- 5 İyun 17:53
"İcraata daxil olmuş işlər üzrə hər bir halda "sübutetmə yükü" barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin qanuni nümayəndəsi və ya vəkilinin üzərinə deyil, məhz müvafiq rəsmiləşdirməni apararaq protokolu tərtib edən inzibati orqanın və onun vəzifəli şəxsinin üzərinə düşür".
Bunu e-huquq.az-ın sorğusuna cavabında Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, hakim Elmar Rəhimov inzibati xəta haqqında protokol tərtib edən orqanın nümayəndəsinin məhkəmədə iştirak etməməyinə münasibət bildirərkən deyib.
Hakim qeyd edib ki, inzibati protokolu tərtib edən səlahiyyətli şəxsin məhkəmədə iştirakı ilə bağlı məcburetmə vasitələri qanunvericilik tərəfindən məqsədəmüvafiq hesab edilməyib: "Əvvəlcə bildirim ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik və sair qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Məhkəmənin vəzifəsi isə hüquqi müstəvidə həqiqətə nail olmaqdır. Belə ki, çəkişmə prinsipi tərəflərə bərabər prosessual hüquq verir, onlar hüquq və mənafelərini müdafiə etmək üçün tam bərabər imkana malik olmalıdırlar. Bu imkanlar qanunla nəzərdə tutulur və məhkəmədə təmin edilir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi İnzibati Xətalar Məcəlləsindən ibarətdir ki, bu, Məcəllənin tələbləri baxımından da yalnız inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçıları işə baxılmasının vaxtı və yeri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar edilir, onlar işə baxılmasında və ya digər prosessual hərəkətlərin həyata keçirilməsində iştirak etmək məqsədilə rəsmi olaraq çağırılırlar. Məlumdur ki, inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçılarının dairəsi qanunvericiliklə dəqiq müəyyən edilmiş, burada maraqlı şəxs hesab edilən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, zərər çəkmiş şəxs, fiziki şəxsin qanuni nümayəndəsi, hüquqi şəxsin (qeyd: burada protokol tərtib edən orqan deyil, barəsində inzibati xəta haqqında iş üzrə icraat şəxsin) nümayəndəsi, habelə işdə marağı olmayan digər şəxslər: şahid, ekspert, mütəxəssis və qeyriləri nəzərdə tutulmuşdur. Göründüyü kimi, məhkəmələrdə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xətanı aşkar edən orqanın nümayəndəsinin məhkəmə icraatında iştirak etməsi, habelə onlara iclasın vaxtı və yeri barədə müvafiq məlumatın rəsmi olaraq təqdim edilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır".
Buna baxmayaraq E. Rəhimov hesab edir ki, inzibati orqanın səlahiyyətli nümayəndəsinin məhkəmədə iştirakı üçün mümkün tədbirlər görülməlidir: "Məhkəmə "ədalət mühakiməsi" anlayışı öz mənasını itirməsin deyə inzibati material üzrə işi həll edən və arqumentləri araşdıran passiv arbitr rolunu deyil, əksinə prosesin fəal iştirakçısı olaraq, faktları müəyyən etmək və aydınlaşdırmaq, prosesdə aktivlik nümayiş edərək həqiqəti üzə çıxartmaq məqsədilə ilkin araşdırmanı təmin edən orqanın səlahiyyətli nümayəndəsinin iştirakı ilə bağlı lazımı və ağlabatan mümkün tədbirləri görməlidir ki, hər bir tərəfə məhkəmədə çəkişmə prinsipinin şərtlərinə uyğun lazımı şarait yaradılsın və inzibati xəta haqqında işlər üzrə mümkün şübhələri təqsirsizlik prezumpsiyası daxilində barəsində icraat aparılan şəxsin xeyrinə həll edilməklə həqiqət müəyyən edilsin, cəmiyyətdə məhkəmələrə inamın artırılması və ədalət mühakiməsinə çatımlılığın asanlaşdırılması təmin olunsun".