- 11:08
Millətin sağlamlığı onun uşaqlarının sağlamlığı ilə formalaşır. Uşaqlar gələcəyin alimləri, mühəndisləri, həkimləri, hüquqşünasları, hərbçiləri, sahibkarları və cəmiyyətin bütün əsas dayaqlarını təşkil edəcək fərdlərdir. Bu baxımdan uşaqların sağlamlığı yalnız tibbi məsələ deyil, eyni zamanda strateji, sosial və iqtisadi əhəmiyyət daşıyan bir məsələdir.
Son illərdə Azərbaycanda səhiyyə sisteminin inkişafı istiqamətində mühüm addımlar atılmışdır. Yeni tibbi xidmətlər tətbiq olunmuş, mövcud xidmətlər əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş, paytaxtla yanaşı regionlarda da əhalinin keyfiyyətli tibbi xidmətlərə və icbari tibbi sığortaya çıxışı genişləndirilmişdir.
Bu kontekstdə Azərbaycan region ölkələri arasında son on ildə əhalinin hər nəfərinə düşən həkim sayının davamlı artımı və yoluxucu xəstəliklərdən ölüm hallarının minimum səviyyəyə enməsi ilə fərqlənir.
Lakin sual yaranır: uşaq sağlamlığı bu inkişafın hansı mərhələsindədir və bu sahədə yanaşmalar nə dərəcədə sistemlidir?
Uşaq sağlamlığı - millətin gələcəyini ölçən göstərici
İctimai səhiyyə elminə görə, uşaq sağlamlığı millətin sağlamlığının “öncədən xəbər verən göstəricisi” hesab olunur. Əgər millətin sağlamlığı bugünkü vəziyyəti əks etdirirsə, uşaqların sağlamlığı sabahın istiqamətini müəyyən edir.
Bu əlaqəni izah edən əsas elmi yanaşmalardan biri həyat boyu sağlamlıq inkişafı (Life Course Health Development – LCHD) konsepsiyasıdır. Bu konsepsiyaya əsasən sağlamlıq ayrı-ayrı dövrlərdə baş verən təsadüfi hadisələr deyil, erkən uşaqlıqdan başlayan və bütün həyat boyu davam edən bir prosesdir. Erkən yaşlarda əldə olunan təcrübələr insanın gələcək fiziki, psixoloji və sosial vəziyyətini müəyyən edir.
Ümumdünya Səhiyyə Təşkilatının yanaşmasına görə, uşaq sağlamlığı yalnız xəstəliyin olmaması demək deyil. Bu, uşağın fiziki, psixi, intellektual, sosial və emosional rifah halıdır.
Böyüklər üçün səhiyyə əsasən mövcud sağlamlığın qorunmasına yönəlibsə, uşaq sağlamlığı potensialın reallaşdırılmasına xidmət edir. Sağlam uşaq - təhlükəsiz, dəstəkləyici və stimullaşdırıcı mühitdə inkişaf edən uşaqdır.
Uşaq sağlamlığı və insan kapitalı
Uşaq sağlamlığı ilə milli sağlamlıq arasında birbaşa və ölçülə bilən əlaqə mövcuddur. Elmi tədqiqatlar göstərir ki, böyüklərdə rast gəlinən bir çox xroniki xəstəliklər - yüksək təzyiq, şəkərli diabet, ürək-damar xəstəlikləri hələ ana bətnində və ya həyatın ilk üç ilində formalaşır.
Erkən yaşlarda toksik stress, emosional təzyiq və ya qeyri-kafi qidalanma uşağın bioloji sistemində “iz” buraxır. Epigenetik mexanizmlər vasitəsilə bu təsirlər gələcəkdə orqanizmin sürətlə “köhnəlməsinə” və 40 yaşdan sonra ciddi sağlamlıq problemlərinə səbəb olur.
Uşaq sağlamlığı dövlət üçün üç əsas istiqamətdə həlledici rol oynayır:
1. İqtisadi təsir
İqtisadçılar hesab edirlər ki, dövlət investisiyalarının ən yüksək gəlirliliyi erkən uşaqlıq dövrünə yönələn xərclərə aiddir. Erkən yaşlarda uşaqların sağlamlığına və qidalanmasına qoyulan hər 1 dollar gələcəkdə səhiyyə xərclərinin azalması, vergi daxilolmalarının artması və sosial risklərin azalması hesabına 10-16 dollar gəlir gətirə bilər.
2. Xəstəlik yükünün dəyişməsi
Əgər uşaqlar arasında piylənmə, diqqət çatışmazlığı sindromu və digər neyroinkişaf pozuntuları geniş yayılarsa, gələcəkdə səhiyyə büdcəsi innovasiyalara deyil, xroniki xəstəliklərin müalicəsinə yönələcək. Bu isə uzunmüddətli iqtisadi itkilərə səbəb olur.
3. Sosial sabitlik
Uşaq sağlamlığı psixoloji və emosional davamlılığı da əhatə edir. Sağlam psixikaya malik uşaqlar cəmiyyətin sosial birliyini gücləndirir. Əksinə, mənfi uşaq təcrübələri gələcəkdə hüquq pozuntularının və sosial asılılığın əsas səbəblərindən biri kimi çıxış edir.
Ailə və tərbiyə: əsas psixoloji amil
Uşağın sağlam inkişafında ailə mühiti həlledici rol oynayır. Toksik stress, emosional təzyiq və qeyri-sabit ailə münasibətləri sağlam şəxsiyyətin formalaşmasına ciddi maneə yaradır.
Müşahidələr göstərir ki, valideynlərin bir qismi sərt, avtoritar tərbiyə üsullarına, digərləri isə tam sərbəstliyə üstünlük verir. Elmi baxımdan bu yanaşmaların hər ikisi risklidir.
Məşhur amerikalı psixoloq Diana Baumrind valideyn nəzarəti və emosional istilik əsasında üç əsas tərbiyə stilini müəyyən etmişdir:
Avtoritar üslub - sərt nəzarət, qorxu və cəza üzərində qurulur. Bu yanaşma təşəbbüsdən çəkinən, daxili gərginliyi yüksək fərdlər formalaşdırır.
Liberal üslub - sərhədsizlik və həddindən artıq azadlıqdır. Bu, uşaqlarda məsuliyyət və özünüidarəetmə bacarıqlarının zəifləməsinə səbəb olur.
Avtoritetli üslub - sevgi ilə aydın qaydaların və məsuliyyətin balansını yaradır. Bu üslub uşaqlarda özünü tənzimləmə, empatiya və sosial sabitlik formalaşdırır.
Elmi konsensus göstərir ki, avtoritetli tərbiyə modeli sağlam cəmiyyətin formalaşması üçün ən optimal yanaşmadır.
Sonda deyə bilərik ki, qorxu üzərində qurulan cəmiyyətlər durğunluğa, sərhədsiz cəmiyyətlər xaosa, özünüidarəetmə bacarığı olan fərdlərdən ibarət cəmiyyətlər isə dayanıqlı inkişafa meyillidir.
Uşaqların sağlam psixoloji və fiziki inkişafı yalnız ailələrin deyil, bütövlükdə cəmiyyətin və dövlətin məsuliyyətidir. Bu sahəyə erkən yaşlardan başlayaraq psixoloqların cəlb edilməsi, valideynlərin maarifləndirilməsi və institusional dəstəyin göstərilməsi uzunmüddətli dövrdə özünü tam doğruldur.
Uşaq sağlamlığına qoyulan sərmayə, əslində, millətin gələcəyinə qoyulan sərmayədir.
Şaiq Mirzəyev
Vəkillər Kollegiyasının üzvü
Hüquq elmləri üzrə fəlsəfə doktoru