Yetkinlik yaşına çatmayan şahidin dindirilməsinin psixoloji xüsusiyyətləri


  • 4 Aprel 12:51

Yetkinlik yaşına çatmayan şahidin dindirilməsinin hüquqi cəhətdən tənzimlənməsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 228-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin birinci bəndinə əsasən yetkinlik yaşına çatmayan şahid iş üçün əhəmiyyətli məlumatları şifahi və ya digər formada təqdim edə bilərsə, o, yaşından asılı olmayaraq dindirilə bilər.

Yetkinlik yaşına çatmayan şəxsin dindirilməsinin əsas xüsusiyyətlərindən biri ondan ibarətdir ki, 14 yaşınadək, müstəntiqin mülahizəsinə görə isə 16 yaşınadək olan yetkinlik yaşına çatmamış şahidin dindirilməsi müəllimin, zəruri hallarda isə həkimin və onun qanuni nümayəndəsinin iştirakı ilə aparılır.

Bundan başqa cinayət-prosessual qanunvericiliyimizin tələblərinə əsasən 16 yaşınadək və əqli cəhətdən zəiflik əlamətləri olan yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə istintaq hərəkətlərinin aparılmasında müstəntiq müəllim və ya psixoloqun iştirakını təmin etməlidir.

Uşağın dindirilməsində əsas fiqurlardan biri dindirmədə iştirak üçün çağırılmış pedaqoq və ya psixoloqdur.

Fikrimizcə, yetkinlik yaşına çatmayan şahidin dindirilməsində psixoloqun və pedaqoqun iştirakı aşağıdakı məqsədlərə xidmət etməlidir:

- müstəntiq və yetkinlik yaşına çatmayan şahid arasında psixoloji və emosional kontaktın qurulmasına kömək göstərmək;

- yetkinlik yaşına çatmayan şahidin aqressiv davranışının qarşısını almaq və onunla müstəntiq arasında yarana biləcək anlaşılmazlığı aradan qaldırmaq;

- dindirmə zamanı yetkinlik yaşına çatmayan şahidə veriləcək suallarla bağlı müstəntiqin hüquqi məsələlərlə bağlı səlahiyyətinə qarışmamaq şərtilə müstəntiqə kömək göstərmək;

- sərbəst nəql etmə zamanı və verilən suallara cavab verilərkən yetkinlik yaşına çatmayan şahidin davranışını və reaksiyalarını müşahidə etmək;

- yetkinlik yaşına çatmayan şahidin verdiyi ifadənin həqiqətə uyğun olub-olmamasının qiymətləndirilməsində müstəntiqə kömək göstərmək;

-yetkinlik yaşına çatmayan şahidin qanuni nümayəndəsinin emosional davranışını və dindirilən şəxslə kontaktını tənzimləmək.

Yetkinlik yaşına çatmayan şəxsin iştirakı ilə aparılan istintaq hərəkətlərinin mühüm məsələlərindən biri də ondan ibarətdir ki, uşaq ilkin araşdırmanın və ya ibtidai istintaqın gedişində çox vaxt müstəntiqin ona verdiyi ayrı-ayrı sualların mahiyyətini tam olaraq dərk edə bilmir. Bu onunla bağlıdır ki, müstəntiqlər heç də həmişə yetkinlik yaşına çatmayan şəxsə veriləcək sualları (həmin suallar yetişkin şəxsə veriləcək suallardan fərqli olmalıdır) əvvəlcədən düşünüb hazırlamırlar. Cinayət işi ilə bağlı sualların siyahısı əvvəlcədən ətraflı şəkildə planlaşdırılmalı, onların məzmunu və ardıcıllığı müəyyən olunmalıdır. Nəzərə almaq lazımdır ki, yetkinlik yaşına çatmayan şəxslərə verilən məlumatlar onların yaşına və psixi inkişaf səviyyəsinə uyğun qaydada və onların başa düşdükləri dildə təqdim olunmalıdır.

Yetkinlik yaşına çatmayan dindirilən şəxsə veriləcək suallar uşağın əqli inkişafına, dünya görüşünə və bilik səviyyəsinə uyğun olmalı, sadə olmaqla, çətin cavablar tələb etməməlidir. Əgər çətin sualın verilməsi qaçılmazdırsa, bu halda sualın bir neçə hissəyə bölünməklə sadələşdirilməsi məqsədəuyğundur.

Uşağa sual verilərkən dindirmədə qanuni nümayəndəsinin iştirakı da nəzərə alınmalıdır. Belə ki, ümumi təcrübəyə əsasən dindirmədə uşağın qanuni nümayəndəsinin iştirakı yetkinlik yaşına çatmayan şəxs üçün daha rahat şəraitin yaradılmasına xidmət etməsinə baxmayaraq, bəzi suallar dindirilən şəxs üçün arzuolunmaz olmaqla, yaxın qohumunun yanında cavablandırılması narahatlıq yarada bilər. Belə olan halda yetkinlik yaşına çatmayan dindirilən şəxs qanuni nümayəndəsi tərəfindən neqativ reaksiya alacağından ehtiyat edərək həqiqəti gizlətməyə və ört-basdır etməyə çalışa bilər.

Cinayət-prosessual qanunvericiliyimizə əsasən yetkinlik yaşına çatmamış şahid dindirilərkən aşağıdakı tələblərə də riayət olunmalıdır:

- cinayət haqqında cinayət təqibi orqanlarına məlumat daxil olduqdan sonra uşağın mənafeyi tələb etdiyi hallar istisna olmaqla, hər hansı gecikdirməyə yol verilmədən uşaqdan ifadə alınır;

- uşaqdan ifadənin alınması bu məqsədlə ayrılmış yerlərdə və ya yaradılmış xüsusi şəraitdə həyata keçirilir;

- uşaqdan ifadənin alınması cinayət prosesini həyata keçirən orqanın bu məqsədlə xüsusi hazırlıq keçmiş əməkdaşları tərəfindən həyata keçirilir;

- mümkün olduğu hallarda uşaqdan təkrar ifadənin alınması eyni şəxs tərəfindən həyata keçirilir;

- uşaqdan ifadələr iş üçün əhəmiyyətli hallarda və mümkün qədər az sayda alınmalıdır;

-mümkün olduğu hallarda uşaqdan bütün ifadələr videoçəkiliş aparılmaqla alınır.

Dindirmədə müstəntiq dindirilən şəxslə elə ünsiyyət taktikası seçməlidir ki, sonuncu müstəntiqin obyektivliyinə və qərəzsizliyinə əmin olsun. Dindirmə zamanı yetkinlik yaşına çatmayan şahidin fərdi-psixoloji xüsusiyyətləri (aqressivlik, mehribanlıq, düzgünlük, yalançılıq və s.) barədə informasiyaların əldə edilməsi şübhəsiz ki, müstəntiqə düzgün dindirmə taktikasını seçməyə kömək edəcəkdir. Yetkinlik yaşına çatmayan şahidin şəxsiyyətini öyrənərkən müstəntiq ilk növbədə onun müsbət keyfiyyətlərini, davranışının mənfiyə doğru dəyişdiyi məqamları özü üçün müəyyən etməli və bu dəyişikliyin səbəblərini aydınlaşdırmalıdır. Toplanmış məlumatlar müstəntiqə yetkinlik yaşına çatmayan şahidin şəxsiyyətinin müsbət və mənfi keyfiyyətləri, onun işi, təhsili, həyat şəraiti və s. barədə düzgün təvəvvür yaratmağa imkan verir. Bu müstəntiqə təkcə düzgün ifadə almaq üçün deyil, ilk növbədə törədilmiş cinayət əməlinin, ümumilikdə isə neqativ davranışın yetkinlik yaşına çatmayan şəxs tərəfindən təndiqi qiymətləndirilməsi və dərk edilməsində lazımi təsirin göstərilməsi üçün gərəklidir.

Dindirmənin uğurlu olması daha çox onun keçirilmə şəraitinin seçilməsindən asılıdır. Dindirilən şəxslə tanışlar arasındakı kimi münasibət qurmaq yolverilməzdir. Yetkinlik yaşına çatmayan şəxs həyatının ciddi bir vəziyyəti ilə qarşılaşdığını, gələcəyinin onun düzgün və doğru danışmasından asılı olduğunu dərk etməlidir. Dindirmə şəraiti qorxuducu olmamalı, dindirilən şəxslə müstəntiq arasında ciddi, baş vermiş hadisənin məsuliyyətini vurğulayan münasibət olmalıdır.

Dindirmə zamanı yetkinlik yaşına çatmayan şahidə ailə vəziyyəti, ailə üzvlərinin və dostlarının ona qarşı münasibətləri, təhsili, işi və s. barədə suallar verildikdə, müstəntiq xüsusən də uğursuz ailələrdən olan uşaqların heç də həmişə düzgün ifadələr vermədiyini nəzərə alıb dindirməni taktiki şəkildə aparmalıdır. Bu qaydaya əməl olunmadığı təqdirdə dindirilən şəxslə psixoloji kontakt itirilə və bu da dindirmə zamanı müəyyən çətinliklər yarada bilər. Müstəntiqlə yetkinlik yaşına çatmayan şahid arasında psixoloji kontakt olmadıqda sonuncuda gərginlik, həyəcan, narahatlıq, təşviş, qərəzlilik və şübhəyə düşmə halları yaranır.

Ümumilikdə, müstəntiq tərəfindən dindirmə aparılarkən yetkinlik yaşına çatmayan dindirilən şəxslərin psixoloji xüsusiyyətlərinin nəzərə alınması istintaq olunan cinayət işi üzrə tam və doğru məlumatların əldə olunmasına imkan yaradır və cinayət əməlində yetkinlik yaşına çatmayan şəxsin rolunun obyektiv qiymətləndirilməsinə kömək edir.

Vüsal Məmmədov

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Psixoloji ekspertiza şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Oxşar xəbərlər