- 12:22
Bakıda 40 yaşlı kişi restorana qanunsuz daxil olaraq müxtəlif ərzaq məhsulları, spirtli içkilər və samovar oğurlayıb.
E-huquq.az-ın məlumatına görə, hadisə Nəsimi rayonunda, Hüseyn Seyidzadə küçəsində yerləşən “Ardıc” ailəvi restoranında baş verib.
1984-cü il təvəllüdlü Sərxan Əliyev (şərti ad-soyad) restorana qanunsuz daxil olaraq mətbəxdən ümumi dəyəri 1270 manat olan müxtəlif əşyalar və ərzaq məhsulları götürüb.
O, restorandan 600 manat dəyərində samovar, 7 kiloqram quzu əti, 5 kiloqram mal əti, 8 kiloqram kənd toyuğu, 2 kiloqram “Beluqa” balığı, hazır şişdə olan 4 kiloqram farş əti, 7 ədəd araq və 10 ədəd su oğurlayıb.
S.Əliyev oğurladığı məhsulları sellofan paketlərə yığaraq velosipedlə hadisə yerindən uzaqlaşıb. Sonradan ərzaq məhsulları və spirtli içkilərin bir qismini müxtəlif yerlərdə istifadə edib, bəzilərini isə küçədə yaşayan kimsəsiz şəxslərə verib.
Restorandan apardığı samovarı isə metal qəbulu məntəqəsinə 42 manat 50 qəpiyə satıb.
Faktla bağlı onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə cinayət işi başlanıb.
Məhkəmənin hökmü ilə Sərxan Əliyev 2 il müddətinə azadlıqdan məhrum edilib.
Şəbnəm Mehdizadə