Məhkəməyə aid olmayan mübahisəni aşkar edən hakimin addımları dəqiqləşdirilir


  • 14:04

Hakim mübahisənin məhkəməyə aidiyyəti olmamasını özü aşkar etdikdə iddia ərizəsini geri qaytara biləcək.

E-huquq.az xəbər verir ki, bununla bağlş Mülki Prosessual Məcəlləyə dəyişiklik təklif edilir.

Layihə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Sənəddə qeyd olunub ki, hakim mübahisənin məhkəməyə aid olmadığını aşkar etdikdə aşağıdakı addımlardan birini atacaq:

- iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi zamanı aşkar etdikdə iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edir və ya iddia ərizəsini (ərizəni) geri qaytarır;

- işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər aşkar etdikdə - işi aidiyyəti məhkəməyə göndərir və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı olmayan işlər üzrə icraata xitam verir.

Layihədə vurğulanıb ki, məhkəmə baxışı zamanı hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyətinin pozulması əsası ilə işi aidiyyəti üzrə göndərməsi və ya iş üzrə icraata xitam verməsi yolverilməzdir.

Məhkəmə baxışı zamanı məhkəmə aidiyyəti barədə ərizənin təqdim edilməsinə o halda yol verilir ki, işdə iştirak edən şəxs işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat zamanı bu Məcəllənin 284-5.2-ci maddəsi ilə müəyyən edilmiş müddətdə ərizənin təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

Sənədə görə, işdə iştirak edən şəxsin məhkəmə aidiyyəti barədə ərizəsi olduqda və ya hakimin öz təşəbbüsü ilə məhkəmə aidiyyəti haqqında məsələ qalxdıqda, hakim iddia ərizəsinin (ərizənin) qəbulundan imtina edilməsi, iddia ərizəsinin (ərizənin) geri qaytarılması, iş üzrə icraata xitam verilməsi, işin aidiyyəti üzrə göndərilməsi və ya aidiyyət haqqında (aidiyyətlə əlaqədar xitam haqqında) ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır.

mənbə: Report

Oxşar xəbərlər