- 12:27
Hüquqi, dünyəvi, demokratik və mədəni dövlət olan müasir respublikamızda Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 14 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasının (bundan sonra – Konsepsiya) qəbul edilməsi mühüm əhəmiyyətli tarixi, hüquqi və mədəni hadisə kimi qiymətləndirilməlidir. Konsepsiya qlobal və ölkədaxili çağırışlar nəzərə alınmaqla, Azərbaycanın milli kimliyinə əsaslanan müasir mədəniyyət modelinin yaradılması, inkişafı və 2040-cı ilədək digər mədəniyyətlərlə qarşılıqlı əlaqələrinin genişləndirilməsi üçün dövlət mədəniyyət siyasətinin istiqamətlərini müəyyən edən və mədəniyyət sahəsi ilə bağlı fəaliyyətə vahid, sistemli və dayanıqlı yanaşmanı təmin edən strateji planlaşdırma sənədidir.
Doğrudan da, adından göründüyü kimi, Konsepsiya 2040-cı ilədək olan dövrü əhatə etməklə strateji məqsəd qarşıya qoyur. Bu məqsədə nail olunması üçün Konsepsiya, cəmiyyət üçün önəmli əhəmiyyət daşıyan mədəniyyət sahəsinin vahid mövqedən çıxış etməsini müəyyən edir. Hansı ki, bu yanaşma, yeni güclü regional aktor qismində Azərbaycan Respublikasının beynəlxalq arenada mövqeyinin qəti və dayanıqlı olmasını təmin etmək baxımından olduqca əhəmiyyətlidir. Çünki mədəniyyət hər zaman “pərdə arxasında qalan”, amma milli və ya dövlət suverenliyi üçün mühüm olan amildir. Belə ki, bir millətin məhv edilməsi, ilk növbədə onun mədəniyyətindən, ən əsası dilindən başlayır. Bu baxımdan Konsepsiyanın Azərbaycan dilini milli kimliyi müəyyən edən əsas mədəniyyət ünsürü olaraq nəzərdə tutması alqışlanmalıdır. Digər tərəfdən, mədəniyyətlə bağlı vahid yanaşmanın müəyyən edilməsi, yalnız xaricdən gələ biləcək təhdidləri bərtəraf etmir, eyni zamanda mədəniyyət diplomatiyasının inkişaf etdirilməsini, mədəniyyətdən beynəlxalq münasibətlərdə “yumşaq güc” vasitəsi olaraq istifadə edilməsini də şərtləndirir. Həmçinin, qloballaşma dövründə meydana çıxan yeni beynəlxalq çağırışlara da vaxtında və lazımi şəkildə cavab verilməsini də təmin edir. Hesab edirik ki, bu kontekstdə vahid yanaşma, Çərçivə Konvensiyasının Tərəflər Konfransının 2024-cü il noyabrın 11-22-də Bakıda keçirilmiş 29-cu sessiyasında (COP29) Azərbaycan Respublikası tərəfindən irəli sürülən “İqlim üçün mədəniyyət” (C4C) təşəbbüsünün həyata keçirilməsi üçün də əhəmiyyətlidir. Belə ki, bu təşəbbüs ondan qaynaqlanır ki, mədəniyyət, müsbət iqlim fəaliyyətinin, cəmiyyətin iqlim dəyişikliyinə uyğunlaşdırılması istiqamətində müvafiq davranış mədəniyyətinin formalaşmasına təsir göstərən əsas amildir.
Məzmunundan göründüyü kimi, Konsepsiya mədəniyyət sahəsində yalnız vahid deyil, həm də sistemli yanaşma sərgiləyir. Belə ki: 1) Konsepsiya Azərbaycan mədəniyyətinin əsas sahələrini - Azərbaycan dili, davranış mədəniyyəti, bilgi mədəniyyəti, ədəbiyyat, incəsənt, mədəni irs – özündə ehtiva edir. Xüsusilə qeyd etmək lazımdır ki, ilk üçlükdə yer alan sahələrin daxil edilməsi, yalnız yenilik olması ilə deyil, həmçinin onların mədəniyyət üçün əhəmiyyətinin dərk edilməsi baxımından əhəmiyyətlidir və alqışlanmalıdır; 2) Konsepsiya mədəniyyət sahəsində mənəvi və iqtisadi cəhətləri qarşılıqlı əlaqədə təqdim etməklə mədəni və yaradıcı sənayenin inkişafının əhəmiyyətli olmasını təsbit edir; 3) Konsepsiya mədəniyyətlə hüququ qarşılıqlı əlaqədə təqdim etməklə, mədəniyyətsiz hüququn olmadığını, mədəni fəaliyyətin hüququn aliliyi prinsipinə əsaslanmasını, mədəniyyət sahəsində fəaliyyətin qanunvericilik əsasının olmasını, bu sahədə insan hüquqlarının həyata keçirilməsinin əhəmiyyətini müəyyən edir; 4) Konsepsiya Azərbaycan mədəniyyətinə xas olan dəyərlər sistemini müəyyən edir; 5) Konsepsiya nəzərdə tutulan müddət ərzində mədəniyyət siyasətinin həyata keçirilməsi üçün əhəmiyyətli olan məsələləri: tədbirlərin həyata keçirilməsi mərhələlərini, qəbul edilməli və yerinə yetirilməli olan dövlət proqramlarını müəyyən edir.
Konsepsiyada öz əksini tapan davamlı yanaşma isə Azərbaycan Respublikası tərəfindən də qəbul olunan dayanıqlı inkişaf konsepsiyasından qaynaqlanır. Belə ki, müasir dövrdə mədəniyyət davamlı inkişafın vacib ünsürünü təşkil edir. Yəni davamlı inkişaf iqtisadi, sosial, ekoloji ünsürlər kimi, mədəniyyət amilini də özündə birləşdirir. UNESCO-nun Mədəniyyət və inkişaf üzrə Ümumdünya Komissiyasının 1995-ci il hesabatında qeyd edildiyi kimi “insan və mədəni məzmundan məhrum olan inkişaf mənasızlaşır”. Mədəniyyətin dayanıqlı inkişaf amili olması, beynəlxalq səviyyədə ilk dəfə olaraq BMT Baş Məclisinin 25 sentyabr 2015-ci ildə qəbul etdiyi “Dünyamızın transformasiyası: 2030-cu ilədək dayanıqlı inkişaf sahəsində Gündəlik”də təsbit olunur.
Konsepsiyanın ən önəmli cəhətlərindən biri də ondan ibarətdir ki, onun əsasını mədəniyyət və hüququn vəhdəti təşkil edir. Həmçinin, konsepsiya uzun illər “kölgədə qalan” və III nəsil hüquqların mühüm hissəsini təşkil edən mədəni hüquqların “canlanması”, təbliği və onlara hörmət olunması baxımından da mühüm hüquqi əhəmiyyət kəsb edir.
Konsepsiya həm də hüququn ən ali prinsiplərindən olan insan ləyaqətinə hörmət olunması prinsipini özündə ehtiva edir.
İlk növbədə qeyd etmək lazımdır ki, insan ləyaqəti mədəniyyətə söykənir. İnsan hüquqlarının əsasını ləyaqət təşkil edir, insan hüquqları ləyaqətdən irəli gəlir, ləyaqətin əsasında isə mədəniyyət dayanır. Təsadüfi deyil ki, UNESCO-nun Nizamnaməsinin preambulasında qeyd olunur ki, insan ləyaqətinin qorunması üçün mədəniyyətin geniş yayılması vacibdir. İnsan ləyaqəti həm ümumbəşəri mədəni dəyər, həm konstitusion prinsip, həm də subyektiv hüquq kimi qəbul edilməlidir. Ləyaqət insan hüquqlarının əsasını və bünövrəsini təşkil edir. İnsan hüquqları doktrinası bütövlükdə ali dəyər olan insan ləyaqətinə əsaslanır. Ləyaqət – yaşından, cinsindən, dilindən, dinindən, irqindən, əmlak vəziyyətindən, siyasi mənsubiyyətindən və digər əlamətlərdən asılı olmayaraq hər bir insanın (o cümlədən uşağın, hətta ana bətnində olan uşağın belə) toxunulmaz, pozulmaz və ayrılmaz təbii keyfiyyətidir. İnsan hüquqları doktrinasında ləyaqət konsepsiyası mərkəzi yerlərdən birini tutur. İnsan hüquqlarına dair bütün beynəlxalq hüquqi aktlar insan ləyaqətinin toxunulmazlığı və ona hörmət olunması prinsipinə əsaslanır. İnsan hüquqları sahəsində fundamental sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsində bununla bağlı bir sıra normalar mövcuddur. Bəyannamənin preambulasına əsasən, bəşər ailəsinin bütün üzvlərinə xas olan ləyaqət hissinin və onların bərabər və ayrılmaz hüquqlarının tanınması azadlıq, ədalət və ümumi sülhün əsasıdır. Bəyannamənin 1-ci maddəsinə əsasən isə, bütün insanlar ləyaqət və hüquqlarına görə azad və bərabər doğulurlar.
İnsanın hüquq və azadlıqları birbaşa olaraq məhz ləyaqətdən irəli gəlir. İnsanın hüquq və azadlıqlarını qorumaq üçün ilk növbədə onun ləyaqəti dövlət tərəfindən qorunmalıdır. 1975-ci il tarixli Helsinki Yekun Aktında dövlətlərin insan şəxsiyyətinə məxsus ləyaqətdən irəli gələn və insanın azad və hərtərəfli inkişafı üçün əsas olan mülki, siyasi, iqtisadi, sosial, mədəni və digər hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təşviq və inkişaf etdirəcəkləri qeyd edilir.
Ləyaqət, həmçinin insana dövlət tərəfindən verilən ictimai dəyərdir. Ləyaqətin dövlət tərəfindən qorunması insanın xoşbəxt həyat sürə bilməsi üçün ən vacib şərtlərdən biridir. Ləyaqəti tapdanmış insan xoşbəxtlik hissini itirmiş olur. Ləyaqət konsepsiyasına əsasən, insan ən ali, ən dəyərli, ən dahi varlıqdır. Hələ qədim yunan mütəfəkkiri Sofokl bildirirdi ki, “Yer üzündə ali varlıqlar çoxdur, lakin insandan alisi yoxdur”. Dahi fransız hüquqşünası və filosofu Şarl Lui de Monteskye insan ləyaqətinə böyük önəm verərək yazırdı: “Mən ilk növbədə İnsanam, sonra isə fransızam”. Tanınmış alman filosofu Lüdviq Feyerbaxın fikrincə isə, ləyaqət - insanın böyüklüyü, onun ən ali dəyəridir.
Azərbaycan mütəfəkkirləri ləyaqət konsepsiyasına böyük önəm vermişlər. Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi təxminən 900 il bundan əvvəl insan ləyaqətinə böyük önəm verərək “Sirlər xəzinəsi”ndə yazırdı:
Sən ey fələklər qədər uca, dəyərli İnsan!
Nazını çəkməkdədir bu yer, bu göy, kəhkəşan.
Heç xəbərin varmı ki, səsin yetişir hara?
Sənin zənn etdiyindən xeyli ucalıqlara!
Dahi Azərbaycan filosofu İmadəddin Nəsimi təxminən 700 il bundan əvvəl insanı, onun ləyaqətini önə çəkərək yazırdı:
Məndə sığar iki cahan, mən bu cahana sığmazam
Həm sədəfəm, həm inciyəm
Adım Adəmdir, Adəməm mən bu məkanə sığmazam
Zərrə mənəm, günəş mənəm
Şəms mənəm, qəmər mənəm, şəkər mənəm
Ulu Öndər Heydər Əliyev öz fəaliyyətində insan ləyaqətinin toxunulmazlığı və ona hörmət olunması konsepsiyasını rəhbər tuturdu. Ulu Öndər deyirdi: “İnsan ləyaqətinə hörmət Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir”.
“Ləyaqət” kateqoriyasının iki aspektini fərqləndirmək olar: insan ləyaqətinə hörmət insan hüquqları hüququnun ümumtanınmış prinsipi kimi və ləyaqət subyektiv hüquq kimi. Bir sıra müasir demokratik-hüquqi konstitusiyalar “ləyaqət” kateqoriyasının birinci aspektini ehtiva edir. Qeyd etmək lazımdır ki, “ləyaqət” kateqoriyasının hər iki aspekti Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapmışdır. Konstitusiyanın 24-cü maddəsinin I hissəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət olunur. Konstitusiyanın 46-cı maddəsinə müvafiq olaraq, hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır. Bununla da, Azərbaycan Konstitusiyası ləyaqət kateqoriyasını tam şəkildə özündə əks etdirir.
Konsepsiyanı hüquqi cəhətdən təhlil etməkdən ötrü həm də “mədəniyyət” terminini hüquqi baxımdan şərh etmək lazımdır. Bunun üçün 2 noyabr 2001-ci il tarixli Mədəni müxtəliflik haqqında UNESCO Bəyannaməsinə müraciət etmək olar. Bəyannaməyə əsasən, mədəniyyət – cəmiyyətə məxsus müxtəlif əlamətlərin – mənəvi və maddi, intellektual və emosional əlamətlərin məcmusudur. Mədəniyyət yalnız incəsənət və ədəbiyyatdan ibarət deyil, mədəniyyət həm də həyat tərzidir, “birgə yaşayış” bacarığıdır, dəyərlər, ənənələr və etiqadlar sistemidir. Mədəniyyətə belə bir anlayış da vermək olar: mədəniyyət – keçmiş, indiki və gələcəklə bağlı olan tarixi, dinamik və inkişaf edən həyat prosesidir. BMT-nin beynəlxalq nəzarət orqanlarından biri olan İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitəsi Apirana və digərləri Yeni Zelandiyaya qarşı işində qeyd etmişdir ki, bəzən iqtisadi fəaliyyət də mədəniyyət termininin təsiri altına düşə bilər. Göründüyü kimi, mədəniyyət termini geniş və çoxşaxəli anlayışdır və bu termin heç bir halda dar mənada şərh edilməməlidir. Önəmli haldır ki, Konsepsiya məhz bu yanaşmadan çıxış edir.
Mədəniyyət termininin şərhi kontekstində “mədəni həyat” anlayışına da aydınlıq gətirmək lazımdır. İqtisadi, sosial və mədəni hüquqlar üzrə Komitə özünün 21 dekabr 2009-cu il tarixli 21 saylı Qeydində göstərir ki, “mədəni həyat” anlayışı özündə həyat tərzi, dil, şifahi və yazılı ədəbiyyat, musiqi, dini cərəyanlar, adətlər, ənənələr, idman və oyunlar, texnologiyalar, təbii və süni mühit, qida, geyim və yaşayış yeri, incəsənət, bir sözlə insan həyatına təsir edən demək olar ki, bütün istiqamətləri əhatə edir. Mədəni həyatda iştirak hüququ 3 əsas elementdən ibarətdir: mədəni həyatda iştirak; mədəni həyata çatımlılıq və mədəni həyata töhfə.
Konsepsiyanın prioritet istiqamətlərinin ölkəmizdə mədəniyyət sahəsində mövcud olan çağırışlara uyğun müəyyənləşdirilməsi və görüləcək tədbirlərin ardıcıllığı və sistemliliyi, bu sənədin insan hüquq və azadlıqlarının təminatına xidmət etdiyinin bilavasitə göstəricisidir. Burada xüsusilə mədəniyyət sahəsində idarəetmə ilə bağlı çağırışları qeyd etməliyik. Mədəniyyət sahəsində uzunmüddətli və dayanıqlı hədəflərə hesablanmış vahid dövlət siyasətinin həyata keçirilməsi, normativ hüquqi bazanın təkmilləşdirilməsi, geniş ictimai iştirakçılığın təmin edilməsi məqsədilə planlaşdırılan tədbirlər mədəniyyət sahəsində davamlı dövlət siyasətinin formalaşdırılmasını zəruri edir ki, bu da Azərbaycan Respublikası Konstitusiyasının 40-cı maddəsində təsbit olunmuş mədəniyyət hüququnun – hər kəsin mədəni həyatda iştirak etmək, mədəniyyət təsisatlarından və mədəni sərvətlərdən istifadə etmək hüququnun təminatına xidmət edir.
Qeyd olunduğu kimi, UNESCO-nun müvafiq sənədlərində mədəniyyət – cəmiyyətin və ya sosial qrupun səciyyəvi mənəvi, maddi, intellektual və emosional xüsusiyyətlərinin məcmusu olub, ədəbiyyat və incəsənət də daxil olmaqla, həyat tərzini, birgə yaşayış qaydalarını, mənəvi dəyərlər sistemini, ənənələrini və inanclarını əhatə edir. Bu baxımdan, Konsepsiyada Azərbaycan dilinin dünya dilləri arasında mövqeyinin möhkəmləndirilməsi, regional ünsiyyət vasitəsi kimi rolunun artırılması, beynəlxalq səviyyədə təbliğinin və təşviqinin genişləndirilməsi, yeni kommunikasiya modellərinin və alətlərinin tətbiqi vasitəsilə, həmçinin mədəniyyətin həyat tərzinin tərkib hissəsinə çevrilməsini təmin etməklə cəmiyyətdə ünsiyyətin və sosial əlaqələrin keyfiyyətinin artırılması, mədəni irsin müəyyən edilməsi, araşdırılması, bərpası, qorunması və təbliği sahəsində mütərəqqi sistemin yaradılması, mədəni turizmin inkişafı kimi hədəf göstəricilərinin müəyyən olunması mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi “biz Azərbaycan dilimizi qorumalıyıq və Azərbaycan dilinin qoruyucusu Azərbaycan dövlətidir” tezisi Konsepsiyada öz təsbitini tapmışdır.
Bundan əlavə, Konstitusiyamızın 51-ci maddəsi yaradıcılıq azadlığının rəhbər müddəalarını müəyyənləşdirir, 30-cu maddə isə əqli mülkiyyət hüququnu nəzərdə tutur. Bu hüquqlar İnsan Hüquqları haqqında Ümumdünya Bəyannaməsinin 27-ci maddəsində və İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 1(c) bəndində təsbit olunmuş, şəxsin müəllifi olduğu hər hansı elmi, ədəbi və ya bədii əsərdən irəli gələn mənəvi və maddi maraqların qorunması hüququna, eləcə də İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Paktın 15-ci maddəsinin 3-cü bəndində təsbit edilmiş elmi tədqiqat və yaradıcılıq fəaliyyəti üçün zəruri olan azadlığa əsaslanır. Bu baxımdan, mədəniyyət sahəsində əqli mülkiyyət hüquqlarının qorunmasının gücləndirilməsi əsas çağırışlar sırasında xüsusi qeyd olunmalıdır.
Konsepsiyada “Azərbaycanın mədəniyyət dəyərləri” sırasında hüququn aliliyi, ədalətlilik, bərabərlik, azadlıq və digər ümumbəşəri dəyərlərin diqqət mərkəzinə gətirilməsi hüquqi və demokratik dövlət ideyası müstəvisində şərh olunmalıdır. Hüququn aliliyinin real tətbiqi birbaşa cəmiyyətin mədəni səviyyəsindən asılıdır. Hüququn aliliyi həm hüquqi, həm də fəlsəfi, əxlaqi, mədəni kateqoriyadır. Mədəniyyət həm də hüququn sosial dayağı kimi çıxış edir. Müasir idarəetmədə hüququn aliliyi yalnız normativ hüquqi aktların icrası ilə ölçülmür. Qərar qəbuletmə mədəniyyəti, ictimai iştirakçılıq, şəffaflıq və hesabatlılıq da hüququn aliliyinin mədəni komponentləridir. Mədəniyyət sahəsində bu xüsusilə vacibdir, çünki mədəniyyət inzibati deyil, yaradıcı xarakter daşıyan sahədir.
Hər bir mədəni qrupun öz xüsusi mədəniyyətini qorumaq və inkişaf etdirmək hüququ var ki, bu da ədəbiyyatda daha çox mədəni kimlik hüququ kimi adlandırılır. Multikulturalizm müasir cəmiyyətdə sosial və siyasi inkişafın əsas fəlsəfi konsepsiyasıdır. Milli mənsubiyyəti əsas götürərək, özünəməxsus münasibətlərə əsaslanan müxtəlif mədəniyyətlərin inteqrasiyası multikultural cəmiyyətin əsas istiqamətidir. Multikulturalizmin mədəni siyasət kimi özünü göstərdiyi və gözlənilən yüksək dərəcədə mütərəqqi nəticələr verdiyi cəmiyyətlərdə etnik-siyasi münasibətlərə baxış baxımından unikal bir mənzərə yaranır: multikultural cəmiyyətdə mövcud hər hansı bir “dominant mədəniyyət” özünün müstəsnalığını israrla nümayiş etdirmir və tarixən ərazidə mövcud olan digər mədəniyyətlərə özləri üçün istədikləri mədəni nümunəni seçmək azadlığı verilir. Beləliklə, müxtəlif mədəniyyətlərin vahid səviyyədə birgəyaşayışının təmin edilməsi, qloballaşma şəraitində müasir cəmiyyətin inkişafını təzahür etdirir. Mədəniyyətlərarası dialoq müasir dünyanın hərtərəfli tərəqqisində əvəzolunmaz bir təcrübədir və siyasi problemləri müsbət şəkildə həll edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin söylədiyi kimi, multikulturalizm Azərbaycanın dövlət siyasəti və həyat tərzidir... Bu gün Azərbaycan artıq dünyada tanınmış multikulturalizm mərkəzlərindən biridir. Məhz belə bir dönəmdə Konsepsiyada tolerantlığın cəmiyyətimizin əsas dəyərləri sırasında bəyan olunması, eləcə də mədəniyyət diplomatiyasının inkişafı ilə bağlı tədbirlər planının işlənib hazırlanması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Tarix boyu mədəniyyətin bir çox fərqli mənalara malik olması, mədəni hüquqların konsepsiyasının formalaşdırılmasında böyük bir çətinlik yaratmışdır. Lakin bu çətinliklər əslində mədəni hüquqlar baxımından müxtəlif faydalar gətirir. Çünki mədəni hüquqların inkişaf edən və genişlənən forması düzgün yanaşma kimi məhdudlaşdırıcı tərifə uyğun gəlmir. Mədəni hüquqların məzmununu konkret müəyyən etmək mümkün olsa da, onları faktiki olaraq donduran tərif vermək mədəni hüquqlar baxımından uyğun olmazdı. Bu gün rəqəmsal trendlər mədəniyyət və incəsənət dünyası ilə getdikcə daha çox qarışır, mədəniyyətlərin, medianın və informasiya texnologiyalarının yaxınlaşmasının müxtəlif aspektlərini əhatə edir və yeni ünsiyyət formalarına təsir göstərir. Buna görə də mədəni hüquqların məzmunu davamlı dəyişikliklə birlikdə həll edilməli olan bir məsələ kimi qarşıya çıxır. Bu baxımdan, Konsepsiyada rəqəmsallaşma ilə bağlı məsələlərin - mədəniyyətin rəqəmsallaşdırılması və rəqəmsal mədəniyyətin inkişafının hədəf göstəricisi kimi nəzərdə tutulması müasir dövrün tələbləri baxımdan xüsusi önəm daşıyır. Burada bilgi mədəniyyətinin inkişafı istiqamətində nəzərdə tutulan tədbirlər də qeyd olunmalıdır. Çünki, müasir rəqəmsal əsri informasiya və bilik olmadan təsəvvür etmək mümkün deyil. Hələ 2005-ci ildə UNESCO-nun hesabatında artıq informasiya cəmiyyətindən bilik cəmiyyətlərinə keçid dövrünün gəlib çatdığı qeyd olunurdu. Hesabata əsasən, bilik cəmiyyətləri elə bir cəmiyyətlərdir ki, onların mənbəyini fərdi müxtəliflik və fərdi bacarıqlar təşkil edir. İnformasiya cəmiyyəti texnologiyanın nailiyyətlərinə əsaslanır. Bilik cəmiyyətləri isə daha geniş sosial, etik, siyasi və mədəni parametrləri əhatə edir. Bu cəmiyyətlərin məhz cəm şəklində qeyd olunması təsadüfi hal deyil. Belə təqdimatda əsas məqsəd onu vurğulamaqdır ki, dünyada mədəni və dil müxtəlifliyini əks etdirən vahid model yoxdur. İstənilən cəmiyyətin qurulması müxtəlif bilik və mədəni formaları ehtiva edir və bu formalara müasir elmi-texniki inkişaf öz təsirini göstərir. İnformasiya texnologiyaları və kommunikasiyaları sahəsində inqilabların dar texnoloji determinizm və fatalizm məntiqi çərçivəsində vahid cəmiyyət formalaşdırması məsələsini məqbul saymaq olmaz. Belə ki, internet və multimedia vasitələrinin imkanlarından istifadə, mətbuat, radio, televiziya və ən əsası məktəb kimi vacib alətlərdən uzaqlaşmağa məcbur etməməlidir. Dünya əhalisinin əksəriyyəti kitablara, dərs vəsaitlərinə, savadlı pedaqoqlara ehtiyac duyur. Ona görə də ayrı-ayrı qrupların müxtəlif dil və mədəni keyfiyyətləri əsasında yaratdığı bilik cəmiyyətləri həm bu müxtəlifliyin digər bilik cəmiyyətlərində tanınmasına, həm də həmin bilik cəmiyyətlərinin öz bilik və bacarıqlarının dərkinə gətirib çıxaracaqdır. Bilik cəmiyyətlərində sosial biganəlik mövcud olmur, çünki burada bilik ictimai xarakter daşıdığı üçün hər kəs üçün əlçatan olur. Məhz bu səbəbdən də UNESCO-nun hesabatında bilik cəmiyyətlərinin rəqəmsal bərabərsizliyi aradan qaldıracağı xüsusi vurğulanır.
Məhz qeyd olunanlar baxımdan, bilgi mədəniyyətinin funksionallığının artırılması, imkanlarının və təsirlərinin araşdırılıb qiymətləndirilməsi, elmi etikanın təşviq olunmasının Konsepsiyanın təməl ideyalarından birini təşkil etməsi müsbət qiymətləndirilməlidir. Bu, həmçinin elmin və təhsilin inkişafı kontekstindən də faydalıdır. Belə ki, bilgi mədəniyyətinin yüksək inkişaf etdiyi bir dövlətdə elm hüququ kimi də adlandırılan “elmdəki irəliləyişdən və onun tətbiqlərindən faydalanmaq hüququ”nun tam təminatından söhbət gedə bilər. Öz fəaliyyətində elmi inkişafa, elmi dəyərlərə, davranış mədəniyyətinə, eləcə də mədəni inkişafa xüsusi diqqət ayıran Bakı Dövlət Universitetinin Hüquq fakültəsi üçün də Konsepsiyanın qeyd olunan hədəfləri və prioritet istiqamətləri çox faydalı mənbə kimi çıxış edəcəkdir. Hesab edirik ki, elmin və mədəniyyətin qarşılıqlı əlaqəsinin təmin edilməsi, mədəniyyət sahəsində təhsilin təkmilləşdirilməsi, mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə, Azərbaycanın mədəniyyət dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi kimi tədbirlərin icrasında fakültəmiz yaxından iştirak edəcəkdir. Bu istiqamətdə artıq ikinci ildir ki, fakültəmizdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət hüququ” üzrə magistratura ixtisaslaşmasında tədris uğurla aparılır. Əminik ki, “Azərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası mədəniyyət hüququnun tədrisinin genişləndirilməsi və təkmilləşdirilməsi, eyni zamanda bu sahədə peşəkar hüquqşünas kadrların hazırlanması işinə də mühüm töhfə verəcəkdir.
Zaur Əliyev
Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekanı
hüquq elmləri üzrə fəlsəfə doktoru, dosent