Vəkil: "Mülki icraat üzrə şahid institutu ləğv olunmalıdır"


  • 2 Aprel 16:01

Müasir dövrdə informasiya texnologiyaları sahəsində mövcud inkişaf və bu inkişafın cəmiyyətə qarşısıalınmaz təsiri müəyyən elm sahələrinin, o cümlədən hüququn nəinki inkişafına təsirsiz ötüşmür, hətta müəyyən müdaxilə etməklə yeni zəruri hesab oluna bilən istiqamətlərin meydana gəlməsinə əsas olur.

Məhz bu şəraitdə hüququn roman-german sisteminin müəyyən mənada anqlo-sakson sistemə doğru irəliləməsi, anqlo-sakson sistemin isə yeni, qarışıq və müasir bir sistem ardınca getməsi hüquqda müəyyən ənənəvi institutların sıradan çıxması ilə nəticələnir. Buna əyani misal kimi, zamanında roman-german hüquq sistemində andlı iclasçılar institunun mövcudluğunu və hazırda yoxa çıxması istiqamətində tamamlanma mərhələsinin getdiyini gizlədə bilmərik.

Son zamanlar, istər roman-german hüquq sisteminin mövcud olduğu ölkələr üzrə məhkəmə təcrübəsinə (məsələn, Türkiyə Respublikasının), eləcə də ölkəmizdə Ali Məhkəmə və Konstitusiya Məhkəməsinin müvafiq qərarlarına nəzər yetirsək görərik ki, ədalət mühakiməsi daha çox “sübutun etibarlılığı” sahəsində daha çox yazılı və görüntülü mövcudluğu üstünlük verir, bu sahədə informasiya texnologiyaları sisteminə arxalanır. Çünki informasiya texnologiyaları sisteminin həqiqliyinə şübhə mümkün deyildir, olsa belə, bu şübhə elə informasiya texnologiya sistemləri vasitəsilə aradan qalxmış olur, yəni sübutun həqiqiliyi müəyyən olunur. Lakin informasiya texnologiyaları sistemindən fərqli olaraq mülki icraat üzrə sübut hesab olunan şahidin verdiyi informasiyanın həqiqiliyinə həmişə şübhə mövcuddur (baxmayaraq ki, cinayət icraatı üzrə istintaq dövründə şahidin ifadəsinin həqiliyini məhz informasiya texnologiyaları vasitəsilə (yalan detektoru və sair) müəyyən etmək mümkündür, lakin burada da insan faktoru olduğu üçün bəzən bu həqiqiliyi müəyyən edən qurğu insan hisləri nəticəsində düzgün nəticəyə gəlməyə bilər), məhz bu şübhə olmasaydı o zaman qanun şahidə həqiqəti söyləyəcəyinə dair, bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyət daşıması barədə ona xəbərdarlıq edib ondan iltizam almazdı (maraqlı hal ondan ibarətdir ki, qanun cinayət icraatı üzrə şahid dindirilərkən ona and belə içirdir).

Həmçinin, məhkəmə təcrübəsinə istinad etsək şahidin verdiyi informasiyanın həqiqiliyini müəyyən etmək digər sübut növlərindən fərqli olaraq məhz hakimin üzərinə düşür ki, burada hakimin mövqeyi bütün hallarda əsaslı ola bilməz, çünki aşağı instansiya məhkəməsi hakiminin şahid ifadəsini əsaslı hesab etməsi halı işə baxan yuxarı instansiya məhkəməsi hakimi tərəfindən əsaslı hesab olunmaya bilər. Eyni zamanda işə baxan hakimin sübutun etibarlılığı mövzusunda daxili inamına əsaslanması proses iştirakçılarının izahatlarına görə tətbiq olunması daha məqsəmüvafiqdir, çünki baxılan mübahisənin həllində onların verdiyi informasiya daha əhəmiyyətlidir, nəinki prosesin digər iştirakçısı olan şahid ifadələri.

Bundan başqa məhkəmə təcrübəsi onu göstərir ki, bəzi hallarda baxılan mübahisə tərəfləri öz mövqelərinin əsaslılığına dair bir neçə şahidi ifadə vermək üçün məhkəməyə dəvət edirlər və onların ifadələri həqiqəti müəyyən etməkdən daha çox onu dəvət edən tərəfin mövqeyinin əsaslılığını sübuta yetirməyə hesablanmış olur ki, burada ifadənin baxılan mübahisəyə etibarlı sübut kimi əlavə edilməsi məsələsində işə baxan hakimin üzərinə böyük əziyyət düşür.

Hesab edirəm ki, günümüzdə hüququn inkişafı və bu inkişafa informasiya texologiyalarının təsirinin əhəmiyyəti nəzərə alınmaqla mülki icraat üzə şahid institunun ləğv olunmasına, xüsusilə şahid ifadələrinin sübutlar siyahından çıxarılmasına zərurət mövcuddur.

Paşa Səfərov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər