Qüsurlu xidmət göstərildikdə xəstənin hansı hüquqları var?


  • 1 İyun 2022 14:01

Bəzən tibbi xidmətlərdən istifadə zamanı istehlakçıların hüquqları pozulur. Belə olduğu halda onlar hansı hüquqi addımı ata bilərlər?

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İqtisadiyyat nazirliyi yanında Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətində şöbə müdiri Roman Qaraşov mövzunu e-huquq.az üçün şərh edib.

İstehlakçı hüquq münasibətlərinin subyektləri:

“İstehlakçı hüquqlarının müdafiəsi haqqında” AR Qanununa görə istehlakçı dedikdə şəxsi tələbatını ödəmək məqsədi ilə mal, iş və xidmətlərdən istifadə edən, onları alan, sifariş verən, yaxud almaq və ya sifariş vermək niyyəti olan şəxs başa düşülür. Bu baxımdan ödənişli şəkildə hər hansı tibbi xidmətdən istifadə edən şəxs də istehlakçı qismində tanınır və Qanunun mühafizəsi altına girir. Tibbi xidmətlərdən sadəcə xəstə olan, sağlamlığı pozulmuş şəxslər deyil, eləcə də hər hansı estetik məqsədlə, abort və s. kimi tibbi zərurət olmayan hallarda da istifadə edilir ki, belə şəxslər də hüquqda “xəstə” olaraq qəbul edilir və istehlakçı kimi tanınır. 1994-cü il tarixli Avropa Xəstə hüquqları Bəyannaməsində də (Amsterdam bəyannaməsi) sağlam və ya xəstə olmasından asılı olmayaraq tibbi xidmətlərdən istifadə edən hər kəs “xəstə” olaraq qəbul edilmişdi.

Tibbi xidmətlərdən bir qayda olaraq, hər kəs sahibkarlıq məqsədi olmadan istifadə edir. Lakin bəzən sahibkarlıq məqsədilə tibbi xidmətdən istifadə halları da mövcud olur. Məsələn bir filmin və ya reklamın çəkilişi üçün şəxs estetik əməliyyat etdirmiş ola bilər. Lakin burada diqqət edilməli məsələ odur ki, əgər film layihəsi bitdikdən sonra, şəxs estetik əməliyyatın nəticələrini yox edərək, əvvəlki vəziyyətinə qayıdırsa artıq həmin şəxs istehlakçı sayılmır. Yəni, sahibkarlıq məqsədilə tibbi xidmətlərdən istifadə etmiş olur. Əgər filmin, reklamın çəkilişi üçün etmiş olsa belə, sonra əvvəlki halına dönmədən tibbi xidmətin nəticələrini davam etdirirsə artıq burada istehlakçı kimi qəbul olunacaqdır.

Bu münasibətlərdə önəmli nüans qarşı tərəfin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Məhz bu baxımdan özəl tibb müəssisələrinin fəaliyyətindən istifadə edən şəxslər yalnız istehlakaçı kimi tanınır.

Dövlət xəstəxanalarında məqsəd kommersiya fəaliyyəti deyil, əhaliyə tibbi xidmət etmək olduğundan istehlakçı hüquq münasibətlərində qarşı tərəf olan icraçı kimi qiymətləndirilə bilməz.
Qanuna görə icraçı dedikdə tibbi xidmət göstərən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan həm fiziki, həm hüquqi şəxslər başa düşülür.

Tibbi xidmətlərdən istifadə zamanı istehlakçının hansı hüquqları var?

1. Tibbi xidmətlərin istehlakçısının sərbəst surətdə, heç kimin məcburiyyəti olmadan tibbi xidməti və ona tibbi xidmət göstərəcək şəxsləri və tibb müəssisəsini seçmək hüququ vardır. İstehlakçının seçim hüququ həm də onun bir xəstəxanadan digər xəstəxanaya köçürülməsini də ifadə edir. Ancaq bu zaman tibbi xidmət göstərən şəxslər tərəfindən xəstəxananın dəyişdirilməsinin şəxsin həyatı üçün təhlükə yaradıb-yaratmaması haqqında məlumatlandırılması və dəyişdirilməsində tibbi bir maneənin olmaması gərəkdir.

Əgər xəstə tibbi xidmətlərdən istifadə edərkən, hər hansı digər ödənişli xidmət göstərilməsinə ehtiyac yaranarsa bu zaman həmin xidmət barədə onun özünə, bu mümkün olmadıqda isə yaxınlarına seçim etmək haqqı tanınmalıdır. Xəstənin həyatı üçün təhlükə olduqda, xəstənin hər hansı bir orqanının funksiyasının zədələnməsinə və ya itirilməsinə səbəb olan təcili hallarda isə tibbi xidmət göstərilməsi üçün razılığa gərək qalmır. Belə bir vəziyyətdə xəstəyə tibbi müdaxilə edilərək xəstənin vəziyyəti nəzarət altına alınır. Ancaq hər bir halda o anda xəstənin yanında olan yaxınlarına, qanuni nümayəndələrinə bu barədə məlumat verilməlidir. Xəstənin özünə gəldikdən sonra isə ona edilməsi nəzərdə tutulan bütün tibbi müdaxilələr barədə məlumat verilməli və onun razılığı alınmalıdır.

2) Xəstə tibbi xidmətlər və həmçinin tibbi xidmət göstərəcək şəxslər barəsində məlumat almaq hüququna malikdir. Xəstəxanada xəstələr tərəfindən aydın görülə biləcək yerdə tibbi xidmətlərin siyahısı yazılmalı, həmin tibbi xidmətlərin nələrdən ibarət olduğu, tibbi xidmətlərin dəyəri və tibbi xidmət göstərəcək şəxslər barəsində məlumat verilməlidir. Xəstəyə xəstəliyin nədən ibarət olduğu və hansı şəkildə irəliləyəcəyi, təhlükələri, tibbi müdaxilənin harada, kim tərəfindən, necə olunacağı, tibbi müdaxilənin davam edəcəyi təqribi müddət, digər müalicə üsulları və bu müalicə üsullarının faydaları, riskləri və xəstənin sağlamlığına təsiri, istifadə olunacaq dərmanların önəmli xüsusiyyətləri, tibbi müdaxilə sırasında yaranan biləcək risklər, xəstənin sağlamlığı üçün zəruri olan sağlam yaşam tərzinə dair məlumatlar kimi zəruri, önəmli məlumatlar verilməlidir. Məlumat mümkün qədər aydın şəkildə, xəstənin sosial və mədəni səviyyəsinə uyğun anlayacağı tərzdə verilməlidir. Xəstənin özünün məlumatlandırılması əsasdır. Digər şəxslərə yalnız xəstənin razılığı olduqda məlumat verilməlidir.

3) Xəstənin lazımi keyfiyyətli və təhlükəsiz tibbi xidmət almaq hüququ vardır. Xəstənin müasir tibbin və texnologiyanın qaydalarına uyğun olaraq diaqnozun qoyulması, müalicə edilməsi hüququ vardır. Burada lazımi keyfiyyətli tibbi xidmət dedikdə xidmətin qəbul olunmuş qaydalara, istehlakçı ilə bağlanmış müqavilənin şətlərinə, həmçinin xidmət haqqında icraçının verdiyi məlumata, istehlakçının xidməti əldə edərkən icraçıya bildirdiyi məqsədinə, nümunəyə, təsvirə uyğun xidmət göstərildikdə isə xidmətin həmin nümunəyə, təsvirə uyğunluğu başa düşülür. Məsələn, deyək ki, xəstə hər hansı bir şəxsin fotosunu göstərərək burnunun estetik əməliyyatla həmin fotodakı kimi olmasını icraçıya bildirmişsə, burnunun həmin şəkildəki kimi olmaması artıq xidmətin lazımi keyfiyyətli olmadığına dəlalət edir.

4) Bundan başqa şəxsin lazımi keyfiyyətdə olmayan tibbi xidmətin vurduğu zərərin ödənilməsi hüququ vardır. Bu zərər həm maddi, həm də mənəvi formada ola bilər.

5) İstehlakçıların tibbi xidmətlərdən dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüququ vardır. Dövlət xəstəxanalarının fəaliyyətindən olan müraciətlərə Səhiyyə Nazirliyi tərəfindən baxılır. Özəl xəstəxanaların fəaliyyəti ilə əlaqədar müraciətlər isə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən baxılıb, araşdırılır.

6) Tibbi xidmətlərin istehlakçılarının hər hansı birliklərdə birləşmək hüququ da Qanunda nəzərdə tutulmuşdur.

Qeyd olunanlardan başqa tibbi xidmətlərdən istifadə edən istehlakçıların Qanunda nəzərdə tutulmuş digər hüquqları da vardır.

Qüsurlu tibbi xidmət

Tibbi xidmətlərin qüsurlu şəkildə yerinə yetirilməsi dedikdə, şəxsə zəruri olan tibbi xidmətlərin göstərilməməsi və ya lazımi keyfiyyətli tibbi xidmətlərin göstərilməməsi, yəni xidmətin müqavilədə nəzərdə tutulduğu kimi olmaması, göstərilən tibbi xidmətlər haqqında verilən məlumatlara uyğun olmayan xidmətlərin göstərilməsi, xidmətin tibb elminin ümumi qəbul olunmuş qaydalarına uyğun olmaması başa düşülür. Eləcə də xidmət barəsində internet portalında, reklam və elanlarında qeyd olunan xüsusiyyətləri daşımayan tibbi xidmət qüsurlu hesab olunur. Bu xüsusiyyətlər həm xidmətin icraçısına, həm də xidmətin özünə aid ola bilər. Məsələn “xərçəng xəstəliyini tamamilə aradan qaldırırıq” kimi ifadənin reklamda yer alması, xəstənin müraciət etdiyi zaman isə onun müalicəsinin nəticəsinin olmaması tibbi xidmətin qüsurlu olduğuna işarədir. Və ya tibbi xidmətin xarici dövlətdə təhsil almış, elmi dərəcəsi olan şəxs tərəfindən göstərildiyi qeyd edildiyi halda, tibbi xidmət göstərənin belə elmi dərəcəsinin olmaması da qüsur hesab olunur. Ümumiyyətlə, tibbi xidmətdə qüsuru biz maddi, hüquqi, iqtisadi əksiklik, çatışmazlıq kimi təsnifləşdirə bilərik. Maddi qüsurlarda mütləq qüsurlu bir xidmət göz qabağında olur. Məsələn, göz qapağına estetik əməliyyat etdirmiş şəxsin əməliyyatdan sonra göz qapağının bağlanmaması maddi qüsurdur. Həmçinin, xəstə açıq əməliyyat olunan zaman bezin xəstənin bədənində unudulması və buna bağlı olaraq xəstənin bədənində iltihab yaranması da maddi qüsurdur. Digər tərəfdən xərçəng xəstəsinə icazə veriləndən artıq dozda şüa terapiyasının tətbiqi hüquqi qüsur yaradacaqdır. Bundan başqa, şəxsin dodağına dolğu vurulubsa və ya botox edilibsə, ona həmin üsulların təsirinin 6 ay davam edəcəyi barədə məlumat verilsə də, 3 ay davam etməsi də iqtisadi qüsur yaratmış olur.

Xidmətlərdə zəmanət Mülki Məcəllənin tələblərinə əsasən əgər icraçı öz üzərinə zəmanət ilə bağlı öhdəlik götürmüşdürsə, zəmanətin qüvvədə olduğu müddətdə aşkar edilən qüsur istehlakçıda müəyyən tələblər irəli sürmək hüququ yaradır. Sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən 1 il ərzində irəli sürə bilər. Tibbi müəssisəsi üzərinə istehlakçı üçün əlavə fayda nəzərdə tutan məsələlərlə bağlı zəmanət götürə bilər. Məsələn diş həkimi dişə yerləşdirdiyi plomb üçün zəmanət götürə bilər və plomb düşdüyü zaman onu yenidən bərpa edə bilər.

İcraçının qüsurlu xidmətə görə məsuliyyət daşımasının şərtləri:

1. Xidmətin göstərilməsi zamanı qüsur hesab olunan bir çatışmazlığın olması. Müqavilədə nəzərdə tutulduğundan fərqli bir xidmətin göstərilməsi qüsurlu xidmət kimi göstərilə bilməz. Artıq burada öhdəliklərin icra edilməməsi halı meydana çıxır.

2. Qüsurun mühüm qüsur olması gərəkdir. Hər nə qədər qanunda qüsur və mühüm qüsurun nəticələri fərqləndirilməsə də, Mülki Məcəllənin müddəalarına baxdığımız zaman orda müqavilədən imtina etmək üçün mühüm qüsurun gərəkdiyi göstərilmişdir. Mühüm qüsur sayılmayan durumlarda istehlakçı icraçı qarşısında digər tələblər irəli sürə bilər. Əks halda münasibətlərin bu cür tənzimlənməsi Mülki məcəllənin vicdanlılıq prinsipinə zidd olur.

3. İstehlakçı xidmətin göstərildiyi anda qüsurun varlığından xəbərsiz olmalıdır. Qüsur gizli olmalı və istehlakçı xidmətin qüsurlu olduğunu bilmədən ondan yararlanmalıdır.Əgər istehlakçı qüsurlardan xəbərdardırsa o zaman icraçı qarşısında hər hansı tələb irəli sürə bilməyəcəkdir.

Qüsurlu xidmət göstərildikdə xəstənin hansı hüquqları var?

1. Qüsurlu xidmətin yenidən göstərilməsi hüququ.

Bu zaman ağlabatan müddətdə icraçı xəstə üçün ciddi nəticələr doğurmayacaqsa xidməti yenidən göstərə bilər. Ancaq Mülki Məcəllədə buna məhdudiyyət gətirilib və qeyd olunub ki, əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. bu zaman istehlakçı digər tələbləri irəli sürə bilər. Ancaq fikrimizcə tibbi müdaxilələrlə bağlı bu tələbi irəli sürmək hər zaman mümkün olmur. Çünki qan köçürülməsi zamanı şəxsə hepatit B virusu keçirilibsə o zaman xidmətin yenidən göstərilməsi mümkünsüzdür və yeni bir xidmət-müalicə xidməti göstırilməlidir. Ancaq estetik baxımdan olan əməliyyatlarda yaranan qüsurlara görə bu tələblərin irəli sürülməsi uygundur. Məsələn burun əməliyyatı keçirən biri əməliyyatın nəticəsini qüsuru hesab edirsə bu tələbi irəli sürüb, yenidən əməliyyatın keçirilməsini tələb edə bilər.

2. Qüsur dəyərində xidmət haqqının azaldılması. Qüsurun dəyəri ilə qüsursuz dəyər qarşılaşdırılaraq tətbiq olunur. Məsələn, şəxs saç əkimi üçün müraciət edib və ona deyiləndən, onun gözləntisindən daha az saç əkimi olubsa əkilməyən tüklər həcmində xidmət haqqı azaldılacaqdır.

3. Müqavilədən imtina. Bu zaman bütün tibbi xidmətin dəyəri geri olaraq istehlakçıya verilməlidir. Əgər tibbi müdaxilə bitibsə müqavilədən imtina mümkün deyil, o zaman qüsur dəyərində xidmət haqqı azaldılmalıdır.

4. Qüsurların icraçının hesabına aradan qaldırılması. İstehlakçının bu tələbi də irəli sürməsi daha çox estetik əməliyyatlar, diş protezlərinin taxılması kimi nəticəsi göz qabağında olan xidmətlərdə mümkündür.

Kimlər bu tələbləri irəli sürə bilər?

Qeyd olunan tələbləri irəli sürə biləcək şəxslər bir qayda olaraq istehlakçının özüdür. Ancaq üçüncü şəxsin xeyrinə bağlanan müqavilələrə dair tələblərə uyğun olaraq tibbi xidmətlərdən faydalanan şəxslər də bu tələbləri irəli sürə bilər. Məsələn ana, ata tibbi müəssisəsi ilə müqavilə bağlayır, amma xidmətlərdən faydalanan onların övladı olur. Bu zaman uşaq da, valideynlər də qeyd olunan tələbləri irəli sürə bilər.

Əczaçıların xidmətindən istifadə edən zaman istehlakçı hüquqları nələrdir?

“Dərman vasitələri haqqında” AR Qanununa görə əczaçılıq fəaliyyəti - dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı fəaliyyətdir. Əczaçıların fəaliyyəti gəlir əldə etmək məqsədli olduğu üçün sahibkarlıq fəaliyyəti hesab edilir. Bu baxımdan, əczaçıların fəaliyyəti zamanı yaranan istehlakçı hüquq münasibətləri qeyd edilən Qanun çərçivəsində tənzimlənir. Dolayısıyla həkimin təyin etdiyi resept əsasında, və ya özünün ona yaxşı təsir edəcəyini düşünərək əczaçıdan dərman alması alqı-satqı müqaviləsini yaradır və burada əczaçı satıcı qismində çıxış edir. Ancaq digər alqı-satqı proseslərindən fərqli olaraq, bu zaman əczaçıların daha artıq öhdəlikləri vardır. Belə ki, əczaçı xəstəyə dərman vasitəsinin dozası, istifadə qaydası barədə aydın məlumat verməlidir.
Qeyd etdik ki, əczaçılıq fəaliyyəti həm də, dərman vasitələrinin hazırlanmasını istehsalını əhatə edir. Yəni əczaçı öz ixtisasına əsaslanaraq tibbi cihazlar, kosmetik vasitələr, bitki tərkibli məhsullar hazırlaya bilər. Bu zaman həmin məhsulları satın alan istehlak əczaçının göstərdiyi tibbi xidmətlərdən istifadə etmiş olur. Bu zaman yuxarıda qeyd olunan məsələlər bu münasibətlərə də şamil olunur.

Oxşar xəbərlər