə iştirak etmələri bu peşənin əzəmətinə bir dəyər qatmış olar. “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 4.7-ci bəndinə əsasən, vəkil məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməlidir. Nəzərə alsaq ki, Əsasnamənin 6.4-cü bəndinə görə, bu Əsasnamədə qeyd olunan davranış qaydalarının pozulması vəkilin intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır, o zaman vəkilin məhkəmə iclaslarında xüsusi geyimdə iştirak etməməsi davranış qaydasının pozuntusu kimi qiymətləndirilə bilər. Lakin vəkil tərəfindən xüsusi geyim formasından istifadə ilə bağlı müvafiq vəzifənin mövcudluğu hüquqi aktda öz əksini tapmamaqdadır. Odur ki, vəkilin xüsusi geyim formasından istifadəsi (əldə etməsi, saxlaması və s.) ilə bağlı müvafiq qaydaların mövcudluğuna, eləcə də bu qaydaların tələblərinin pozulması halında vəkilin müvafiq məsuliyyət daşıması zəruriliyinə ehtiyac vardır.
Xüsusi yanaşma
Vəkilin xüsusi geyim formasını əksər hallarda “mantiya” adlandırırlar, hətta əksər vəkillər tərəfindən bu terminin “cübbə” kimi işlədilməsi təklifi də irəli sürülür. Bildirirəm ki, nə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda, nə də ki, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamədə “mantiya”, yaxud digər termin işlədilməmişdir, yalnız “vəkilin xüsusi geyimi” ifadəsi nəzərdə tutulmuşdur. Odur ki, vəkilin xüsusi geyiminin adı “xüsusi geyim” kimi qalmaqla başqa ad altında (mantiya, cübbə, xalat və s.) diqqətə çatdırılmasına zərurət yoxdur.
Xüsusi geyim formasında olan rənglərin hansı mahiyyət daşıması barədə rəsmi və qeyri-rəsmi müxtəlif fikirlər mövcuddur. Vəkilin hazırkı xüsusi geyimində olan yaşıl rəng subyektiv mülahizəmə görə sülh tərəfdaşı və səbirli olmaq mahiyyəti daşıyır. Həmçinin bu rəng İslamın rəngidir, İslam isə bizə paltarımızı təmiz saxlamağı (Quran, 74:4) məsləhət görür.
Paşa Səfərov
Vəkillərin İntizam Komissiyasının üzvü,
Vəkillərin Deontologiya Komitəsinin sədri