Məhkəmə avtobuslarda cibgirlik edən şəxslə bağlı qərar verdi


  • 11:44

Bakıda avtobuslarda cibgirlik etməkdə təqsirləndirilən Xalid Dadaşovun (şərti ad-soyad) cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

E-huquq.az-ın məlumatına görə, Nizami Rayon Məhkəməsində hakim İsa Maqsudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, X.Dadaşov Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.5-ci maddələri ilə təqsirli bilinib, ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onun Bakı Ağır Cinayətlər Məhkəməsinin daha öncəki hökmü ilə təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş 3 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanmaqla, 5 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, X.Dadaşov müxtəlif vaxtlarda Bakı şəhəri, Nizami rayonu, “Koroğlu” metrosunun yaxınlığında sərnişin avtobuslarında sərnişinlərin mobil telefonlarını oğurlayıb.

Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, məhkumluğu olduğu üçün heç bir iş yeri onu qəbul etmir, iş tapa bilmir. İş tapa bilmədiyi üçün və borclarını ödəyə bilmək üçün oğurluq edib. Oğurladığı telefonları satıb və pulları xərcləyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər