- 14:40
Bakıda sərxoş vəziyyətdə avtobus dayanacağında yatan şəxsin cibindən 150 manat oğurlamaqda təqsirləndirilən Valeh İsmayılovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
E-huquq.az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində hakim Ceyhun Tağıyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs barəsində hökm elan edilib.
Məhkəmənin hökmü ilə V.smayılov Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama əsasən, hadisə Nəsimi rayonunda yerləşən avtobus dayanacağında baş verib. V.İsmayılov dayanacağın qarşısından keçərkən skamyada sərxoş vəziyyətdə yatmış N.Əliyevi görüb.
İstintaq materiallarına görə, o, kişinin vəziyyətindən istifadə edərək şalvarının cibindən pul kisəsini və orada ayrı şəkildə saxlanılan üç ədəd 50 manatlıq əskinası götürüb. Beləliklə, zərərçəkmişə ümumilikdə 150 manat maddi ziyan vurulub.
Məhkəmədə ifadə verən Valeh İsmayılov hadisənin təfərrüatlarını da danışıb. Onun sözlərinə görə, həmin gün Mehdabad qəsəbəsində müvəqqəti fəhlə kimi işlədiyi evdən çıxaraq yaşadığı evə getmək üçün avtobusla Nəsimi rayonundakı “3-cü dairə” adlanan əraziyə gəlib. Saat təxminən 19:00 radələrində dayanacağa çatanda skamyada 50-60 yaşlarında kişinin yatdığını görüb.
V.İsmayılov bildirib ki, əvvəlcə kişinin sağ olub-olmadığını yoxlamaq üçün ona yaxınlaşıb, burnuna əlini tutaraq nəfəs aldığını müəyyən edib. Daha sonra onu oyatmağa çalışıb. Bir müddət sonra həmin şəxs oyanaraq su istəyib. Təqsirləndirilən şəxs onun ağır sərxoş vəziyyətdə olduğunu anlayıb.
V.İsmayılov məhkəmədə etiraf edib ki, üzərində pul olmadığı üçün kişinin cibinə baxıb. Şalvarının sağ cibindən pul kisəsi və üç ədəd 50 manatlıq əskinas çıxarıb. Pul kisəsində pul olmadığını görərək onu yenidən həmin şəxsin cibinə qoyub, 150 manatı isə özündə saxlayıb. Daha sonra yaxınlıqdakı “AL Market” mağazasından həmin pulla 60 qəpiyə yarım litrlik su aldığını deyən V.İsmayılov geri qayıdıb. Bu zaman zərərçəkmiş şəxsin mobil telefonuna zəng gəlib. O, zəngə cavab verərək qarşı tərəfin zərərçəkmişin oğlu olduğunu öyrənib və atasının harada olduğunu bildirib. Zərərçəkmişin oğlu hadisə yerinə gəldikdən sonra telefonu ona qaytarıb və buna görə 10 manat təşəkkür pulu alıb. Lakin V.İsmayılov atasının cibindən götürdüyü 150 manat barədə həmin şəxsə heç nə deməyib.
Şəbnəm Mehdizadə