"Bir sıra hallarda qanunvericiliyin tətbiqi zamanı hakimlər diqqətsizliyə yol verir"


  • 29 Sentyabr 2022 10:00

Şirvan Apellyasiya Məhkəməsində “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən qanunvericiliyin tətbiqinin məhkəmə təcrübəsinə dair məsələlər üzrə apellyasiya məhkəməsinin kollegiya sədrlərinin və həmin apellyasiya məhkəməsinin ərazi yurisdiksiyasına aid olan Cəlilabad Rayon Məhkəməsinin sədri Cəbrayılov Vüsal Adil oğlu, Cəbrayıl Rayon Məhkəməsinin sədri Nüsrətov Tərlan Vaqif oğlu və Füzuli Rayon Məhkəməsinin sədri vəzifəsini müvəqqəti icra edən Həşimov Yaşar Xanoğlan oğlunun dinlənilməsi keçirilib.

E-huquq.az xəbər verir ki, iclası giriş sözü ilə Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayev açıb və gündəlikdə olan məsələlər barədə məlumat verib. İclasda çıxış edən birinci instansiya məhkəməsinin sədrləri 2022-ci ilin birinci yarısında həmin məhkəmələr tərəfindən baxılmış işlər üzrə statistik məlumatları səsləndirərək qəbul edilmiş yekun məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və dəyişdirilməsi səbəblərinin məhkəmədə mütəmadi olaraq təhlil və müzakirə olunduğunu, bundan sonra da işlərə baxılarkən yuxarı instansiya məhkəmələrinin tövsiyələrinin diqqətdə saxlanılacağını bildirib.

Daha sonra mülki və cinayət kollegiyalarının sədrləri tərəfindən həmin məhkəmələrdə baxılmış işlər üzrə qanunvericiliyin tələblərinə əsasən riayət edildiyini, bununla belə məhkəmə aktlarının apellyasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsinə əsas olmuş xarakterik nöqsanlara yol verildiyini, bir sıra hallarda isə qanunvericiliyin tətbiqi zamanı hakimlər tərəfindən diqqətsizliyə yol verildiyini bildiriblər.

Sədr Vəli Abdullayev iclası yekunlaşdıraraq keçirilmiş dinləmənin, aparılmış müzakirələrin ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması, vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından əhəmiyyətli olacağını diqqətə çatdırıb.

Oxşar xəbərlər