Etibarnamə ilə bağlı nələri bilməliyik? - AÇIQLAMA


  • 25 Aprel 2022 15:05

Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Qanunvericiliyə əsasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır.

Etibarnamə ilə bağlı vətəndaşları maraqlandıran bir sıra suallar var ki, vəkil Turan Abdullazadə e-huquq.az-a açıqlamasında həmin məsələlərə aydınlıq gətirib.

Vəkil deyib ki, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə (bir ildən artıq müddətə verilə bilməz) istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə isə əhəmiyyətsizdir. Xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır.

T.Abdullayev bildirib ki, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir:

1) etibarnamənin müddətinin bitməsi;
2) etibarnamədə nəzərdə tutulan hərəkətlərin həyata keçirilməsi;
3) etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi;
4) etibarnamə verilmiş şəxsin imtinası;
5) adından etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
6) adına etibarnamə verilmiş hüquqi şəxsə xitam verilməsi;
7) etibarnaməni vermiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması;
8) etibarnamə verilmiş fiziki şəxsin ölməsi, fəaliyyət qabiliyyəti olmayan, məhdud fəaliyyət qabiliyyətli və ya xəbərsiz itkin düşmüş sayılması.

Vəkilin sözlərinə görə, etibarnamə vermiş şəxs istənilən vaxt etibarnaməni və ya başqasına etibaretməni ləğv edə bilər, etibarnamə verilmiş şəxs isə istənilən vaxt ondan imtina edə bilər. Bu hüquqlardan imtinaya dair razılaşma əhəmiyyətsizdir.

"Qanunun məzmunundan göründüyü kimi, etibarnaməni vermiş fiziki şəxsin ölməsi etibarnamənin qüvvəsinə xitam verilir. Etibarnaməyə xitam verilməsinin nəticələri ondan ibarətdir ki, etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibarnamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir", - deyə o qeyd edib.

T.Abdullazadə diqqətə çatdırıb ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, etibarnamənin qüvvədə olmasına xitam verilməsi Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimata əsasən “Elektron notariat” informasiya sistemi vasitəsilə notariat hərəkətlərinə dair sənədlər (müqavilə, etibarnamə, vərəsəlik şəhadətnaməsi və s.) tərtib edilərkən, barəsində notariat hərəkəti aparılmış şəxslərin şəxsiyyət vəsiqələrinə dair məlumatlar “Əhalinin Dövlət Reyestri” Avtomatlaşdırılmış Qeydiyyat İnformasiya sistemindən əldə edilir və notariat sənədində əks olunur. Notarius informasiya sistemi vasitəsilə barəsində notariat hərəkəti aparılan şəxsin şəxsiyyətini müəyyən edən sənədlərin qüvvədə olmasını da yoxlamalıdır.

"Bundan əlavə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən “Mobil notariat” proqramı vətəndaşların istifadəsinə verilib. Bu proqram məhsulu vasitəsilə notariat hərəkətlərinin rəsmiləşdirilməsi üçün ödənilməli vəsaitin məbləğləri, tələb olunan sənədlər və notariat əməliyyatında iştirak etməli şəxslər barədə ətraflı məlumatlar yerləşdirilmişdir. Bu tətbiq üzərindən şəxsin iştirakçısı olduğu bütün notariat əməliyyatları ilə bağlı sənədlərin mobil telefonda saxlanılması, sənədin qüvvədən düşməsi barədə məlumatın dərhal alınması və elektron versiyasından istifadə edilməsi mümkündür. Tətbiqdən istifadə etməklə nəqliyyat vasitəsindən istifadə və sərəncam verilməsinə dair, vəkillərə verilən, banklarda, eləcə də müxtəlif qurumlarda təmsilçilik, vərəsəlik işlərinə dair və sosial etibarnamələrin, bundan başqa, yetkinlik yaşına çatmamış şəxslərin ölkəni tərk etməsi və ümumvətəndaşlıq pasportu alması üçün razılıq, daşınmaz əmlaka sərəncam verilməsinə, etibarnamələrə xitam verilməsinə və yaşayış sahəsində qeydiyyata alınma ilə əlaqədar mülkiyyətçinin razılıq ərizələrinin elektron formada rəsmiləşdirilməsi mümkündür", - deyə vəkil bildirib.

O, həmçinin bildirib ki, tətbiq vasitəsi ilə notariat sənədlərinin həqiqiliyi və vərəsəlik işlərinin açılıb-açılmaması da yoxlanıla bilər.

T.Abdullazadə onu da vurğulayıb ki, xaricdə yaşayan Azərbaycan Respublikası vətəndaşları bu tətbiq vasitəsilə rahat bir şəkildə vəkillərə, yaxın qohumlarına və digər şəxslərə etibarnamə verə bilər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər