Vəkillik peşəsinin qısa tarixi


  • 18:21

Hər bir mədəniyyətin müəyyən bir başlanğıcı mövcuddur; bu adi bir hadisə, yaxud cəmiyyət üçün olduqca mühüm bir dəyişiklik kimi tarixə keçə bilər. Əsas olan baş vermiş bu dəyişiklikdə yaranacaq yeni bir mərhələnin - mədəniyyətin ilkin rüşeyimlərini olduğu kimi aşkara çıxartmaqdır. Doğrudur rüşeyimin aşkara çıxarılması hələ onun inkişafı deyil və bunun üçün bəşər övladını uzun və zəhmətli bir yol gözləyir, lakin biz hələ bu rüşeyimi kəşf etmək və diqqətə çatdırmaqla kifayətlənmək niyyətindəyik. Tarix insanlar tərəfindən insanlar üçün yaradılmışdı. Bu yaradılma kimin və ya nəyin haqlı, yaxud haqsız olması barədə zaman–zaman aparılmış mübahisələrdən yetərli bir nəticə çıxarda bilməsə də, baş verən hər bir hadisə tarix kitabının toza qərq olunmuş səhifələrində itib batmamışdır.

Bəzən insanların diqqətindən kənar, bəzən də unudulmuş bir şəkildə sükuta uğrasalar da, əslində onlar mövcuddurlar və vaxtı çatanda insan adlandırılan canlı bu tozlu səhifəni götürüb öz müdafiəsini qurmaq hüququndan istifadə imkanını əldən verməyəcəkdir. Odur ki, məhkəmələrdə tarixin
sübut kimi təqdim edilməsi zamanı əksər hallarda şüurlar günahlandırılır. Çünki bu şüurlardan yaranan baxışlar fərqli olur, bu günkü insanın şüurundan belə fərqli. Ən başlıcası isə, bu fərqlilikdə bəzən insan hüquq və azadlıqlarının təminatı müəyyən dəyərlər qarşısında aciz vəziyyətdə qalır. İndi tarix kitabının tozlu səhifələrində öz mövcudluğunu qoruyan, lakin vəkillik mədəniyyətinin formalaşmasında xüsusi rola malik olan bir neçə hadisəni yenidən canlandırmaqla vəkillik institutunun keçmişinə, eləcə də insan hüquq və azadlıqlarının müdafiəsinin hansı yollardan keçərək bu günə gəlib çatmasına şahidlik edəcəyik.

Bu günkü hüquqi dövlət siyasətinin formalaşmasında xüsusi əhəmiyyətə malik olan Qədim Roma hüququnun öz səlahiyyət genişliyilə dünyaya hökmüranlıq etdiyi bir vaxtda, yəni bizim eramızdan əvvəl, 42–ci ildə Romada tarixə öz damğasını “Hortensiya hadisəsi” adı altında həkk etmiş bir hadisə baş verdi. Bu hadisə Qədim Romada qadın vəkilliyinin başlanğıcı kimi tanınmaqla mühüm dönüş nöqtəsi sayılır. Hadisənin mahiyyətinə gəlincə, dövlətin iqtisadi gücünün zəiflədiyi bir zamanda varlı romalı qadınlardan vergi alınması ilə bağlı yeni qanun qəbul edildi. Bu qanun Romanın varlı qadınlarının heç xoşuna gəlmədi və onlar bu qanunun ləğvi üçün hüquqi prosedurlara başlamaq niyyətinə düşdülər. Lakin öz hüquqlarını müdafiə edən qadınlar vəkil kimi kişi deyil, qadın seçmək qərarına gəldilər. Beləcə yaranmış mübahisəni aradan qaldırmaq üçün məşhur romalı hüquqşünas (vəkil) və natiq Kvint Hortensius Hortalusun (e.ə. 114 - 50) qızı Hortensiya (e.ə. 70-ci illər – 40-cı illər) vəkil olmasa da, qadınların hüquqlarını müdafiə edən səlahiyyətli şəxs (natiq) təyin olundu (nəzərə alınmalıdır ki, həmin dövrdə peşəkar vəkilliklə məşğul olmaq qadınlara qadağan deyildi, lakin vəkillik peşəsi ilə yalnız kişilər məşğul olurdular və yalnız vəkilliklə
məşğul olan şəxs rəsmi “advocatus” statusu daşıya bilirdi).

O, İkinci Triumviratın (Oktavian (Gaius Julius Caesar Octavianus (e.ə. 63 - b.e. 14) – Roma İmperiyasının ilk imperatoru), Antoni (Marcus Antonius (e.ə. 83 – e.ə. 30) – Roma natiqi və hərbi lideri.), Lepid (Marcus Aemilius Lepidus (e.ə. 89 – e.ə. 13) – Roma zədaganı.)) qarşısında varlı romalı qadınlara qarşı tətbiq edilən ədalətsiz vergi qərarına etiraz edərək ictimai müdafiə nitqi ilə çıxış etdi. Bu çıxış qadınların hüquqlarını birbaşa siyasi-hüquqi tribunadan müdafiə edən ilk çıxış idi və qadınların məhkəmə və qanunvericilik prosesində söz sahibi ola biləcəyini əyani sübut etdi. Müzakirə zamanı Hortensiyanın çıxışı və hüquqi arqumentləri o qədər güclü oldu ki, nəticədə vergi tədbiri qismən yumşaldılaraq, qadınların yalnız məhdud bir qrupuna tətbiq edildi. Bu hadisədən sonra Roma hakimiyyəti qadın hüquqi müdafiəsini ilk dəfə real olaraq qəbul etməli olsa da, tezliklə hakimiyyət qadınların məhkəmədə ictimai çıxışlarını (peşəkar vəkillər istisna olmaqla) faktiki olaraq qadağan etdi.

Nəticədə Roma hüquq mənbələrində (xüsusən Ulpian, Paulus) belə yanaşma formalaşdı ki, qadınların ictimai vəkillik etməsi (postulare pro aliis) uyğun deyil, yalnız öz işləri üzrə məhkəmədə çıxış edə bilərlər. Daha sonra belə bir yanaşma Justinian Digestalarında da əksini tapdı və klassik Roma hüququnda norma halını aldı. Bu hadisədən xeyli sonra tarixdə “Valladolid mübahisəsi” (1550–1551) adlı bir hadisə baş verdi. Belə ki, XVI əsrdə insanları yeni dünya kəşfləri daha çox maraqlandırırdı, doğrudur, bunun mənbəyi insan hissiyatından daha çox maddi gəlirə hesablansa da, insanlar üçün bir özəlliyi də mövcud idi. İnsanların yeni dünya kəşfləri ilə mübarizə apardığı bir dövrdə Amerikanın kəşfi və yerli xalq nümayəndələrinin aşkar edilməsi dövrü üçün olduqca maraqlı və eyni zamanda mübahisəli bir vəziyyət yaratdı. Məhz bu səfərlər nəticəsində İspaniya hökümətinin razılığı ilə səyyahlar yerli xalq nümayəndələrini nümayiş üçün ölkəyə gətirmişdirlər. Bu nümayəndələr Avropanın mövcud insan tipindən tamam fərqlənirdi; davranışdan tutmuş fiziki göstəricilərə qədər. Odur ki, yad davranış nümayiş etdirən bu canlıların Avropada yaşayan insanlarla eyni təbəqədən olması nə yazıq ki, yerli əhalini narahat etməyə başladı. Nəticədə 1550–1551–ci illərdə İspaniyanın Valladolid şəhərində, kral V Karlın (1500-1558) göstərişi ilə bir məhkəmə təşkil edildi ki, bu məhkəmə tarixdə daha çox “Valladolid mübahisəsi” kimi yaddaşda qaldı. Məhkəmə mübahisəsinin mövzusu İspaniyanın Amerika qitəsində apardığı fəthlər zamanı əsir götürülmüş yerli xalq nümayəndələrinin insan sayılıb–sayılmamasından ibarət idi. Yerli xalq nümayəndələrini Dominikan keşişi, humanist və hüquq–fəlsəfi düşüncə adamı Bartolome de las Casas (1484-1566) müdafiə etməyi (Tarixi mənbələrdə din xadimlərinin (yepiskop, keşiş və s.) məhkəmələrdə insanları müdafiə etməsi faktları mövcud olsa da, “Valladolid mübahisəsi” işində keşiş Bartolome de las Casasın müdafiəsi müəyyən özəlliklərə görə xüsusi olaraq vurğulanır.) üzərinə götürmüşdü. O yerli xalq nümayəndələrinin tam hüquqlu, digər insanlarla eyni hüquqa malik insan olduğunu müdafiə edirdi. Höküməti isə hüquqşünas Juan Gines de Sepulveda (1490-1573) təmsil edirdi və o, yerli xalq nümayəndələrini “təbiətən kölə” hesab edir, onlara qarşı zor tətbiqini “sivilizasiya naminə” əsaslandırırdı. Məhkəmə araşdırmasının əsas mövzusu - yerli xalq nümayəndələrinin insan sayılması, onlara qarşı zor tətbiqinin qanuni olması, “sivilizasiya” və “xristianlaşdırma”nın zorla aparıla bilməsi, eləcə də dövlətin və imperiyanın əxlaqi hədlərinin olmasından ibarət idi.

Bartolome de las Casasın mövqeyinə görə, yerli xalq nümayəndələri ağıl və iradə sahibidirlər, onlar təbiətcə, eləcə də hüquqa görə azaddırlar, zorakılıq ilahi və təbii hüquqa ziddir, hər hansı bir inanc insana zorla qəbul etdirilə bilməz. Əks mövqenin təmsilçisi Juan Gines de Sepulvedanın mövqeyi isə Aristotelin “təbiətən köləlik” nəzəriyyəsinə (Aristotelin “təbiətən köləlik” (physei doulos) nəzəriyyəsi onun “Siyasət” adlı əsərində diqqətə çatdırılmışdır. Nəzəriyyənin mahiyyəti ondan ibarətdir ki, təbiət qanunları və cəmiyyət maraqlarına görə bəzi insanlar azad, bəziləri isə kölədir. Kölə insanlara ağlı başqalarının göstərişi ilə çalışan, düşünməkdən daha çox tapşırıqları icra etməyi üstün tutan, fiziki əmək üçün daha çox yararlı olan, həmçinin öz həyatını idarə etmək qabiliyyəti zəif olan fərdlər aiddir) əsaslanırdı, zorakılığı “mədəniyyət gətirmə” vasitəsi kimi görmək, müharibəni və zorakılığı qanuniləşdirməyə çalışmaqdan ibarət idi. Məhkəmə işi XVI əsrdə İspaniya və ümumilikdə hüquq və siyasi fəlsəfə tarixində ilk böyük insan hüquqları debatı kimi qiymətləndirilir. Məhkəmə araşdırmasının sonunda rəsmi qalib elan edilmədi (nə qədər qəribə olsa da yerli xalq nümayəndələri insan sayılmadı, yəni Bartolome de las Casasın mövqeyi öz təsdiqini tapmadı), lakin qəbul edilən qərarın Kral hakimiyyəti siyasətinə uyğun olması diqqət çəkirdi. Buna baxmayaraq Bartolome de las Casasın mübarizəsi və mövqeyi İspaniyada Yeni Qanunların (1542) qəbuluna təsir göstərdi, həmçinin köləlik və zorakılığın hüquqi əsaslarını kifayət qədər zəiflətməyi bacardı.

Bu hadisədən təxminən üç əsr sonra Amerika qitəsində dövrü üçün olduqca maraqlı, hüquq tarixində isə insan hüquq və azadlıqlarının təminatı ilə bağlı təəssüf doğuran bir hadisə baş verdi. Bu hadisə tarixdə daha çox “Dred Scott v. Sandford” (1857) adı ilə tanınmışdır. “Dred Scott v. Sandford” işi Amerika Birləşmiş Ştatları tarixində ən məşhur və qalmaqallı məhkəmə işlərindən biri olaraq irqi ayrı–seçkilik, köləlik və insan hüquqları baxımından hüququn necə ədalətsizliyə xidmət edə bildiyini açıq şəkildə göstərirdi. Mübahisəyə gəlincə, Dred Skott (1799-1858) afroamerikalı kölə idi. Onun sahibi müvəqqəti yaşayış üçün Skottu köləliyin qanunla qadağan edildiyi azad ştat olan İllinoys ştatının Viskonsin ərazisinə aparmışdı. O dövrdə belə bir hüquqi prinsip mövcud idi ki, kölə azad ərazidə uzun müddət yaşayırsa, azad sayılır. Bu əsasla Dred Skott öz sahibindən azadlığını tələb etsə də, sahibi bununla razılaşmadı. Nəticədə Dred Skott qanuni azadlıq tələb edərək məhkəməyə müraciət etdi. Məhkəmədə Dred Skottu vəkillər Montgomery Blair (1813 - 1883) və George Ticknor Curtis (1812 - 1894) müdafiə edərək Dred Scottun faktiki olaraq azad ərazilərdə yaşadığı Robbins Curtis (1809 - 1874) və John McLean (1785 - 1861) üçün azad status qazandığını və bu səbəbdən federal məhkəmədə iddia qaldırmaq hüququnun mövcudluğunu diqqətə çatdırdılar. Məhkəmə işi Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsinə qədər yüksəldi və 1857- ci ildə məhkəmə qərarını baş hakim Roger B. Taney (1777-1864) tərəfindən elan edildi. Qərara əsasən, məhkəmə belə bir nəticəyə gəldi ki, Afrika mənşəli şəxslər Amerika Birləşmiş Ştatları vətəndaşı deyillər və buna görə məhkəməyə müraciət etmək hüquqları yoxdur. Həmçinin, kölələr əmlak hesab olunur və sahib onları istədiyi əraziyə apara bilər. Hətta məhkəmə daha da irəli gedərək “Missuri Kompromisi”ni Amerika Birləşmiş Ştatlarının 1787-ci ildə qəbul olunmuş ali qanunu sayılan Konstitusiyaya zidd hesab etdi, yəni Konqresin köləliyi ərazilərdə qadağan etməyə səlahiyyəti yoxdur. Məhkəmə qərarı Amerika Birləşmiş Ştatlarında geniş müzakirə mövzusuna çevrilmiş, dövlət və cəmiyyətin müxtəlif təbəqələrində müəyyən fikir ayrılıqlarına səbəb olmuşdur.

Qeyd edilməlidir ki, fikir ayrılığı qərarı qəbul edən məhkəmə hakimləri arasında da baş yaranmış Ali Məhkəmənin doqquz hakimindən ikisi - Benjamin qərara etiraz etmişlər. Hətta hakim Benjamin Robbins Curtis qərara etiraz etməklə kifayətlənməyərək vəzifəsindən imtina etməsi barədə müraciət etmiş və Dred Skott qərarına etiraz edərək istefa verən yeganə Ali Məhkəmə hakimi kimi tarixə düşmüşdür. Məhkəmənin sözügedən qərarı hüquqi və sosial münasibətləri dəqiqləşdirərək köləliyi federal səviyyədə legitimləşdirdi, Şimal və Cənub arasında gərginliyi artırdı, nəticədə Amerika Birləşmiş Ştatlarında Vətəndaş müharibəsinə (1861–1865) aparan prosesləri sürətləndirdi. Eyni zamanda Vətəndaş müharibəsindən sonra Amerika Birləşmiş Ştatları Konstitusiyasına mühüm əhəmiyyətli düzəlişlər kimi tarixə düşən – köləliyin ləğvi ilə bağlı 13-cü düzəlişin (6 dekabr 1865-ci il), vətəndaşlıq hüququnun tanınması və bərabər hüquqlar haqqında 14-cü düzəlişin (9 iyul 1868-ci il) və irqi mənsubiyyətə görə seçki hüququnun məhdudlaşdırılmasının qadağan edilməsi haqqında 15-ci düzəlişin (3 fevral 1870-ci il) qəbul edilməsində mühüm əhəmiyyətli təsirini göstərmiş oldu.

Əslində Dred Skott işi göstərdi ki, fəlsəfi və sosial baxımdan qanun ədalətdən ayrıldıqda, hüquq zülm alətinə çevrilə bilər, həmçinin məhkəmə formaca qanuni, məzmunca insan ləyaqətinə zidd qərar qəbul edə bilər. Məhz vəkillik mədəniyyəti baxımından Dred Skottun vəkilləri bütün hüquqi maneələrə baxmayaraq sonadək müdafiə aparmışdılar. Bu hərəkət əyani olaraq sübut etdi ki, vəkilin rolu təkcə qalib gəlmək deyil, tarix qarşısında ədaləti müdafiə etməkdir. Tarix qarşısında ədaləti müdafiə edən şəxslər isə tarix yazmaqla özlərini tarixə çevirməyi bacaranlardır. Xatırladığımız hər üç hadisənin baş verməsində müəyyən pay əldə etmək hüququna malik olan vəkillik mədəniyyəti özünün daha uzaq keçmişinə, hələ bu mədəniyyətin ilk rüşeyimlərinin meydana çıxan zamana səyahət etmək və müvafiq araşdırma aparmaq hazırkı mövzunun müsbət cəhətlərindən biri hesab oluna bilər.

Paşa Səfərov

Vəkillərin İntizam Komissiyasının üzvü,

Vəkillərin Deontologiya Komitəsinin sədri

Oxşar xəbərlər