Süni intellektin cinayət təqibi ilə bağlı işlərə tətbiqi


  • 10:44

Müasir dövrdə rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı hüquq sahəsinə də ciddi təsir göstərmişdir.

Hüquqşünasların və cinayət təqibini həyata keçirən orqanların fəaliyyətində normativ-hüquqi aktlara operativ çıxışın təmin edilməsi, məhkəmə təcrübəsinin təhlili və hüquqi məlumat bazalarının sistemləşdirilməsi baxımından süni intellekt alətlərinin rolu danılmazdır.

Cinayət təqibi ilə bağlı işlərdə ədalətlilik və qərəzsizlik prinsipləri əsas yer tutur. İşin faktiki hallarının düzgün və obyektiv araşdırılması, sübutların daxili inam əsasında qiymətləndirilməsi və təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halların nəzərə alınması ədalət mühakiməsinin mühüm elementləridir. Bu baxımdan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən şəxsin şəxsiyyətini xarakterizə edən hallar nəzərə alınmalıdır.

Süni intellekt cinayət-prosessual qanunvericiliyin tətbiqində, normativ aktların müqayisəli təhlilində və məhkəmə təcrübəsinin ümumiləşdirilməsində faydalı vasitə ola bilər. Lakin işin faktiki hallarının qərəzsiz və ədalətli qiymətləndirilməsi hakimin daxili inamına və qanunun tələblərinə əsaslandığından, bu prosesin tam şəkildə rəqəmsal alqoritmlərə həvalə edilməsi adekvat yanaşma hesab edilə bilməz.

Məsələn, A adlı şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsi-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti ilk dəfə törətmiş, əməlindən peşman olmuş və istintaq orqanına etirafedici ifadələr vermişdir. B adlı şəxs isə eyni cinayəti törətmiş, lakin əvvəllər başqa cinayətə görə məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Bu halda hər iki şəxsə münasibətdə cəzanın eyni qaydada təyin edilməsi ədalətlilik prinsipinə uyğun olmazdı.

Ədalətlilik və fərdiləşdirmə prinsiplərinə əsasən, A adlı şəxs barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növü tətbiq oluna bilər. B adlı şəxs isə islah olunmadığı və təkrar cinayət törətdiyi üçün sosial ədalətin bərpası məqsədilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilə bilər. Bu nümunə göstərir ki, süni intellekt normativ istinadları təqdim edə və oxşar hallar üzrə məhkəmə təcrübəsini təhlil edə bilər, lakin yekun məhkəmə aktını qəbul edən subyekt – müstəqil və obyektiv hakimdir.

Bu baxımdan süni intellektin cinayət təqibi ilə bağlı işlərdə inteqrasiyası ədalətlilik və qərəzsizlik prinsiplərinin təmin olunmasına texniki dəstək verə bilər. Lakin onun qərarvermə prosesində insan faktorunu tam əvəz etməsi hüquqi dövlət və məhkəmə müstəqilliyi prinsipləri ilə uzlaşmır.

Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Ali Məhkəməsi-nin və Məhkəmə-Hüquq Şurası-nın sədri İnam Kərimov “LEGIS” Beynəlxalq Hüquq Forumunda çıxışı zamanı qeyd etmişdir ki, süni intellekt nə hakimi, nə də hüquqşünası əvəz edir; o, yalnız məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına xidmət edə bilər.

Nəticə etibarilə, cinayət təqibini həyata keçirən orqanlar müvafiq qanunvericiliyin tətbiqi, məhkəmə təcrübəsinin təhlili və hüquqi məlumatların sistemləşdirilməsi məqsədilə süni intellektdən istifadə edə bilərlər. Lakin yekun qərarın qəbul edilməsi yalnız müstəqil və obyektiv insan iradəsinə – hakimə məxsus olmalıdır. Süni intellekt hüquq mühakiməsinin köməkçi aləti ola bilər, lakin onu əvəz edən mexanizm deyil.

Alsu Qasımzadə

Hüquqşünas

Oxşar xəbərlər