Məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən şəxs: "Qoy içəridə hamı onu üzdəniraq kimi tanısın" - FOTO


  • 10 İyul 17:27

Cəzaçəkmə müəssisəsində öz məhkum yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Azər Şalıyevin məhkəməsi davam etdirilib.

E-huquq.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində - hazırda məhkum həyatı yaşayan Taleh İsmayılov ifadə verib.

O bildirib ki, cəzaçəkmə müəssisəsinin anbarında işçi kimi çalışırmış: "Orda olan zaman Azər mənə yaxınlaşaraq bildirdi ki, Şəhriyarla şəxsi söhbəti var və ona otaqda təklikdə söhbət etmək üçün şərait yaradım. Mən də çölə çıxdım. Mən hadisənin real şahidi olmamışam. Birdən gördüm ki, Şəhriyar boğazını tutub qaçdı və nəzarətçilər gələrək Azəri apardılar. Əslində mənim bu işdə zərərçəkmiş sayılan Şəhriyar Baxşəliyevdən xoşum gəlmir. O, mənə içəridə çox pisliklər edib. Zonda hamının zəhləsi gedirdi. Məndə olan məlumata görə, Şəhriyar ayıb hərəkət sayılan - Azərin şəxsi kitabçasına və ailə şəkillərinə baxıbmış. Məhz buna görə axır onu cəzalandırıb".

Daha sonra ifadə verən Azər Şalıyev bildirib ki, zərərçəkmişi öldürmək deyil, bu yalnış hərəkətinə görə cəzalandırmaq istəyib: "Zonda bir kimsənin şəxsi əşyasına, ailə şəkillərinə və telefon kitabçasına baxmaq çox eyib hal sayılır. Mən onun üzünə ona görə "şram" atdım ki, qoy içəridə hər kəs onu üzdəniraq adam kimi tanısın".

Məhkəmənin növbəti iclası iyulun 30-na təyin edilib.

Qeyd edək ki, hər iki şəxs eyni - Pentensiar xidmətin 12 saylı cəzaçəkmə müəssisəsində məhkumluq həyatı yaşayıb. Azər Şalıyev aralarında yaranan mübahisə zamanı Şəhriyar Baxışəliyevin boğazına ülgüclə ağır xəsarət yetirib. Hadisəyə səbəb kimi Azərin Şəhriyarın şəxsi dəftərinə baxması olduğu bildirilir.

Azər Şalıyevə qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Məlumat üçün bildirək ki, hər iki şəxsin cəzasının bitməsinə 3 il qalmışdı. Belə ki, Azər Şalıyev 10 il əvvəl quldurluq, xuliqanlıq və narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə Bakı Ağır Cinayətlər Məhkəməsində verilən hökmə əsasən, 13 il müddətinə azadlıqdan məhrum edilib, Şəhriyar isə qəsdən adam öldürmə maddəsi ilə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 13 il müddətinə azadlıqdan məhrum edilib.

Orxan Rasifoğlu

Oxşar xəbərlər