Ceyhun Bayramov UNEP-in icraçı direktoru İnqer Andersonla görüşüb


  • 19:27

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnqer Anderson ilə görüşüb.

Bu barədə e-huquq.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüş zamanı Azərbaycan ilə UNEP arasında əməkdaşlıq gündəliyi, ətraf mühitin mühafizəsi, iqlim dəyişikliyi ilə mübarizə, biomüxtəlifliyin qorunması və dayanıqlı inkişaf məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın qlobal iqlim fəaliyyətinə verdiyi töhfələr, ölkəmizin ev sahibliyi etdiyi COP29 çərçivəsində əldə olunmuş nəticələr, habelə yaşıl enerji keçidi və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən təşəbbüslər barədə məlumat verib. UNEP rəhbəri İnqer Anderson Azərbaycanın iqlim gündəliyinin irəlilədilməsi, beynəlxalq əməkdaşlığın təşviqi və ətraf mühit sahəsində çoxtərəfli səylərə verdiyi töhfələri yüksək qiymətləndirib.

Tərəflər COP29 irsinin təşviqi, iqlim maliyyələşdirilməsi, dayanıqlı şəhərlər, tullantıların idarə olunması, su ehtiyatlarının qorunması və biomüxtəliflik sahələrində əməkdaşlıq imkanlarını müzakirə ediblər. UNEP ilə Azərbaycan arasında birgə layihələrin və praktiki əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüş zamanı həmçinin Azərbaycanın 2026-cı ildə Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsinin əhəmiyyəti qeyd olunub, bu çərçivədə qarşılıqlı fəaliyyət məsələləri nəzərdən keçirilib.

Nazir Ceyhun Bayramov işğal dövründə Azərbaycan ərazilərində ətraf mühitə vurulmuş ciddi zərər, o cümlədən meşələrin kütləvi şəkildə qırılması, təbii sərvətlərin qeyri-qanuni istismarı, su ehtiyatlarının çirkləndirilməsi və ekoloji tarazlığın pozulması barədə məlumat verib. Bununla yanaşı, mina təhdidinin insanların təhlükəsizliyinə, ətraf mühitə və bərpa-quruculuq prosesinə yaratdığı maneələr diqqətə çatdırılıb.

Nazir Ceyhun Bayramov Xəzər dənizinin səviyyəsinin azalması ilə bağlı narahatlığını ifadə edərək, bu prosesin regionun ekosisteminə, biomüxtəlifliyinə, sahilyanı ərazilərə və iqtisadi fəaliyyətə göstərdiyi mənfi təsirlərə diqqət çəkib. O, sözügedən problemin həlli istiqamətində regional və beynəlxalq əməkdaşlığın gücləndirilməsinin, elmi əsaslı yanaşmaların tətbiqinin və birgə səylərin əhəmiyyətini vurğulayıb. UNEP tərəfindən hazırlanmış "Xəzər dənizi səviyyəsinin tərəddüdləri və iqlim dəyişmələri" adlı hesabatın faydaları qeyd olunub.

Tərəflər qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Oxşar xəbərlər